Memar adının və kaşının ilk dəfə işləndiyi abidə

Qırmızı Günbəz (Marağa) - ilklərin olduğu ən qədim abidələrdən biridir. Və Azərbaycan memarlıq tarixində kaşı, yəni kafel istifadəsinin ilk bəlli örnəyi olan abidədir.

Memar adının və kaşının ilk dəfə işləndiyi abidə

  İndiki dövrdən fərqli olaraq təxminən 100-150 il bundan əvvələ qədər memarlıq abidələrinin əksəriyyəti məscidlər, türbələr və adı dinlə bağlı olan tikililər idi. Bunlardan dövrümüzədək gəlib-çatmış qülləvari türbələrdən ən qədimi Marağa şəhərində yerləşən Qırmızı günbəzdir (1148). Abidə bişmiş kərpicdən ucaldıldığı və qırmızımtıl koloritli olduğu üçün belə adlanır. Türbə miladi təqvimilə 1148-cü ildə inşa edilib. Abidə üzərindəki kitabədə yazılana görə, türbənin sifarişçisi – Azərbaycan hakimi Əbüləziz Mahmud oğlu, memarı isə Bəkir Məhəmməd oğludur.

  12-ci əsr Azərbaycan xalqının tarixində böyük dönüş nöqtəsidir. Bu dövrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti (1136-1225) meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır. Cəmiyyətin zəngin təbəqələrinin artan tələbatından irəli gələn inşaat və memarlıq işləri geniş vüsət alır. Çoxlu mülk və dini tikililər inşa edilir. Bu səbəbdən Azərbaycanda dövrün görkəmli şəxsiyyətləri arasında həm də böyük memarlar yetişir. Türbələrdə üz baştağların klassik örnəklərini yaradan, Atabəy Eldənizlər dövlətinin baş memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani Yusif Küseyir oğlu (1162) və Mömünə xatun (1186) abidələri ilə qonşu ölkələrə də səsə salmışdı.

  Azərbaycan ərazisinin Atabəy Eldənizləri və Şirvanşahlar dövləti hüdudunda cəmlənməsi 12-ci əsrdə Azərbaycan-türk memarlığının yüksəliş mərhələsini müəyyənləşdirir. 10-cu əsrə qədər müəyyən dövrlərdə Azərbaycan və İran ərazisində böyük türk dövlətlərinin paytaxtı olmuş Marağa şəhəri 12-ci əsrdə artıq həm də ölkənin iri bədii-memarlıq mərkəzlərindən birinə çevrilir. Bu zaman baştağların müxtəlif növləri əmələ gəlir ki, sonraalr memarlar onları müəyyən qruplara bölür. Abidəni nəzərə çarpdıran 12, 8 və 4 üzlü türbələrin baştağları üz baştağ qrupuna aiddir ki, bunların ən yaxşı nümunələri Marağada 1148-ci ildə tikilmiş Qırmızı Günbəz, Naxçıvanda 1162-ci ildə ucaldılmış Yusif ibn Küseyr oğlu türbəsi və yenə Marağada 1328-ci ildə bina olmuş Qaffariyyə abidələri aiddir.

  Hündürlüyü 8 metr yarıma yaxın olan (8.44) Qırmızı Günbəz türbəsi ölçülərinə görə çox da böyük olmayan mərkəzi günbəzli və özü dörd bucaqlı şəklində bir tikilidir. Əslində onun baş fasadının memarlığını türbənin baştağ kompozisiyalı şimal səthi təşkil edir. Künclərindəki sütunlar sadə biçimli kiçik kapitellərlə tamamlanıb. Qırmızı Günbəz türbəsi xronoji cəhətdən salamat qalmış ilk baştağdır ki, burada kaşıdan istifadə olunub. Ornament rəsminə səpələnmiş parıltılı füruzəyi kərpicciklər qəribə təzad yaradır və fasadın ümumi rəng həllinə zəriflik verir. Bişmiş kərpic isə tam və ayrıntıların uyğunluğu ilə insanı heyran edən baştağın dekorativ tərtibatının əsas materialıdır. Giriş açırımı üzərində arxivoltun çevrəsini təkrar edən kitabə yerləşir. Burada türbə ucaltmağı əmr etmiş hökmdarın və şərq səthdəki kiçik kitabədə isə memar Bəkir Məhəmməd Bənda oğlunun adı yazılıb. Abidələr üzərindəki bu cür kitabələr orta əsr baştağlarının ayrılmaq tərkib hissələri idi.

  Marağada yerləşən və coğrafi cəhətdən dəqiq uyğunlaşan Qırmızı Günbəz (1148), Göy Günbəz (1196), Dairəvi türbə (1167), Qaffariyyə (1328) və Key Bürc (15-ci əsrin 2-ci yarısı) abidələrinin baştağları ümumi kompozisiya həllinə malikdir. Bu baştağlarda ənənəvi memarlıq bölgüləri, incə nisbətlər, bütövlükdə ayrıntıların ahəngi, bəzəkli memarlıq işləmələr və qismən mürəkkəb profillər toplusundan istifadə edib. Bu baxımdan Marağanın Qırmızı Günbəz türbəsi də 12-ci əsr Azərbaycan-türk memarlğı tarixində mühüm mərhələdir.             

  Beləliklə, 1148-ci ildə Marağada tikilmiş qülləvari Qırmızı günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biridir. Azərbaycan memarlıq tarixində kaşı, yəni kafel istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzillilərdə Azərbaycanda memar sülalələrinin olduğunu sübut edir.



Әlaqәli Xәbәrlәr