Hansı din kitabında günahsız insanları qılıncdan keçirməyi əmr ediblər?

Yolumuz Kəleybərə, kitablarda Bəzz, həqiqətdə isə Babək adlanan qalaya və tarixinədir.

618170
Hansı din kitabında günahsız insanları qılıncdan keçirməyi əmr ediblər?

  Müəllif Sevda Mirzə.

 Bəzi tarıxı yerlər var ki, bir dəfə gördünmü, heç vaxt unuda bilmirsən. Ya da nə zaman görsən, eyni həyəcan, eyni coşqu, eyni qürur hissini yaşayırsan.

  Bu yer Kəleybərdir. Azərbaycan Respublikasının tarix kitablarında Bəzzeyn dağlığı adlanan, amma əslində adı dəyişmədən bu günə qədər gəlib çatan Kəleybər. Azadlıq simvolu Bəzz qalasının yerləşdiyi yer.

  Mən bir neçə saat içində 2600 metr dağı zirvəsinə qədər qalxdım. Niyə? Məni Babək qalasına aparan eşq ərəb işğalçılarına qarşı Azadlıq mübarizəsi, daha doğrusu, müharibəsi aparan Azərbaycan qəhrəmanlarının keçdiyi yolları addım-addım yürümək, o ruhu yaşamaq istəyi idi.     

  Kəleybər. Yazda bu dağların ağacları yaşıl köynək geyinər, yayda çöl-çəmənləri sarıya, qışda isə ağ saçlı ahıla dönür. Vaxtilə çapar atların nal izlərindən cadar-cadar olmuş bu torpaqlar indi mal-qaranın otlaq sahəsinə çevrilib.

  Hamar asvalt kələ-kötür yollarla əvəz olunsa da, bu, Qaradağa gələni qorxutmur. Təkcə Babək qalasına, bu əsrarəngiz gözəlliyə, yamyaşıl sıx meşələrə görə adamlar ən bahalı maşınlarını belə bu yerlərdə korlamaqdan ehtiyat etmirlər. Amma dəyər. Çünki bu daşlar, qayalıqlar dil açıb danışır, Azərbaycanın tarixindən, toprağından, insanlarından və ən əsası, ölməz qəhrəmanlarından.  

  Qaradağ vilayəti Azərbaycanın qədim yurd yerlərindən biridir. Orta əsr qaynaqlarında Qaracadağ kimi qeyd olunur. Çağdaş farsdilli tarixi və coğrafi ədəbiyyatlarda Ərəsbaran, yəni Arazbar adlanır.

  Qaradağ şimal tərəfdən Araz çayı boyunca Azərbaycan Respublikası ilə çiyin-çiyinə dayanıb. Şərqdən Muğan, Meşkin, cənubdan Sərab, qərbdən isə Mərənd və Culfa ilə qonşudur. Adından da göründüyü kimi, Qaradağın ərazisi əsasən dağlıq və dağlararası düzənlikdən ibarətdir.

  Kəleybər Qaradağın 18 mahalından 7-cisi və 2-ci böyük şəhəridir. 14-cü əsr İran tarixçisi Həmdullah Qəzvini yazır: “Kəleybər, yaxud Kələntər əyalət şəhəri olub, ormanlıqlar və uca dağlar arasında yerləşir. Burada böyük bir istehkam var ki, ayağından çay axır. Məhsulu taxıl, üzüm və meyvəcatdır. Bağçılıqla məşğuldurlar, doşab bişirir, meyvə qurudurlar. Burada türklər və qismən talışlar yaşayır.” Danışdıqları dil türk (Azərbaycan) dilidir.

  Qaradağın ətəkləri – Muğan çölləri yayda mal-qarası, qoyun-quzusu olan kəndlilərin yaylaq yeri, alaçıq yurdudur.

  Qaradağlılar sakit çaya bənzərlər, onların türkəsaya görünüşləri arxasında bir vulkan lavası gizlənir. Tarixən sinəsi sazlı, əli silahlı bu insanlar bütün dönəmlərdə haqqı nahaqqa verməyiblər. Odur ki, İrandakı əksər inqilabların başçıları əslən qaradağlılar olub. Buna görə deyirlər ki, kişilik, mərdlik qaradağ camaatının xoyunda, xislətindədir: ər dəmində ərdəm olurlar, vur dəmində vurdəm. Babək kimi.

  Babək demiş, gözüm yaylaqda, fikrim Bəzz qalasında qalıb. Ətəklərdən yuxarı qalxmağa başlayırıq.

  Bəzz adı orta əsr mənbələrində “ölkə”, “vilayət”, “şəhər-qala” və “dağ” mənalarında qeyd olunub. Bu yer Kəleybərin cənub-qərbinin bir neçə kilometrliyində, Kərmədüzlə söhbətləşdiyi arada Şəştisar (Şəstadsər) – “səkkizbaş” deyilən bir dağdır. Dəniz səviyyəsindən 2600 мetr hündürdədir. Dağın təpəsini – Cümhur adlanan zirvəsini hörmətə, şərəfə mindirən Bəzz qalasıdır. El arasında ona Babək qalası deyirlər. Babək Xürrəmdinin rəhbərliyi altında xalqın yadelli işğalçılara qarşımübarizə qərargahı. Bu daş qala 3 tərəfdən uçurumlarla əhatə olunub. Qalanın ətrafında 400-600 мetr dərinlikdə dərələr var. Sıldırım bir dağ üzərində tikilən qalanın yolu darısqal və çətindir. Bu yoldan bir-birinin ardınca tək-tək keçmək mümkündür. Bu gün hünər deyil birnəfəsə bu enişli-yoxuşlu dərələrdən keçib qalaya birbaşa çatasan.  

  Yol tükənmək bilmir, mən suallar məngənəsində vurnuxurdum.

 Qırmızı bayraq. Bu gün əksər dövlətlərin bayraqlarında yer alan bu rəng bütün allığı ilə ilk dəfə Babəkin əli ilə ucaldılmışdı.

  “Babək” filmindən Babək (aktyor Rasim Balayev): “Qoy al qanımıza bələnmiş bu kətan parçası bizim üsyan bayrağımız olsun. Əgər üsyanımız Azadlıq üçündürsə, azaldığımız Bərabərlik üçündür. Əgər qara toprağa qızıl dəni biz əkiriksə, gərək biçin də də bizim olsun, bərəkət də”.

  Görünür, buna görə idi ki, xürrəmilərə “müxəmirrə”, ərəb dilindən tərcümədə “qırmızı geyinmişlər” və ya “surxal”, farscadan çevirəndə “qırmızı bayraqlılar” deyirdilər.   

  Babəkin minlərlə igidi bu qayalıqların bir nəfərlik dar, əyri, kələ-kötür yol-cığırlarından necə keçiblər, görəsən? Üstəlik bu yollarda necə at çapıb, qılınc oynadıb, vuruşublar?

  Nəfəsimi azca dərib düşüncələr torunda çabaladım. Tarix səhifələnir, yollar boyu canlanırdı gözümdə.  

  Xürrəmilər hərəkatı Azərbaycanda və bəzi qonşu ölkələrdə Abbasilər xilafətinə qarşı geniş azadlıq hərəkatı idi. 8-ci əsrin sonlarından başlanan üsyanlar bütün İran və Azərbaycan əyalətlərinə yayılmışdı. Üsyanlara Bəzz qalasının sahibi Cavidan və Əbu İmran rəhbərlik edirdilər. Azərbaycanda iki qoçun başı bir qazanda qaynamır. Az sonra Cavidan və Əbu İmran öz aralarında münaqişələri başlayır və bu zaman xilafətə qarşı mübarizə zəifləyir. Növbəti vuruşmaların birində Əbu İmran Cavidanı öldürür və özü də aldığı ağır yaralardan vəfat edir.

  Fraqment “Babək” filmindən, Əli Zeynalovun səsində bu sözlər: “10-cu əsrin tarixçisi İbn Nədim “Kitab əl fikris” əsərində yazırdı ki, “Cavidan Əbu İmranla vuruşandan 3 gün sonra öldü”. Hadisə 816-cı ildə baş vermişdi.” (Filmin tarix üzrə məsləhətçisi Ziya Bünyadovdur.)

  Bu ildən - 816-cı ildən Xürrəmilər hərəkatına Babək başçılıq edir və bir igidin ömrü qədər – düz 21 il ərəb işğalçılarına və xilafətə qarşı inadlı Azadlıq müharibəsi aparır.  

  Babək haqqında fikirləşəndə gözümün qarşısına ancaq Babək filmi gəlir. Min il əvvəl Babəkin şəkli olmayıb. Ərəb və İran tarixçilərinin mənbələrinə əsasən Azərbaycanın böyük şərqşünas alimi Ziya Bünyadovun məsləhətilə çəkilən bu tarixi film dövrün əsas hadisələri haqqında güclü təsəvvür yarada bilir.

  Fraqment “Babək” filmindən.

Cavidan:

- Səbr elə.

  Babək:

- Səbr elə, səbr elə. Səbr daşı, çatladı bağrımın başı. Nə vaxtacan? Bıçaq sümüyə dirənib. Yetər dözdük.

  Cavidan

- Qaynama. Vaxt gələr, qisas alarıq.  

  Babək (kinayə və hirslə):

- “Vaxt gələr, qisas alarıq”. Yox, Cavidan, xalqın səbri, elin səbri tükənib artıq.

  Başqa fraqment “Babək” filmindən, Əli Zeynalovun səsində: “8-ci əsrin sonlarından Azərbaycan toprağında yadelli işğalçılara və hakim siniflərə qarşı xürrəmilərin Xalq Qurtuluş Hərəkatı getdikcə genişlənməyə başladı. Xürrəmilər insanlar arasında bərabərlik, mülkiyyətin bərabər bölünməsi və mənəvi əsarətdən qurtuluş şüarı ilə çıxış edirdilər.”

  “Babək” filmi Kəleybərlə qonşu Naxçıvan dağlarında, çöllərində və Bakının kəndlərində çəkilib. Amma bizim gördüyümüz bu qala Babəkin əsil qalası – Bəzz qalasıdır.       

  Azərbaycanın sərkərdəsi və siyasi xadimi Babək Xürrəmi (1 iyul, 795 və ya 798-ci il – 14 март, 838-ci il) haqqında 20-ci əsr fars tarixçisi Səid Nəfisi yazır: “Babəkin atası Təbrizdən, anası Ərdəbil yaxınlığındakı Bilalabad kəndindən idi. O, öz ana dilində danışırdı”. Yəni sənin, mənim danışdığımız Azərbaycan türkcəsində. Bəzi müəlliflərə görə onun adı Həsən olub. Müasir tədqiqatçılar bu fakta söykənib deyirlər ki, Babək bəlkə də müsəlman imiş. Onu dinindən daşındırıb mübarizəyə alovlandıran adlarını müsəlman qoyub əslində işğalçı olan ərəb xilafəti idi.

  Fraqment “Babək” filmindən.

Xəlifə Məmun:

- Sübh tezdən o məmləkətin kafirləri üzərinə yürüşə başlarsan. Bütün kişiləri qılıncdan keçirərsən. Yeniyetmələrə də rəhm etməzsən. Arvad-uşaqlarını əsir edib qul bazarında müzaidə təriqi ilə satarsan.  

  Qardaşı Mötəsim:

- Əmr etmək sizdən, əməl etmək bizdən, ya əmirəlmömün. Hökm Allahın hökmüdür.    

  Hansı din kitabında günahsız insanları qılıncdan keçirməyi əmr ediblər? Heç birində. Babək neyləməliydi? Gözünü yumub Azərbaycan torpaqlarını ərəb qəsbkarlarına peşkəş eləməliydi? Onda Babək Babək olmazdı!

  Yadıma “Babək” filmindən maraqlı bir səhnə düşür. Babək hərəkatının genişlənməsindən narahat olub xəlifəyə bu barədə həyəcanla xəbər verirlər. O isə əksinə, eşitdiyini qulaqardına vurur. Çünki Əlcəzair əyalətində, Suriya və Misirdə üsyanalrı yatıran, Bizansla müharibələr aparan xəlifə Məmun düşünürdü ki, çarıqlı xürrəmilər onun üçün müşkül bir iş deyil. Amma elə ki, Babəkin rəhbərliyilə xürrəmilər xilafətin 6 ordusunu darmadağın edir, onun 6 məşhur sərkərdəsini öldürür, o zaman xəlifə hövlündən yatağa düşür, sayıqlayır, havalanır.

  Fraqment “Babək” filmindən.

Xəlifə Məmun:

Tusi. O da məhv oldu. Beş ordum Tanrı düşməni Babəklə tarimar oldu. Hanı mənim şanlı-şöhrətli sərkərdələrim? İbn Müaz, ibn Cüneyd, ibn Əbu Xalid, hanı?  

  830-cu ildə Babəkin qoşunlarının Həmədanı qəsbkarlardan təmizləməsi xilafət üçün İran və Azərbaycan torpaqlarından ayrılmaq təhlükəsini yaradır.

  836-cı ildə Babək Bizans imperatoru Feofilxilafətə qarşı növbəti ittifaq bağlayır.

  837-ci ildə Bizans impeartoru ərəblərə qarşı Babəkə 100 minlik qoşun göndərir. Amma bu döyüş müharibənin gedişinə təsir göstərmir.   

  10-cu əsr ərəb tarixçisi Məsudinin verdiyi məlumata görə, “Babək hərəkatı az qala Abbasilər hakimiyyətini məhv edəcəkdi. Vəziyyəti dəyişən xəlifə Mötəsimin Bizansa sülh bağlaması və bütün hərbi qüvvələri xürrəmilərə qarşı yönəltməsi olur. Müttəfiqlərin xəyanəti xürrəmilərə sarsıdıcı zərbə vurur və Babək meydan təklənir. Üstəlik hərəkatın gedişindən və üsyançılara qarşı Mötəsimin tədbirlərindən qorxuya düşən yerli feodallar, o cümlədən Babəkin müttəfiqləri Səhl ibn Sumbat, ibn Bəis və Yesai Əbu Musa tədricən Babəkdən uzaqlaşırlar.

  Xəlifə Mötəsim xürrəmilərə qarşı bütün qüvvələri səfərbərliyə alır və müharibəyə daha tədbirli bir sərkərdəni göndərir: ərəbləri yenən türk oğlu Babəkin qarşısına türk oğlu Afşini çıxarır. Bizansla müharibələrdə şöhrət qazanmış sərkərdə Afşin Heydər ibn Kavus xürrəmilərlə vuruşan ərəb qoşunlarının baş komandanı təyin olunur.  

    Budur, yüksəklikdən Kəleybər məntəqəsi görünür, arxaya baxanda isə səndirləyə-səndirləyə gələn adamlar görünür. Neyləsinlər? Qala könül çəkir, könül insanı, insan olan bəndə də ayaqlarını zorla çəkir bu yerlərdə.  

  Deyirlər, Babək qalasından Kəleybərin özünə gizli yeraltı yol da olub, igidlər at belində bu yollardan keçib-gəlib.

  Babəkin təkcə süvarilərinin sayı 20 minə çatıbmış. Xürrəmilərin əsas hissəsini kəndlilər, sənətkarlar və şəhər yoxsulları təşkil edib. Üsyançılar arasında möhkəm intizam olub.

  Döyüşlərdə xalq içərisindən çıxmış Azin, Müaviyyə, Abdulla, Tarxan, Rüstəm kimi gülcü sərkərdələr başçılıq edib. Kəndli Azadlıq hərəkatı Azərbaycanın Kəleybər dağlarından dalğalanaraq Cibal, Ərməniyyə, Xorasan, Həmədan, İsfahan, Təbəristan, Astrabad və Deyləmi bürümüşdü.

  11-ci əsr ərəb tarixçisi Əbu Mənsur Bağdadinin yazdığına görə, “Təkcə Azərbaycanın cənubunda və Deyləmdə Babək tərəfdarlarının sayı 300 minə çatıb”.

  Fraqment “Babək” filmindən:

Xalq: “Təbriz sənə alqış deyir, Babək!”

Babək: “Təbriz igidlərinə eşq olsun”.  

Xalq: “Şirvan, Şamaxı sənə uğur diləyir, ey dilavər!”

Babək: “Şamaxı elinə uğur olsun”.   

  Gör ha, ətrafımızda beş adamı toplayıb həmfikir ola bilmirik, biri dəmdən dəmə, biri bəmdən bəmə deyir. Elə Babəkin bir böyüklüyü də onun minlərlə insanı öz arxasında aparmaq gücündə olub. Dünyanı bürüyən ərəb tüğyanlarının önündə əyilmədən davam gətirə bilmək qeyri-adi hadisə idi. Bu, bir tərəfdən öz zəkası və qəhrəmanlığı idisə, digər əsas amil onun arxasında xalqın dayanması idi.

 

 

 

                                                                              https://www.youtube.com/watch?v=AozobYsS-FM

 

“Körpü” verilişi (38-ci), mövzu: Kitablarda Bəzz, həqiqətdə isə Babək adlanan qala. Yayımlanma tarixi: 24.09.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan “at” işarəsi trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze “at” işarəsi trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.

 

 



Әlaqәli Xәbәrlәr