“Bu o zaman idi ki, hələ İranla Azərbaycan arasında sərhədlər açılmamışdı”

Almaniyanın paytaxtı Berlindəki 28 yaşlı Azərbaycan Kültür Ocağı haqqında

599159
“Bu o zaman idi ki, hələ İranla Azərbaycan arasında sərhədlər açılmamışdı”

Müəllif Sevda Mirzə: Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı İdarə Heyətinin üzvlərilə görüşmüşəm. Bu dərnəyin yaranması, tarixçəsi, dünyanın hansı bölgəsindən olursa olsun, azərbaycanlıların, Türkiyə vətəndaşlarının və ümumiyyətlə, türk soylu digər vətəndaşların bura toplanması ilə bağlı söhbət edirik.

  Azərbaycan Kültür Ocağı İdarə Heyəti üzvlərini bir-bir təqdim edirəm: Hafiz Məhin Əsxərniya, Mənsur Merqati və Nasir Təfəzuli.

Hafiz Məhin Əsxərniya: Berlində azərbaycanlıların fəaliyyətilə bağlı belə söyləmək olar. Avropaya köç etmiş azərbaycanlılar burada var idi, köhnə musavatçılardan tutmuş güney azərbaycanlılara qədər. Qacar dövründən belə bura dərs oxumağa gələnlər olub.

  Azərbaycanlıların toplanması baxımından Berlin şəhərində xüsusi tarixçə vardır. Biz İran İslam Respublikası qurulandan sonra bura köç edən, eyni zamanda, təhsil almağa gələn gənclər olmuşuq. 80-ci illərdən, yəni İran inqilabından əvvəl professor Məhəmməd Tağı Zehtabi Sovetlərdən köç edib gəlir bura. Berlində bir təşkilat yaradır, İran Qabaqcıl Türk Aydınlarının Cəmiyyəti adında. Yəni paya (bünövrə) birinci olaraq M.T.Zehtabi tərəfindən qoyulub. O zaman burada oxuyan tələbələrlə birlikdə belə bir cəmiyyət yaradır. Türk (Azərbaycan) dilində Azərbaycan ədəbiyyatıyla bağlı kitablar – şeirlər kitabı çıxarırlar. Bu işləri görən gənclər bir-birinin yanında toplaşır, bayram olsun, öz kültür və adətlərimiz olsun, bunları çalışırlar ki, qoruyub saxlasınlar. O zaman, bilirsiniz ki, dünyanın forması, quruluşu fərqli idi. Sovet ölkəsi var idi. Siyasi görüşlər fərqli idi, milli görüşlər fərqli idi, ən azı bizim tərəfdə - Cənubi Azərbaycanda zəif idi. Daha çox sol görüşlər düşünsəci qalib idi.

  Biz - Berlindəki tələbə və gənclər 1988-ci ildə, hələ sovetlər dağılmazdan öncə Azərbaycan Kültür Ocağı adında bir dərnək yaratdıq. Bu dərnək elə həmin il Berlində dövlət qeydiyyatından keçdi. Eyni zamanda, külli Almaniyanın çapında da bir dərnək quruldu. Berlindəkindən danışsaq, bunun əsil yaranması, fəaliyyəti 1983-cü ildəndir, sadəcə 1988-ci ildə tam qeydiyyatdan keçib. 1989-cu ildə Berlin divarı yıxıldı, necə deyərlər, tarixi hadisələrnin mərkəzində olduq. Azərbaycandakı çətin hadisələr – o Qarabağ savaşı, Ermənistandan qaçanlar, tamamən bizi - Berlindəki azərbaycanlıları öz təsiri altına aldı. Və Ocaq günü gündən aktiv olmağa başladı. Hadisələrin seyrində buradakı milli fəallar, Azərbaycana maraq göstərənlər baxışlarını tam olaraq şimali Azərbaycandakı hadisələrə çevirmişdilər, oradakı hadisələri təqib edirdilər. Qara Yanvar hadisəsi birinci böyük zərbə idi ki, bizə dəydi. Heç inanmırdılar ki, belə bir hadisə baş verə bilər. Ocaq kültür bir cəmiyyət olduğu üçün siyasətə birbaşa girmirdi, ona münasibəti başqa adlar altında göstərirdi.

  19 yanvar 1990-cı ildə bizim uşaqlar Berlində sovet konsulluğunun qabağında etiraz mitinqi etmişdilər. Hələ o faciə baş verməmişdi. Həmin günün gecəsi baş verdi rusların cinayəti. 10 gün sonra isə Yanvar hadisələri açıqlandı. Berlin şəhərində bir komitə yarandı, mərkəzi küçələrdə böyük bir mitinq keçirildi, yürüş oldu, 3 minə yaxın iştirakçı gəldi. Baxmayaraq ki, o zaman Avropada azərbaycanlıların sayı az idi, sağ olsunlar, türkiyəli qardaşlarımız - Türkiyə vətəndaşları, onlar gəldi bizə yardımçı oldu. Onların sayəsində bizim sayımız çox oldu küçələrdə, səsimizi çatdıra bildik. Bu işi Xocalı hadisələri üçün də gördük. Böyük bir yürüş etdik. Bu dəfə ona da nail olduq ki, Almaniya mediasından, jurnalistlərindən ora gətirə bildik ki, səsimizi çatdırsınlar. Çətin günlər keçdik belə. Amma eyni zamanda, normal proqramlarımız da olurdu.

  Proqramlarımız nədən ibarət idi? Birinci yerdə, təbii ki, bayramlarımızı qeyd etmək var. Tariximiz, ədəbiyyatımız, o insanlar ki, bu sahələrdə bilgiləri var, onları dəvət edirdik, gəlib çıxış edirdilər bizim tədbirlərdə, proqramlarda. Azərbaycan Kültür Ocağı indi 28-ci ilindədir. Dünya miqyasında Ankaradakı Azərbaycan Dərnəyindən sonra indiyə qədər davam edən ən əski dərnəklərdən biridir.

Mənsur Merqati: Bu deyilənlərə mən balaca bir şey artırmaq istəyirəm. O da budur ki, Azərbaycan Kültür Ocağı fəaliyyətə başlayanda ən böyük vəzifələrimizdən biri qəzet çıxarmaq idi. Bu qəzeti eləyə bildik azərbaycanlılar arasında, hətta Bakıya qədər bu yaydıq. Bu qəzetin adı “Qaynarca” idi. İlk illər yaxşı yayıldı. Amma sonra bir sıra çatışmazlığa görə alınmadı.

  Biz bayramlarımızı keçirdik, mühüm şəxsiyyətlərdən dəvət etdik, Azərbaycan haqqında, xüsusən Güney Azərbaycan haqqında çıxışlar etdilər, məlumatlar verdilər. Ana dili günü ilə bağlı dəvətlərimiz olub. Dünyanın hər hansı bir nöqtəsində yaşayan azərbaycanlıları dəvət etmişik, gəliblər. Musiqili tədbirlərimiz də olub. Kiçik musiqi qrupumuz var.

Sevda Mirzə: Musiqilər həqiqətən diri saxlayır milli hissi, türklüyü, soyu, kökü, dili, bir sözlə, hər şeyi.

Nasir Təfəzzüli: Mən də bunu deyə bilərəm ki, 80-ci illərin axırlarında Berlinə gəldim böyük qardaşımla birlikdə. Mən burada qalası oldum. Şimali azərbaycanlılardan o illərə qədər heç kimi görməmişdim. Eşitdim ki, azərbaycanlıların konserti olacaq burada. Biz çox maraqla getdik. Canəli Əkbərov, Xuraman Qasımova, Müslüm Maqomayev və bir çox sənətkarlar var idi. Harada var idilər, biz də orada idik. Səfirlik day bizim əlimizdən yorulmuşdu. Bu günlər bizimçün tarixi günlər oldu. Sovetlərin Kültür Həftəsi idi. Azərbaycan Gecəsi varıydı ki, azərbaycanlılar orada yer alırdı. Mənə çox maraqlı onlarla tanışlıq. Sonra biz xüsusi olaraq bir gün yığışdıq. 80-100 arası adam var idi. Mən Həmid Vəkilovla tanış oldum. Düzdür ki, musiqiyə uşaqlıqlan həvəsim var idi. Amma H.Vəkilovun sözlərilə mən daha da həvəsləndim. Sonralar Azərbaycan Kültür Dərnəyinin tədbirlərində iştirak etdilər. Hər cür musiqiçilərlə tanış olduq. Alim Qasımovla bərabər konsert də verdik. Rəhmətlik Şövkət Ələkbərova, Xuraman Qasımova ilə də tanış olduq. Bu o zaman idi ki, hələ İranla Azərbaycan arasında sərhədlər açılmamışdı.

  İlk cənublu idim ki, məni Azərbaycana dəvət etdilər. Nədənsə çəkindim, gedə bilmədim Bakıya. Mənim təsəvvürüm bu idi ki, “Böyük-böyük xanəndələrin yanında, qabağında neyləyəcəyəm?” Amma onlar məni simvolik olaraq istəyirdilər. Ona görə mən indi də peşmanam ki, mən niyə bu işi görmədim. Amma Berlində musiqi fəaliyyətim davam edib həmişə. Cənubdan daha çox şimallılar qonağımız olub. Sonradan Bakıda oldum. İki kasset yazdırdım. Biri Adil Bağırovun, biri Ağasəlim Abdullayevin ansamblı ilə. Sonra bala-bala musiqiçilər də çoxaldı, mənim yaşım da çoxaldı.

  Azərbaycan Kültür Ocağı (dərnəyi) ki, bu il 28-ci yaşındadır. Bunu deməliyəm ki, bu yaşa elə-belə gəlməyib. Fədakar insanlar olmasa, bir belə davam gətirməzdi.

Hafiz Mətin Əsxərniya: Azərbaycan Kültür Ocağına – bizim dərnəyə çox insanlar gəliblər. Dərnək dolandırmaq rahat bir iş deyil. Bir kitab yoxdur ki, gedib oxuyasan, öyrənəsən dərnək idarə etməyi. Dərnəyi saxlamağı, qorumağı insan gündəlik təcrübə ilə öyrənir. Yanlışlıqlar da olur, düzəldirsən. Azərbaycan Kültür Ocağında çox insanlar aktiv olublar. Ankaradan cənublu qonağımız olmuşdu, Arif Kəskin. Bizim dərnəkdə olarkən təəccüb etdi, gördü İqdırdan olan var, Bakıdan olan var, Təbrizdən olan var. Dedi: “Siz dəyişik-dəyişik insanları nə cür olub ki, bir yerə toplaya bilmisiniz?

  Azərbaycan dərnəyinə gələn milli fəallar, kim olursa olsun, Ocağın proqramlarında iştirak edib. Berlin Bələdiyyəsinin böyük salonlarında belə tədbirlərimiz olub, mədəniyyət zallarında olub, almanlarla birlikdə proqramlar etmişik. Ya da almanların özlərini dəvət etmişik, gəlib Azərbaycan tarixi haqqında bizdən dinləyiblər, maraqlanıblar, həm də bizim bölgədə olan hadisələrdən danışıblar. Türkiyədən, İsveçdən, Kanadadan da qonaqlarımız olub, alimlərdən Bərahani, Fərzanə çıxışlar edib, Zehtabi 2 günlük seminar keçirib. Xanım doktor Ədaləti də. Nə qədər aktiv insanlar olub və Ocağın proqramlarında iştirak ediblər. Qaynağımız Azərbaycanın elə özüdür. Nə qədər ki, Azərbaycandan xoş xəbərlər gəlir, daha çox bizə ümid verir.

Sevda Mirzə: Ədəbiyyaımızı, mədəniyyətimiz yaşatmaq, diri tutmaq üçün tədbirlər görürsünüz. Amma bunu da etiraf etməliyik ki, mədəniyyətimizin qırılmaz qollarından biri də mətbəxdir. Çox zaman biz rəsmi söhbətlərimizdə məxbəxdən bəhs etmirik. Halbuki məxbəx də milli kimliyimizi yaşadan qollardan biridir. Berlində Azərbaycan Kültür Ocağında, siz eyni zamanda, Azərbaycan mətbəxini qoruyub saxlayırsınız. Həftədə bir dəfə bayramlardan savayı təşkil etdiyiniz tədbir, mərasim və ya toplantılarda Azərbaycan mətbəxini də təqdim edirsiniz, istər Təbriz olsun, istər Azərbaycanın digər bölgələrinin yeməkləri olsun. O milli ruhu belə Azərbaycan mətbəxilə bir daha çatdırırsınız hər kəsə. Yəni siz mədəniyyətin, adət-ənənələrimizin bu yönünü də yaşadırsınız. Nəinki ictimai fəaliyyət və musiqili tədbirlərlə, həm də mətbəximizlə yaşadırsınız Azərbaycanı. 

P.S: Sonda Nasir Təfəzulinin ifasında "Bircə sən yoxsan" (və ya "Bu gecə") mahnısı səslənir.                                       

“Körpü” verilişi (36-cı), mövzu: Almaniyanın paytaxtı Berlindəki 28 yaşlı Azərbaycan Kültür Ocağı haqqında. Yayımlanma tarixi: 10.09.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.



Әlaqәli Xәbәrlәr