Kapatokyanın İrandakı qardaşı Kəndivan

Təbrizin bir neçə saatlığında yerləşən bu yer haqqında ilk ağla gələn söz budur: Allahın möcüzəsi.

546054
Kapatokyanın İrandakı qardaşı Kəndivan

Müəllif Sevda Mirzə

  Qədim adı Gündoğan olan Kəndivan. Təbrizin bir neçə saatlığında yerləşən bu yer haqqında ilk ağla gələn söz budur: Allahın möcüzəsi. Bura tamam yaşıllıqlarla əhatə olunub. Bir tərəfi isə Səhənd dağının ətəyində yerləşən, tamam ağacsız, möcuzəli Kəndivan məkanı.  

  İbtidai icma quruluşu haqqında oxuyanda adamda yaranan ilk təəsürrat bu olur ki, bir anlığa da olsa, sehirıli xalatı geyinib milyon il əvvələ getmək və tez də qayıdıb gəlmək olaydı. Noolar? Biz bu imkanı sizə verə və birgə gəzib dolana bilərik.

  Azərbaycan türkünün yerli-köklü, qədim və müasir məskəni olan Gündoğan, yəni Kəndivan ulu Səhənd dağının ətəyindən rişələnib. Təbrizdən 62 km. aralı, Üskü kəndinin 18 km.-lik məsafəsində yerləşir. Bu qayalıqları insan əlləri oymuş, yurd-yuva qurmaq üçün. Xarici qonaqlar bu evləri yumurtaya bənzədir, biz şərqlilər üçünsə gözümüzün qarşısına ilk baxışda kəllə qənd gəlir.

  Sual yaranır: indiki zamanda da burada insan yaşayırmı? Yaşayır. (Burada cəmi 168 ev və təxminən 600 nəfər adam var.) Elini, obasını tərk etməyən, Azərbaycan türkcəsi olan doğma ana dilini dilində dilləndirən, varlığında qəbrəcən daşıyan soydaşlarımız yaşayır burada, elə əski zamanlarda – minilliklər boyu olduğu kimi. Bunlar da o adamlardır ki, köhnə gün-güzərana adət etdiklərindən başqa yerin ab-havasına alışa bilmirlər, odur heç bir yana da köçüb getmək fikirləri yoxdur. Bəlkə də Allah insana torpağa, elə, yurda belə bağlılıq hisslərini verməsydi, bəşəri duyğular da olmazdı yəqin.

  Kəndivan sadə türk insanının yaşayış yeri olsa da, kəllə qənd quruluşlu evlərin şöhrəti əsrlərdir ki, eldən elə gəzdiyi üçün, bura, xüsusən yaz-yay aylarında turizm məkanına çevrilir. Və təbiidir ki, hər seyrçi bu evlərin içində olmaq, sakinlərin məişəti və yaşayış tərziylə də maraqlanmaq istəyir. Amma yerli sakinbləri narahat etməmək üçün evlərə girmək, şəkil salmaq olmaz. Biz buna necə nail olduq, deyə bilmərik, hər halda, budur, sizi də Gündoğan evlərinə qonaq aparmaq imkanımız var.

  Kəndivanda qədimdən qalma ənənələrdən biri də iki təndirli evlərdir. Bunların biri çörək yapmaq üçündür, 2-cisi qışda istifadə olunan kürsü təndirdir. Soyuq-şaxtalı günlərdə közdən aram isti alan kürsü təndirin üzərinə masa qoyulur, üstünə yorğan sərilir. Adamlar ayaqlarını bu yorğanın içinə uzadır və altına girirlər ki, qızınsınlar.    

  Kəndivanda bu qayalıqlardan sürüşməmək çıxıntılar var, onlardan tuta-tuta yuxarı qalxırlar. Mən də qalxdım. Nə çətindi buradan qalxmaq. Gərək alpinist olasan ki, buradan qalxasan. Yox, qayalıqları qalxıb-enmək asan deyil. Və əcdadlarımızın bu yerlərdə məskən salmalarının səbəbi başqadır. Gündoğanda bəşər övladını yaşadan qayalığından fərqli olaraq əks tərəfində olan yaşıllıqlar və dağlardan süzülüb gələn bulaqlar və çaylardır ki, insana “gəl-gəl” deyir.

  Kəndivan qayalığındakı evlərdən biri muzey kimi gələn yerli və xarici qonaqların ixtiyarına verilib. Burada təkcə Gündoğandan deyil, bütünlükdə Azərbaycan türkünün, ümumilikdə isə şərq məişətinin özünəməxsus xüsusiyyətlərini daşıyan əşyaların həm satışını, həm də sərgisini təşkil ediblər. Bəlkə də “daşdan pul çıxarmaq” misalı elə belə qayalıqlarda yaranıb. (Göz muncuqlu bəzək əşyası, pəlitələr, xurcun, çantalar, palaz toxunuşlu pəlitə, kabablıq şişlər üçün çanta, yunəyurmə dəzgahı, əl dəyirmanı, saxsı qablar və s.)

  Muzeyin bələdçiləri bizi məlumatlandırdılar ki, bura yaşı minillikləri adlayan Gündoğan qayalığındakı insanların İslam dini türk torpaqlarına da yayıldıqdan sonra Allaha pənah gətirmək üçün yaratdıqları məscid imiş. Vaxtilə 3 mərtəbədən ibarət olan bu məscidin orta sütunları uçulub, divarları çat verib. O biri evlərdə olduğu kimi burada da taxça və rəflər, divar peçləri, nəfəslik yerləri və digır insan məişəti üçün vacib olan ləvazimatlar var.

Bu gün Kəndivanda elektrik və telefon xəttlərinin olmasına baxmayaraq, onun güzəranının keçmişi ilə bugününü birləşdirən mavi yanacağının – qazın olmamasıdır. Xörək hazırlanması və istilik yalnız elektrik və ağ neft hesabına başa gəlir.

 Gündoğan sakinlərinin əsas məşğuliyyəti mal-qara işidir. Bazarları qayalıqların ətəyindədir. Bu bazarlardan yerli sakinlərlə yanaşı həm də gəlmə qonaqlar faydalanır. Kəndivanın bulağından – təbii müalicəvi sərin suyundan içib ailəsi ilə istirahət edənlərə qoşulduq. Soruşdum: “Burada nə xoşunuza gəlir? ” Dedilər: “Bu evlər ki dağın içindədir, onlar və havası.” “Bəs Quzey Azərbaycana nə sözünüz var?” soruşanda bu cavabı aldıq: “Əsliyyətləri bizim əsliyyətdi, çox sevinirik, sevirik. İstəyərik, gəlsinlər, biz də qabaqlarına yaxşı çıxaq”.

 

  Danışdıq, ürəyimizdəki duyğularımızı dilə gətirdik, paylaşdıq. İngilis misirşünası Devid Rohl dəlillərlə izah edib ki, Azərbaycan türklərinin pöhrələndiyi qədimdən qədim məkan olan Gündoğan eli vaxtilə Adəm və Həvvanın yaşadığı məkan olub. Biz bunu soruşmaq istədik qayalqılardan. Bəzi insan-qayalıqlar – qapısı ağıza, pəncərələri gözlərə bənzəyən evlər sanki dillənmək, min illər, milyon illər gördüklərini izhar etmək istədilər. Amma bilmədilər, çünki daş parçası idilər. Və biz bu qayalıqlarala baxdıq, onlar da bizə. Bircə onu bildim ki, kəllə qəndə oxşayan bu evlərdən elə qənd kimi şirin-şirin duyğularla ayrıldıq.  

  Həqiqətən bu məkanı görməyə dəyər. Türkiyədə də Kəndivanın bir bənzər qardaşı var, Kapatokya adlanır, turizm bölgəsi sayılır. Amma İranda Güney Azərbaycanda yerləşən Kəndivan təbiətin əl dəyilməmiş və qədimliyini olduğu gözəllikdə qoruyub saxlayan bir cənnətməkandır. Nə dil problemi var, nə çox xərc tələb edir, nə da mətbəximiz ayrıdır.

 

“Körpü” verilişi (27-ci), mövzu: Kəndivan, yayınlanma tarixi: 09.07.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.



Әlaqәli Xәbәrlәr