Dünyanın türklər yaşayan ikinci böyük şəhəri - Tehran

Tehran şəhəri Bakıdan sonra dünyada ən çox Azərbaycanlının yaşadığı, eyni zamanda, dünyanın İstanbuldan sonra türklər yaşayan ikinci böyük şəhəridir

495077
Dünyanın türklər yaşayan ikinci böyük şəhəri - Tehran

Müəllif Sevda Mirzə

   İranın paytaxtı Tehran fars şəhəridir. Amma əsasən Azərbaycan türkləri olan Qacarlar dövləti tərəfindən qurulub. 1785-ci ildə Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran paytaxt olaraq seçib. O gündən bu günə qədər Tehran İranın paytaxtıdır. Ölkənin 40 faizə yaxını yenə Azərbaycan və digər türklərdən ibarətdir. Bu sözləri təəssübkeşlik edərək biz demirik. Dünyanın qəbul etdiyi fakta görə, Tehran şəhəri Bakıdan sonra dünyada ən çox Azərbaycanlının yaşadığı, eyni zamanda, dünyanın İstanbuldan sonra türklər yaşayan ikinci böyük şəhəridir.    

  Dünyanın böyük və qüdrətli dövlətlərindən biri olan İran İslam Respublikası. Sərhədi keçəndən ölkə qaydalarına riayətlə yanaşıb adət etmədiyim yaylığı bağlamağa məcbur oldum. Əvvəlcə ürəyim sıxıldı. Sonra İranın böyük şəhərləri olan Tehranı və Təbrizi gəzib-dolaşdıqca şərq qonaqpərvərliyi könlümüzü istiməyə başladı.  

   İranın paytaxtı Tehran şəhəri. Baxmayaraq ki, Tehran fars dövlətinin paytaxtıdır, biz burda hər yerdə, hətta rəsmi idarələrdə belə Azərbaycanca danışmaqdan belə çəkinmirdik, çünki hamı bizi anlayır, bizimlə dilimizdə danışır, başa düşmədiklərini isə yanındakılardan soruşub cavab verirdilər. Bunun da səbəbi o idi ki, Tehranın 40 faizə qədəri Azərbaycan türkləridir.

  Elbrusun ön hissəsində, Dəmavənd dağının ətəyində, 1100-1300 m. hündürlükdə yerləşən Tehran şəhərinin bu gün təxminən 16 milyona yaxın əhalisi var. Bir sıra mənbələrdə 9-cu, bəzi məlumatlara görə isə Tehran 12-ci əsrdə İranın qədim paytaxtı olan Rey şəhərinin yaxınlığında salınıb. 13-cü əsrdə monqollar Reyi dağıtdıqdan sonra Tehran şəhəri böyüməyə başlayıb və 1785-ci ildə İranın paytaxtı elan edilib.  

  Tehran 1870-72-ci illərdə yenidən qurulmuş köhnə və 20-ci əsrin 30-cu illərindən tikilən yeni şəhərdən ibarətdir. Tehranın şəhərsalma quruluşunda düzbucaqlı şəbəkə əmələ gətirən küçələr, meydanlar, bağlar, fəvvarələr, qədim İran abidələri və müasir Avropa memarlıq üslubunda tikilmiş çoxmərtəbəli mehmanxanalar, banklar, inzibati binalar, mülk-kotteclər və 10-15 mərtəbəli yaşayış evlərindən ibarət məhəllələr (19-20-ci əsrlər) üctünlük təşkil edir. 

  Tehranın əsas inkişaf sürəti 2-ci Dünya Müharibəsindən sonra başlanıb. 1943-cü ildə Tehranda 3 müttəfiq dövlətin – keçmiş Sovetlər İttifaqı, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya hökumət başçılarının məşhur tarixi konfransı keçirilib. Bu hadisə “Tehran 43” bədii-sənədli filmində də öz əksini tapıb. İran inqilabının əsas mərkəzlərindən biri olan Tehranda 1979-cu il fevral ayının 12-də baş verən silahlı üsyan nəticəsində burada şahlıq üzuli-idarəsinə son qoyuldu və indiki İran İslam Respublikası yarandı.  

  İran bu gün dünyanın iri sənaye mərkəzlərindən biridir. Ölkənin sənaye istehsalının 3-də birini İran dövləti özü verir.

  Tehranda olub (Pəhləvi) şahın sarayı və onun evlərinə baş çəkməmək mümkün deyil. İranda Şah hakimiyyətinin devrilməsinə, onun əksər qayda-qanunlarının ləğv edilməsinə baxmayaraq, iranlılar öz tarixi keçmişlərini qorumaq baxımından bu məkanı hifz edib Sarayı muzey kimi yerki əhali və şəhər qonaqlarının istifadəsinə veriblər.

  Bünövrəsi Qacarlar tərəfindən qoyulan Sarayı Məhəmməd Rza şah təkmilləşdirib və ailəsiylə birgə hakimiyyətdən gedənəcən burada yaşayıb. Qeyd edək ki, şahın xanımı təbrizli qızı Fərəh xanım Azərbaycan türkü olub. Onlar bu sarayda İran şahlığının – Qacarlar sülaləsinin 250 ilini beynəlxalq tədbirlər səviyyəsində təntənəli şəkildə qeyd ediblər.  

  Yerli əhali bizə söylədi ki, indi iranda imkanlı adamlara məxsus şah saraı kimi neçə-neçə belə şəxsi mülk və malikanələr var. Hətta son illər bizim Azərbaycanda olduğu kimi İranda da yeni və möhtəşəm tikililər baş almaqdadır.

  Şərq qonaqpərvərliyindən zövq aldıqca Tehranın gözəl və rahat yollarından necə keçib nə vaxt Dərbəndə gəlib-çatdığımızı hiss etmədik. Ağayi Naibzadə bizi nahara şəhərin ən gözəl istirahət guşələrindən biri olan, İranın ən hündür dağı Dəmavəndin ətərində yerləşən, dar bənd anlamını verən Dərbəndə gətirib-çıxartdı. Dağların qucaqladığı bu məkan ilk baxışdan qeyri-adi gözəlliyi və cazibədarlığı ilə insanı ovsunlayır.  

  Odla suyun qovuşduğu Dərbənd təkcə bir-birindən gözəl İran yeməklərilə seçilən zəngin restoran və yeməkxanalar məkanı deyil, bura həm də dağların zirvəsinə qalxmaq həvəsində olan turistlərin alpinist kimi özlərini sınamaq yeridir.

  Tehranda bir gün qaldıq. Buna görə də onun bütün qədim memarlıq abidələri, universitet və institutları, elmi idarə və kitabxanaları, arxeologiya, etnoqrafiya museyləri, müxtəlif məktəb və ayrı-ayrı teatrları ilə tanış olmaq imkanımız olmadı.  

  “Körpü” verilişi (18-ci), mövzu: Tehran şəhəri haqqında, yayınlanma tarixi: 07.04.2016. 

  “Körpü”, hər həftənin şənbə günü Ankara saatı ilə 10.00, Təbriz vaxtı ilə 11.30, Bakı saatı ilə 11.00-da, TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRTAzerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, e-mail adresinə də yaza bilərsiniz. 

 

 

 

 



Әlaqәli Xәbәrlәr