Şeyx Şəhabəddin Mahmud Əhəri və türbəsi

Ariflər sultanı, salehlər qütbü, həqiqət axtaranların böyüyü - Azərbaycanın bu təsəvvüf alimi təriqət başçılığının ən yüksək rütbəsi sayılan Qütb dərəcəsinə çatmışdı

530059
Şeyx Şəhabəddin Mahmud Əhəri və türbəsi

  Şeyx Şəhabəddin Mahmud Əhəri İranda - Cənubi Azərbaycanın Naxçıvana yaxın Qaradağ mahalının Əhər şəhərində anadan olub, mədrəsə təhsilini Təbrizdə alıb, mükəmməl təhsildən sonra mürşidinin icazəsilə Əhərə qayıdıb. Çox şagirləri olub ki, bunların arasında Xəlvətiyyə, Mövləviyyə və Biramiyyə təriqətləri yaradıcılarının da adları var.

  Cənubi Azərbaycanda Qaradağ elləri adlanan məşhuir diyarın 18 mahalı var ki, mərkəzi Əhər şəhəridir. Bu şəhər Savalan dağının şimal-qərbində, Təbrizlə 117 məsafədə yerləşir.

  Əhərdə əsrləri adlamış qədim abidələr sırasında tanınmış bir ziyarətgah var, adına Şeyx Şəhabəddin türbəsi deyirlər. Bu məqbərə Azərbaycanın Əhər mahalında 12-ci yüzilliklərdə yaşamış ariflərindən biri – mütəfəkkir din xadimi Şeyx Şəhabəddin Mahmud Əhərinin adı ilə bağlıdır.

  Şeyx Şəhabəddin ilk təhsilini doğma yurdunda Molla Həsən Əhəridən alıb. Sonra təhsilini davam etdirmək üçün Təbriz şəhərinə gedib və burada Vəhdətiyyə Surxab mədrəsəsində Şeyx Rüşdəddin Əbülzənaninin hüzurunda mənəvi kamal dərsi alıb, ustadın əlindən dərəcə geyiminə sahib olub. Sonra Secasa gedərək Rüknəddin Secasinin müridliyinə qəbul edilib. (Rüknəddin Secasinin mürşidi Şeyx Əbülhəbib Sührəbər, onun mürşidi Şeyx Cüneyd Bağdadi, onun mürşidi Şeyx Əbülhəsən Sirri Səqəti, onun mürşidi Əbu Məhruz Məruf ibn Firuz Əl-Kərxi, onun mürşidi Həzrət İmam Əli ibn Musa Ər-Rza olub.) Bu şəhərdə Mahmud öz mürşidinin qızı Xədicə xanım Sultanla ailə qurur. Qısa müddətdən sonra Şeyx Şəhabəddin Qaradağ mahalının irşadı üçün göndərilir, Əhərə qayıdaraq Şihabiyyə adlı təsəffüf təriqəti yaradır və təriqət başçılığında ən yüksək sayılan Qütb dərəcəsinə çatır.

  Şeyx Şəhabəddin Əhərinin şöhrəti getdikcə bütün şərq ölkələrinə yayılır. Onun çoxlu müridləri və yol-təriqət ərənləri yetişir. Bunlardan biri sonradan Xəlvətiyyə təriqətinin banisi və Şeyx Zahid Gilaninin mürşidi kimi tanınan Şeyx Cəmaləddin, 2-cisi Mövləviyyə təriqətinin yaradıcısı və Balı Həsən Benislinin mürşidi Müinəddin Əshabdır. Şeyx Şəhabəddinin 3-cü tanınmış müridi Baba Fərəc Vayqanlı olub ki, o da Biramiyyə təriqətini yaradıb və neçə-neçə müridin yol göstərəni olub. Şeyz Şəhabəddinin öz oğulları ondan sonra atalarının yaratdıqları Şihabiyyə təriqətinə başçılıq ediblər.

  Şeyx Şəhabəddin adını daşıyan məqbərə Əhər şəhərinin cənub tərəfində qərar tutur. Vaxtilə onu 4 tərəfi çiy kərpicdən hörülmüş hasar əhatə edibmiş ki, indi o divarlardan cənubda və qərbdə az bir hissə qalıb, şimal və şərq tərəfində isə tamamilə uçulub-gedib.

  Şeyxin adını daşıyan bu tarixi abidə uzunluğu 310, eni 280 metr olan bir ərazidə yerləşir. Bu bina inşa edilərkən palçıq və sementə su əvəzinə yerli əhalinin nəzir diləyilə gətirdikləri milyondan artıq yumurta qatılıb.

  Şeyx Şəhabəddin məqbərəsində minarələrin eni 4, hündürlüyü 18 metrdir. Amma deyilənə görə, əvvəlki minarənin hündürlüyü güldəstə ilə birlikdə 18 metrdən yuxarı olub. Güldəstələr dağıldıqdan sonra minarələr binanın boyu ilə bərabərləşib. Abidənin böyük tağının hər iki tərəfindəki minarələrin üzü bütünlüklə füruzəyi kaşılarla elə bəzədilibmiş ki, ona uzaqdan baxanda parıltısı göz oxşayırmış. Amma 30 il əvvəl minarələrin üzərindəki kaşıları qoparıb onların yerinə noxudu rəngdə kərpiclər düzüblər. Əvvəllər hər minarənin üstündə hündürlüyü 70 sm., eni 4 metr olan güzgülər varmış ki, indi bunlardan heç bir əsər-əlamət yoxdur.

  Binanın şimal-şərq tərəfindəki eyvanın qapısı dəhlizə açılır. Dəhlizdən başlanan pillələr minarəyə yol alır. 52 pillə bir kərpic sütuna dövrə vuraraq minarənin başına qədər gəlib-çatır.

  Eyvanın arxasındakı dəhlizin qapısı isə böyük məscidə, həyətə və çilləxanaya gedir. Böyük günbəzi olan bu məscid ariflər məslisi üçün xanəgah rolunu oynayıb.

  Vaxtilə məqbərənin üzərində adlar və yazılar olub. Tağının göy rəngləri çalarlarına qarışaraq burada gözəl abu nəqşlər yaradıb və baxanları heyran qoyub. Amma neyləyəsən ki, hər abidənin sinəsində bir tarix yatdığını duymayan qədirbilməz insanlar kaşılardakı bütün göylər dünyasını qarət ediblər və bu gün bu gözəlliklər daşların, divarların ovcunda qalıb. Böyük eyvan başının islami naxışlar dəryası da quruyub. Adi yeni narıncı-qırmızı kərpiclər qoyulduqları yerlərində səssizcə gözlərini gələnlərə dikib.

  Şeyx Şəhabəddin türbəsinin şərq tərəfindəki əsas qapısı başında gözə daş kitabələr dəyir. Bu daşların üzərində Əini Əttar Əleyhissəlam Mübarək, Şeyx Şəhabəddinin adı və camaatın ona müraciət etdiyi ləqəblər qazılıb. Bu kitabələrin altında bütöv bir çaxmaq daşı var. Gözəl bəzəklər ətrafından dolanan haşiyə daşın arasında dördbaşlı bir gülə bənd olur. Bu gülün sağında və solunda iki 6 guşəli ulduz var ki, hər birinin içində bir 6 yarpaqlı gül yatır.

  Abidənin şərq tərəfindəki kiçik qapısı binanın həyətinə baxır. Həm də məqbərələr həyəti olan bu yerin uzunluğu 24, eni 17 metrdir. Şimalında xanəgah, şərqində Şeyxin məscidi, cənubunda 2 mərtəbə və qərbində şəbəkəli daş hasarlardı. Daşdan qazılma işlərin ən gözəl nümunələrindən sayılan bu şəbəkəli hasarın bəzəkləri baxan adamda yalnız o təəssüratı yaradır ki, sütun, yarımsütun və qatarbəndi şəkillərində olan bu şəbəkələr çox böyük əl əziyyəti bahasına başa gəlib.

  Hasara alınmış bu məkanda həm də Əhərin digər adlı-sanlı adamlarının qəbirləri var. Şeyx Şəhabəddinin qəbir daşı şimal tərəfdədir. Bu qara daşın baş tərəfində Şeyx Şəhabəddin Mahmud Əhərinin adı yanında bu sözlər yazılıb: ariflər sultanı, salehlər qütbü, həqiqət axtaranların böyüyü.

  12-ci yüzillikdə bu yerdə xanəgah qurub şəriətlə təriqət axtaranların hidayət və irşadına nail olmuş və elə bu diyarda qütblük dərəcəsini qazanmış böyük şeyx tarix kitablarında Şeyx Şəhabəddin Mahmud Təbrizi-Əhəri adları ilə yad olunur. Bu gün həm də İrfan və Ədəb Muzeyi kimi insanların xidmətinə verilən məqbərə istər türbə, istərsə də muzey kimi Qaradağ camaatının əzizlədiyi və fəxr etdiyi bir məkandır.

  Azərbaycan tarixinin parçaları olan filosof alimlərini, din xadimlərini tanımaq borcumuzdur.     

  “Körpü” verilişi (23-cü), mövzu: Şeyx Şəhabəddin türbəsi, yayınlanma tarixi: 18.06.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz. 



Әlaqәli Xәbәrlәr