Yeni Dövrdə Yeni Əməkdaşlıqlar

Türkiyə şimalda Rusiya, cənubda Orta Şərq, qərbdə Avropa və şərqdə Asiya ilə  əhatə olunmuş bir ölkə kimi bütün bu mədəniyyətlərin, iqtisadiyyatların və nəqliyyat güzərgahlarının mərkəzində yerləşir.

736181
Yeni Dövrdə Yeni Əməkdaşlıqlar

16 aprel referendumundan çıxan 'hə' qərarı ilə Türkiyə sürətli dəyişiklik prosesinə qədəm qoydu. Daxili siyasətin zəngin gündəmi səbəbindən  səfərlərinə ara verən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayında xarici ölkələrə bir sıra səfərləri gözlənilir. Hindistan ilə başlayan səfər proqramının Rusiya, Çin və ABŞ ilə davam etməsi nəzərdə tutulub. Prezident Ərdoğanın həyata keçirəcəyi bu səfərlər ilə daxili siyasətində yeni bir sistemə keçid prosesində olan Türkiyə xarici siyasətdə də yeni bir dövrün astanasına gəlir.

 Dünyanın ən böyük iqtisadiyyatları arasında yer alan bu ölkələrə səfərlər, beynəlxalq ticarətin əhəmiyyətli qüvvələri ilə yaxın təmasların qurulmasını təmin edəcək.

 Türkiyə şimalda Rusiya, cənubda Orta Şərq, qərbdə Avropa və şərqdə Asiya ilə  əhatə olunmuş bir ölkə kimi bütün bu mədəniyyətlərin, iqtisadiyyatların və nəqliyyat güzərgahlarının mərkəzində yerləşir.

Son illərdə həyata keçirdiyi həmlələrlə coğrafi mövqeyinin yaratdığı fürsətləri üstünlüyə çevirməyə çalışan Türkiyənin  mərkəz mövqeyindən ən optimal şəkildə istifadə edərək Rusiya, Çin, Hindistan kimi ölkələrlə intensiv iqtisadi əlaqələr yaratması xüsusi əhəmiyyət kəsb edir.

İlk səfərin həyata keçirildiyi Hindistan dünyanın ən böyük yeddinci iqtisadiyyatı mövqeyindədir və beynəlxalq ticarətin aparıcı ölkələrindən biridir. İqtisadi əməkdaşlığın, ticari əlaqələrin və investisiyaların artırılması iki ölkə münasibətlərinin uzun müddət etibarlı bir şəkildə davam etməsi üçün həyati əhəmiyyət daşıyır.

 Bu gün ölkələrin xarici ticarətində ciddi potensiala malik olan yerli valyutalar Türkiyə-Hindistan ticarət əlaqələrinin də gündəliyində olan bir məsələdir. Beynəlxalq ticarətdə yerli valyutalarla ticarət həcminin artırılması və Türkiyə-Hindistan arasında həyata keçiriləcək olan ticari əməliyyatlarda yerli valyutadan istifadə iqtisadiyyatda yeni tənasüblərin yaranmasına səbəb ola bilər.

 İki ölkə arasında qarşıya çıxan məsələlərdən biri də BMT Təhlükəsizlik Şurasının strukturunun yenidən qurulmasıdir. Prezident Ərdoğanın 1 milyard 700 milyon əhalisi olan Hindistanın Təhlükəsizlik Şurasında təmsil olunmasının vacibliyini qeyd etməsi Hindistan və

Türkiyə kimi inkişaf etməkdə olan ölkələr baxımından da əhəmiyyətlidir.

Prezident Ərdoğanın "Dünya beşdən böyükdür" arqumentindən çıxış edərək Hindistanın Təhlükəsizlik Şurasına üzv olması BMT-nin islahatlar məsələsinə alternativ həll kimi nəzərdən keçirilməlidir.

 Ərdoğanın Hindistan səfərindən sonrakı dayanacağı olan Rusiyada iki ölkə münasibətlərinin son dövrlərdəki gündəmini təşkil edən iqtisadiyyat, energetika, müdafiə və Suriya kimi məsələlərin müzakirəsi gözlənilir. İki ölkə arasında ticari dövriyyənin və mövcud enerji mənbələrinin bölgənin təhlükəsizliyinə töhfə verməsi  Rusiya və Türkiyəni xarici siyasətdə əhəmiyyətli aktyorlar mövqeyinə gətirir.

Oktyabr ayında Rusiya prezidenti Putinin Türkiyə səfərində iki ölkə arasında "Türk Axını" Qaz Boru Kəmərinin müqaviləsi imzalanmış, təbii qaz ticarətində yeni  transfer marşrutunun ilk addımı atılmışdı. Prezident Ərdoğanın həyata keçirəcəyi bu səfərdən sonra isə iqtisadiyyat, ticarət və energetika kimi sahələrdə əməkdaşlıq və sabitliyin ön plana çıxarılması nəzərdə tutulur.

 Növbəti səfərin gerçəkləşəcəyi ölkə olan Çin Ümümi Daxili Məhsul siyahısında dünyanın ən böyük ikinci iqtisadiyyatı olub, satınalma gücü ilə də dünyanın ən böyük iqtisadiyyatı mövqeyindədir.

 Ticarət sahəsində  Asiya və Avropanı qurudan və dənizdən bir-birinə bağlayacaq "İpək Yolu" layihəsini həyata keçirməyi planlaşdıran Çin dünya ticarət tarazlığını dəyişdirməyə hazırlaşır. İpək Yolu üçün geosiyasi əhəmiyyətə malik olan Türkiyə layihə çərçivəsində həyata keçirməyi planlaşdırdığı dəmir yolu layihələri ilə bu təşəbbüsə inteqrasiya edəcək.

 Prezident Ərdoğanın yüksələn iqtisadi qüvvələrlə başlayacağı əməkdaşlıq Türkiyə üçün son dərəcə həyati əhəmiyyət kəsb edir və bu qarşıdakı dövrlərdəki bir çox dəyişikliklərin müjdəçisidir.

 



Әlaqәli Xәbәrlәr