Dönə-dönə təkrarlanan Azərbaycan nidası

Onun yaradıcılığında azadlıq, mübarizə əzmi duyulan çox misralar var, ancaq təkcə “Çırpınırdı Qara dəniz” şeiri belə yetərli olardı türk ədəbiyyatı və tarixində əbədiləşmək hüququnu qazansın Əhməd Cavad.

791639
Dönə-dönə təkrarlanan Azərbaycan nidası

  Türk ellərini dolaşaraq bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədası olan, sevimli “Çirpinirdi Qara dəniz” mahnısının müəllifi, Cümhuriyyət şairi Əhməd Cavad.

   Bu günümüzdən yüzillik bir məsafədə, əsrin o başında çırpınan bir Vətən şairi, fədakar aydın idi Əhməd Cavad.

  1912-ci ildə hələ 20 yaşındaykən Osmanlı-türk ordusunda döyüşmək üçün İstanbulda yaranmış Qafqaz Könüllüləri Birliyinə yazılır və türk ordusuna qatılır. Birinci Dünya Müharibəsi dövründə Bakıda fəaliyyət göstərən Azərbaycan Xeyriyyə Cəmiyyətinin xəttilə Türkiyənin Şərq əyalətlərinə yardıma gedən Əhməd Cavad işgal altında olan bölgələrdə - Qars və Ərdəhanda dəfələrlə olur. Türk əsgərinin igidliyini, mübarizliyini görür, vəsf edir.

   Azərbaycanın bu fədakar şairi haqda Şeyx Zamanlı xatirələrində yazır: ”Onunla Qafqazda olan Türkiyənin əsir əsgərlərini tez-tez ziyarət edir, onlara kitablar, qəzetlər aparırdıq. Əsirlərin ən çox sevdiyi şair idi Əhməd Cavad ”.

  Azərbaycanda Demokratik Respublika qurulan zaman Bakının xilasına gələn türk əsgərinə - “müqədddəs mehmetcik”ə qoyulan abidə önündə

                Sənin qovduqların yabancı xanlar.

                Qurtardı ölkəni tökdüyün qanlar.

                Bax, nasıl öpmədə tozlar, dumanlar,

                Qərib məzarını mənlə bərabər!

misralarını yazan və bütün bunların haqqını canıyla ödəyən bir şair oldu Əhməd Cavad!

  Onun yaradıcılığında azadlıq, mübarizə əzmi duyulan çox misralar var, ancaq təkcə “Çırpınırdı Qara dəniz” şeiri belə yetərli olardı türk ədəbiyyatı və tarixində əbədiləşmək hüququnu qazansın Əhməd Cavad.

  Bu əsərin yazılma səbəbi və tarixi də maraqlıdır. Türkiyənin tanınmış alimi, professor Saim Sakaoğlu “Atatürk və milli kültürümüz” məqaləsində yazir: ”Birinci Dünya Müharibəsi illərində admiral Rauf Orbay komandasındakı Həmidiyyə kreyserinin Osmanlı donanmasını məhv etmək üçün Odessada gözləyən “Kazbek”i məhv edib batırması münasibətilə müəllim Əhməd Cavad şeir yazdı, Üzeyir Hacıbəyli də sözlərinə musiqi bəstələdi. Bu əsəri Atatürk 1926-cı ildə Qars səfəri zamanı böyük bir zövqlə dinlədi, əsərin musiqisindən və sözlərindən çox təsirlənərək ifaçıları təbrik etdi.”

  Əhməd Cavad bu illərdə doğma Vətəni qədər odlu məhəbbətlə sevdiyi Türkiyənin hər zaman yanında olmuş, onun keçirdiyi sarsıntıların şahidi olaraq qazandığı hər qələbənin sevincini fəxarət hissi ilə yaşamışdır:

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
Ah edərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına!

Sırmalar saç, gəl, yoluna,
İncilər tök sağ-soluna,
Vəfalı Türk gəldi deyə,
Yol ver Türkün bayrağına!

«Həmidiyyə», o türk qanı,
Heç vaxt bitməz onun şanı,
«Kazbek» oldu ilk qurbanı,
Əyil Türkün bayrağına!

   70 il sovet dövründə bütün qütb və cinahlardan edilən təzyiqlərə dözdü Əhməd Cavad və Üzeyir Hacibəyli ilhamının istiqlal ruhlu bu övladı. Ona görə dözdü ki, xeyirin şərdən, ağın qaradan seçildiyi məkana dönüşün olduğuna inandı bu nəğmə. Bu günü gözlədi: bütün türk dünyasının sevimlisinə çevriləcəyi bu günü gözlədi “Çırpınırdı Qara dəniz”.

                Gül rəngində bir yarpağın

                Ortasında var bir hilal.

                Ey al bayraq, sənin rəngin,

                Söylə, neyçün böylə al?

                Ey sevimli bayrağımın

                O dalğalı duruşu.

                Sandım salam rəsmi sənə

                Buludların yürüşü.

  Cümhuriyyət dövrünün ən parlaq şairi, Azərbaycan məmləkətinin azadlıq nəğməkarıdır Əhməd Cavad. Üçrəngli bayrağımız onun şeriyyətində tərənnüm olundu, Üçrəngli Poeziya Əhməd Cavad qələmilə bədii yaddaşa həkk olundu. Adı çəkilən kimi dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz səslənir xəyalımızda. Qüdrətli bəstəsi və sözləri ilə hər bir Azərbaycan övladının qanını coşduran himnimizi dinləyərkən adama elə gəlir ki, bu sözlər adi qələmlə deyil, şair ürəyinin qanı ilə yazılıb.

                                Azərbaycan, Azərbaycan!

                                Ey qəhrəman övladın şanlı Vətəni!

                                Səndən ötrü can verməyə cümlə hazırız!

                                Səndən ötrü qan tökməyə cümlə qadiriz!

                                Üçrəngli bayrağınla məsud yaşa!

  Qəlbimizin sevinci, soydaşlarımızın birliyi, qürurumuzdur dönə-dönə təkrarlanan Azərbaycan nidası! Çox gözəl ifadə edilib:

                Minlərlə can qurban oldu,

               Sinən hərbə meydan oldu.

  Bəli, artıq neçə illərdir ki, bu meydanın sahibiyik. Neçə illərdir ki, işğal olunmuş torpaqlarımızın həsrətindəyik. Amma inanırıq ki, düşmənin məğlub günü çox da uzaqda deyil. Üçrəngli bayrağı Qarabağdan asacağımız günə az qalıb. Bax, onda ruhu dincələr

                    Fırtınalar dursun yana,

                    Yol ver Türkün bayragına, - deyən Əhməd Cavadın, Üzeyir Hacıbəylinin.

  Babaları Cənubi Azərbaycandan olan Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci il may ayının 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd Cavad ilk təhsilini mollaxanada alıb. Sonra ailə Gəncəyə köçüb və o, buradakı ruhani gimnaziyasında oxuyub. Hələ seminariyada oxuduğu illərdən şeir yazıb. 1912-ci ildə müəllimlik şəhadətnaməsi alaraq əmək fəaliyyətinə başlayıb. Həmin dövrdə Azərbaycanda erməni daşnaklarının törətdiyi iğtişaşlardan insanlar min bir əzaba düçar olurdu. Gəncliyi mürəkkəb bir dövrə təsadüf edən bu illərdə daşnaklar Ərzurum, Qars, Batumda qətllər törədirdilər. Belə mürəkkəb bir zamanda xeyriyyə məqsədilə tez-tez bu bölgələrdə olan Əhməd Cavad Batumda gələcək həyat yoldaşı Şükriyyə xanımla rastlaşır. Şükriyyə Batum zadəganlarından olan Süleyman bəyin qızı idi. Tale elə gətirir ki, Əhməd Cavad Şükriyyəni Gəncəyə qaçırmalı olur.

  Hüseyn Cavid, Yüsif Vəzir Çəmənzəminli, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mikayıl Müşfiq və neçə-neçə dəyərli Vətən övladının ömrünə balta çalan repressiyanın qurbanlarından biri də Əhməd Cavad olur.

  Zülmə qarşı üsyankaram,

  Əzilsəm də, susmaram, - deyən şair 1937-ci il oktyabrın 12-də güllələnib.

  45 yaşlı nakam şairin ailə üzvlərinin taleyi isə daha faciəli olub. Şükriyyə xanım “Vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilib, sürgün həyatı yaşayıb. 7 ildən sonra sürgündən azad edilən Şükriyyə xanıma Bakıda yaşamaq yasaq olunub. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alıb.

            Bir gülşən dərmişəm gənclik bağından.

            Bir gülü, çiçəyi dərmərəm sənsiz.

            Kam aldım ömrümün oğlan çağından.

            Bir bağa, bağçaya girmərəm sənsiz.

  Əhməd Cavadın Şükriyyəyə olan dərin sevgisindən doğan bu sözləri indi sevənlərin dilindən düşmür. Arzusunda oldugu Azadlığa qovuşmuş, Azərbaycan diyarının hər yerindən Əhməd Cavad ürəyindən doğulmuş bu misralar Üzeyir musiqisinə qoşularaq qanad çalmaqdadır.

  Əsərləriylə, yaşam mücadiləsiylə ömrünü türk millətinə, onun azadlıq ideallarına fəda etmiş böyük istiqlal şairi Əhməd Cavad hələ yaşayır aramızda.

                             İpə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr