24 yaşlı TÜRKSOY və xidmətləri_Türkiyə və Avrasiya gündəmi_09

Türk xalqları arasında mədəni əməkdaşlığı gücləndirmək üçün qurulan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 24 yaşındadır.

692181
24 yaşlı TÜRKSOY və xidmətləri_Türkiyə və Avrasiya gündəmi_09

  Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxuyur.

  Soyuq müharibə dövrünün başa çatması, informasiya texnologiyalarının sürətlə inkişafı ictimai diplomatiya adlı yeni anlayış meydana gətirib. Türkiyə də tarixi və mədəni irsini qoruyaraq bu xarici siyasəti təqib edir. Bu baxımdan bütün qlobal güclərin yönəldiyi Türküstan, yəni Orta Asiya coğrafiyası həm də Türkiyə xarici siyasətinin qədim maraq dairələrindən biridir.

  Ümumtürk dünyasının UNESCO-su olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə respublikaları mədəniyyət nazirləri tərəfindən imzalanan müqavilə ilə yaradılıb. Daha sonra Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyasına bağlı muxtar respublikalar olan Tatarıstan, Başqırdıstan, Altay, Saha, Tuva və Hakas, o cümlədən Moldoviyaya bağlı Qagavuz TÜRKSOY-a müşahidəçi üzv olaraq qatılıblar.

  Bu gün TÜRKSOY-un 6-ı qurucu və 8-i müşahidəçi olmaqla 14 üzvü var.

  TÜRKSOY 24 ildir türk soylu xalqların könül birliyi və qardaşlığını gücləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə ötürmək və dünyaya tanıtmaq üçün çalışır. İlk adı belə idi: Türk Mədəniyyət və Sənətləri Ortaq İdarəçiliyi, amma sonra ortaq qərarla bu ad Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, yəni qısa adı TÜRKSOY olaraq dəyişdirildi.

  TÜRKSOY-un fəaliyyətini Türk Dilində Danışan Ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurası təyin edir. Daimi Şura iclaslarında verilən qərarlar TÜRKSOY Baş Katibi tərəfindən icraya yönəldilir.

  TÜRKSOY şair-yazıçı, rəssam görüşləri, opera günləri, ədəbiyyat konqresləri kimi ənənəvi tədbirlər təşkil edir. Beləcə, ümumtürk dünyasından alim və sənətçilərin təcrübə mübadiləsinə imkan yaradır.

  Türk dünyasının ortaq bayramı olan Novruz 2010-cu ildə YUNESKO-nun Baş Ofisində, 2011-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş İdarəsində təşkil olunub. Bundan sonra Novruz Türkiyədə rəsmən keçirilməyə başlayıb ki, bu işdə də TÜRKSOY-un fəaliyyəti danılmazdır. 

  TÜRKSOY hər il müxtəlif ölkələrdən teatrdan kinoya, musiqidən əl sənətlərinə qədər yüzlərlə sənətçinin iştirakıyla müxtəlif festivallar təşkil edir və türk soylu xalqların zəngin mədəni irsini həm də media yolu ilə geniş kütlələrə çatdırır.

  TÜRKSOY-un eyni adlı jurnalı da var ki, üç dildə - Türkiyə türkcəsində, rus və ingilis dillərində dərc olunur. Bundan başqa, TÜRKSOY-un yardımı ilə digər türk dillərində də bir çox əsərlər 14 ölkə oxucularına çatdırılır.

  TÜRKSOY təşkil etdiyi xatirə proqramları və ildönümləri ilə həm də ümumtürk mədəniyyətinə xidmət edən parlaq simaları gənclərə tanıdır.

  TÜRKSOY-un mədəniyyət həyatına bəxş etdiyi yeniliklərdən biri də Türk Dünyası Mədəniyyət Paytaxtı tətbiqidir. İlk dəfə 2012-ci ildə Astana, 2013-cü ildə Eskişehir, 2014-cü ildə Kazan və 2015-ci ildə Türkmənistanın Mərv şəhəri Türk Dünyası Mədəniyyət Paytaxtları seçildi. 2016-cı ildə bu missiya Azərbaycanın Şəki şəhərinə keçdi. Bu il - 2017-ci il üçün isə Türk Dünyası Mədəniyyət Paytaxtı Qazaxıstanın Türküstan şəhəri seçildi. Qədim adı Yesi olan Türküstan şəhəri XI əsr ümumtürk dünyasının mütəfəkkir şairi Hoca Əhməd Yəsəvinin doğulduğu və ömrünün sonuna qədər yaşadığı yerdir.

  TÜRKSOY həm Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyət və İrs Fondu, o cümlədən, eyni qanun və məqsədləri daşıyan UNESCO, ISESCO və Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Fondu kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

  TÜRKSOY-un mərkəsi ofisi Türkiyənin paytaxtı Ankaradadır. Təşkilatın Baş katibi vəzifəsini 29 may 2008-ci ildən Qazaxıstanın əvvəlki Mədəniyyət naziri Düsen Kaseinov icra edir. Onun müavini isə türkiyəli gənc alim Fırat Purtaşdır.

  TÜRKSOY-da üzv ölkələrin mədəniyyət nazirlikləri tərəfindən təyin olunan nümayəndələr də baş ofis Ankarada vəzifələrini yerinə yetirirlər.

  TÜRKSOY türk soylu ölkə və birliklərə bağlı böyük təşkilatlardan biri, ictimai diplomatiya missiyasını layiqincə icra edən nümunəvi beynəlxalq bir qurumdur.



Әlaqәli Xәbәrlәr