Mənə İslamı anlat 18/2016

İslamda müqəddəs qəbul edilən ay, gün və gecələrin hər birində böyük hikmət var.

491902
Mənə İslamı anlat 18/2016

Cəmiyyətlər üçün bəzi zamanların xüsusi dəyəri var. İslam ənənəsində də bəzi zaman dilimləri digər vaxtlara nisbətən daha qiymətli qəbul edilir. Hər hansı bir zamanın müqəddəsliyi ancaq Allahın və ya Hz. Peyğəmbərin o ana dəyər verməsiylə bağlı olur. Bu baxımdan Ramazan ayı, Qədr gecəsi, Cümə günü və bu günlərdə duaların qəbul olunduğu zaman dilimləri, mübarək hesab edilir. Çünki Quran və hədislərdə bunların hər birinə xüsusi dəyər verilib. Quran və ya Hz. Peyğəmbərlə əlaqədar bəzi mühüm hadisələr bu zaman dilimlərinə dəyər qazandırıb.

İslamda müqəddəs qəbul edilən ay, gün və gecələrin hər birində böyük hikmət var. Uca Allah bu zaman dilimlərini qullarına günahlarını bağışlatmaq, savab və mənəvi qazanclarını artırmaq üçün böyük bir fürsət olaraq təqdim edir. Bu zamanlar ilin içinə dağılmış vəziyyətdədir. Bu səbəbdən mübarək ay, gün və gecələrdə müsəlmanların dini həyatı sıxlıq və canlılıq qazanar, möminin dini şüuru artar və iradəsi güclənər.

Ay ilini əsas götürən hicri təqviminin Rəcəb, Şaban və Ramazan aylarında Hz.Peyğəmbər ibadətini daha da artırıb, səhabələrinə də bu aylarda daha çox ibadət etmələrini tövsiyə edib. İlin ən fəzilətli ayları - orucluq ayı olan Ramazan və Həcc ziyarətinin edildiyi Zilhiccə aylarıdır.

Cümə günü isə həftənin ən fəzilətli və bərəkətli günü olaraq qəbul edilib ki, müsəlmanların həftəlik görüşlərinin reallaşdığı, xüsusi toplanma günü və bayram günü kimi məna qazanıb. Cümə namazı da xüsusi sayılır.

Hədislərdə də Cümə günü təriflənir. Hz.Peyğəmbər bir hədisində buyurub: "Günəşin doğulduğu ən xeyirli gün cümə günüdür. Hz.Adəm o gün yaradılıb, Cənnətə o gün girib, Yer üzünə o gün enib, tövbəsi o gün qəbul edilib, o gün ölüb, o gün də qiyamət qopacaq. Allah qatında cümə günü əməllərin savablarının artırıldığı gündür".

Cümə gününün sirri, fəziləti həmin gün edilən duaların mütləq surətdə qəbul edilməsidir. Peyğəmbərimiz deyib: "Cümədə bir saat vardır. Hansı müsəlman qulun namaz qıldığı vaxt bu saata düşərsə, Allahdan nə istəsə, Allah mütləq verər." Bu hədisin mənası cümə günü ibadətinin xüsusi olduğuna diqqət çəkməkdir.

Ərəfə günü, Ramazan və Qurban bayramı günləri də ilin mübarək günləridir. Qədir gecəsi, Berat gecəsi, Merac gecəsi və Hz.Peyğəmbərin doğulduğu Mövlud gecəsi də ilin mübarək gecələridir.

Bu günlər və gecələr arasında, heç şübhəsiz, ən fəzilətli olanı Qədir gecəsidir. Bunun səbəbi Qurani-Kərimin bu gecədə nazil olmasıdır. Quranda bu gecə xüsusi izah edilib: “Quran Qədir gecəsində nazil olub. Buna görə Qədir gecəsi min aydan daha xeyirli sayılır”.

Peyğəmbər əfəndimiz də Qədir gecəsinin əhəmiyyətini belə vurğulayıb: "Bu ayda elə bir gecə vardır ki, min aydan daha xeyirlidir. Bu gecənin xeyrindən məhrum qalan min ayın xeyrindən məhrum qalmış kimidir. Bir günlük zaman diliminin hər saatı dini baxımdan eyni dəyərdə deyil. Gecənin bitməsi, yeni günün başlamağa yaxınlaşdığı an, sübh namazından əvvəlki vaxt gecədən səhərə qədər olan zamanın ən qiymətli vaxtıdır. Bu vaxt qılınan nafilə namazına təhəccüd namazı deyilir”.

Uca Allah Peyğəmbərimizə gecənin bir vaxtı təhəccüd namazı qılmasını buyurub. Bir gün səhabələrdən biri ondan soruşub: "Ey Allahın elçisi, Allaha digər vaxtlara görə daha yaxın bir vaxt vardırmı? Ya da xüsusi seçim ediləcək bir zaman vardırmı?" Peyğəmbərimiz bu suallara belə cavab verib: "Bəli. Əziz və Cəlil olan Allahın qula ən yaxın olduğu vaxt gecənin sonlarına doğru olan vaxtdır.

Bu saatlar Allahı ananlardan biri olmaq istəsən, bunu həyata keçir. Şübhəsiz, o vaxtlar qılınan namazlarda mələklər hazır olub şahidlik edirlər."

Müsəlman zaman anlayışını Quran və qaydalarına görə şəkilləndirməli, vaxtını Allaha qulluq şüuru ilə keçirməli, mübarək saatların qiymətini yaxşı bilməli, bu vaxtları axirət həyatına sərmayə kimi hazırlamalıdır. 



Әlaqәli Xәbәrlәr