İnebahtı (Lepanto) müharibǝsi, iki ǝsarǝt hekayǝsi vǝ evǝ qayıdış

“Bu hekayǝlǝr insan ruhunun sınaqlar vǝ yamanlıqlar qarşısındakı ǝzmkarlığı haqqında çox şey ifadǝ edir.” İbrahim Kalın, Türkiyə Dövlət Aparatı (Cümhurbaşkanlığı) sözçüsü

455057
İnebahtı (Lepanto) müharibǝsi, iki ǝsarǝt hekayǝsi vǝ evǝ qayıdış

İnebahtı dǝniz müharibǝsi (1571) uzun keçmişǝ sahib Osmanlı-Avropa ǝlaqǝlǝri tarixindǝ tǝxminǝn hǝr kǝsin yaxşı bildiyi hadisǝlǝrdǝn biridir.

16-cı ǝsrdǝn bǝridir hǝrbin xatırlatdığı simvollar, xatirǝlǝr vǝ duyğular İslami vǝ Qǝrb anlayışlarının müqayisǝsindǝ ǝbǝdi bir xüsusiyyǝt kimi öz yerindǝdir. Nǝyinki bir dǝniz mühabirǝsi, bu savaş hǝmçinin çox fǝrqli insanların taleyini gözlǝnilmǝyǝn şǝkildǝ birbirinǝ bağladı.

Qǝrb ǝdǝbiyyatının mǝşhur fiqurlarından sayılan vǝ Orta ǝsrin ǝn mǝşhur ispan yazıçısı Miquel Servantes vǝ Osmanlı dövlǝt xadimi, şair vǝ tarixşünas “Hindli" Mahmudun ǝsarǝt, ayrılıq vǝ heç gözlǝnilmǝyǝn şǝrtlǝrdǝ evǝ qayıdış kimi iç-içǝ keçmiş mǝfhumlara şahidlik edǝn hekayǝlǝri maraqlı bir nümunǝdir.

Avstriyalı Don Johnun komandirlik etdiyi Avropa donanması Yunanıstanın Korint körfǝzindǝki İnebahtı (Lepanto) sahillǝrindǝ mǝğlub etmǝsi, haqlı olaraq hǝr yerdǝ xǝbǝr oldu. Avropalılar Osmanlılardan daha böyük bir şok yaşadılar: ǝsrlǝrdir mǝğlub olmayan Türklǝr ilk dǝfǝ mǝğlub edilmiş vǝ Avropa qorxulduğu kimi bir “Türk gölü" olmaqdan xilas edilmişdi. Avropanın hǝr tǝrǝfindǝ tǝntǝnǝli tǝdbirlǝr keçirildi, ziyafǝtlǝr verildi. Zǝfǝr coşğusu hökm sürürdü. “Türklǝrin mǝğlubiyyǝti" yaxın görünürdü. Avropadakı yaxşı xristianları sǝdaqǝtsizliklǝri vǝ günahlarına görǝ tǝrk edǝn Tanrı axırda kömǝklik göstǝrirdi. İnǝeahtı zǝfǝrindǝ önǝmli rol götürmüş Papa Pius V. “saracen"lǝrǝ (Sǝlib sǝfǝrlǝri zamanı Müsǝlmanlara verilǝn ad) qarşı yeni bir savaş başlatmaq üçün ǝn uyğun imkana qovuşmuşdu. Lakin bu zǝfǝr coşğusu elǝ uzun çǝkmǝdi. Eyni il Osmanlılar Kıbrısı fǝth etdi. Donanmanı yenidǝn hazırlayaraq daha güclü şǝkildǝ geri qayıtdılar. Sultan 2-ci Sǝlimin sǝdrǝzǝmi Sokullu Mehmet Paşa Venesiya sǝfiri Marcantonio Barbaroya bu mǝşhur sözlǝri dedi: “Bu bǝxtsizliklǝ necǝ mübarizǝ edǝcǝyimizi görmǝyǝ gǝldiniz. Lakin bizim itkimiz ilǝ sizin itkiniz arasındakı fǝrqǝ diqqǝt yetirmǝyinizi xahiş edirǝm. Kıbrısı sizdǝn alaraq biz sizin qolunuzu sındırdıq; donanmamızı (İnebahtıda) mǝğlub edǝrǝk siz bizim saqqalımızı kǝsdiniz, Kǝsilǝn qol bir daha çıxmaz, amma kǝsilǝn saqqal daha gur şǝkildǝ yenidǝn çıxacaqdır. İllǝr sonra iti ağlını vǝ abırsızlığından istifadǝ etmǝ imkanını ǝldǝn vermǝk istǝmǝyǝn Voltairǝ bunu deyib:"Elǝ görünür İnebahtıda Türklǝr qazanıb."

İnebahtı savaşı arxasında müxtǝlif izlǝr buraxdı. Sonrakı ǝsrlǝr boyunca siyasǝti, anlayışları vǝ davranışları formalaşdırdı. Qǝhrǝmanlıq, fǝdakarlıq, ǝsarǝt vǝ evǝ qayıdış hekayǝlǝri Avropada vǝ Osmanlı torpaqlarında artdı. Bu hekayǝlǝr gǝlǝcǝk nǝsillǝrin xǝyal gücünü artırdı. Bunlar arasında İspan vǝ Osmanlı hekayǝlǝri tarixi çǝrçivǝdǝ, ǝdǝbi dühası vǝ mǝdǝniyyǝtlǝr arasındakı önǝmi baxımından xatırlanmalı xüsusiyyǝtǝ malikdir.

İnanc vǝ vǝtǝn üçün coşğulu olan Miquel Servantes 1571-ci ildǝ İnebahtıda Osmanlıya qarşı müqavimǝt göstǝrmǝk üçün Avropa ordularına qoşuldu. Xǝstǝliyinǝ vǝ komandanın xǝbǝrdarlıqlarına baxmayaraq hǝrb meydanına girdi vǝ sol ǝlindǝn yaralandı. Lakin o bu vǝziyyǝti Tanrının bir xeyirxahlığı kimi gördü, çünki bir yazıçı olaraq ǝn güclü silahı olan ǝlinǝ üstünlük vermǝsinǝ imkan yarandı. Müharibǝ günlǝrini qürurla xatırlayaraq bunları söylǝdi:"O gün, mǝn oradaydım." Lakin illǝr sonra Servantes Müsǝlman dǝniz quldurları tǝrǝfindǝn qaçırılmış vǝ Әlcǝzairǝ aparılmışdı. Orda 5 il ǝsir hǝyatı yaşadı. Әsǝrlǝrindǝ ümumilikdǝ, misal üçün “ Әl Trato de Argel" (Әlcǝzair Әsiri), “Los Banos de Argel" (Әlcǝzair Zindanları) vǝ ǝlbǝtdǝ ǝn mǝşhur ǝsǝri olan “Don Kixot" da Әlcǝzairdǝ keçirdiyi bu ǝsirlik günlǝrindǝn bǝhs edir. 1580-ci ildǝ bir Müqǝddǝs Teslis mǝzhǝbi vasitǝsilǝ (vǝ fidyǝ ödǝnmǝsi) sayǝsindǝ azadlığa buraxıldı.

Servantesin 5 illik ǝsarǝti ömrü boyunca doğma vǝtǝnindǝ mübahisǝ mövzusu oldu. Bu müddǝtdǝ nǝ etmişdi? İnancına xǝyanǝt etdimi? Gizli şǝkildǝ Müsǝlman olduğu iddiaları doğruydumu? Osmanlı hakimiyyǝtindǝki Әlcǝzair ǝmiri Hǝsǝn paşa ilǝ yaxşı münasibǝtlǝrinǝ necǝ aydınlıq gǝtirirdi? Bǝli dörd dǝfǝ qaçmaq üçün tǝşǝbbüs qaldırmışdı lakin buna görǝ cǝzalandırılmamışdı. Әksinǝ ona yaxşı rǝftar edilmişdi. Nǝ üçün? Yǝqin ki, belǝ suallar ispanları naharat edib. Lakin heç vaxt qaçıb evǝ qayıtmaqdan imtina etmǝmiş kimi görünürdü. Әsirlik hǝyatından gǝlib Müsǝlman, Xristian vǝ Yǝhudi mǝhkumları izlǝdikdǝ İslam inancı, mǝdǝniyyǝti, sǝnǝti vǝ Şimali Afrika coğrafiyası haqqında tǝfǝrruatlı araşdırmaları oldu vǝ bu tǝcrübǝlǝri ǝdǝbi ǝsǝrlǝrinǝ zǝnginlik qatdı. Әlbǝttǝ Servantes bir liberal yaxud da plüralist deyildi, İslama vǝ Müsǝlmanlara Orta ǝsr xristianlığının saxta hekayǝlǝri, ǝfsanǝlǝri vǝ qǝrǝzli düşüncǝlǝri çǝrçivǝsindǝn nǝzǝr yetirirdi. Vǝ bǝlkǝ dǝ özünün ǝsarǝtinǝ dǝ nifrǝt edirdi. Buna baxmayaraq evǝ qayıdışı mǝdǝniyyǝt vǝ ǝdǝbi bir hadisǝ oldu, çünki adi insanların yanında Әlcǝzairin idarǝçilǝri ilǝ keçirdiyi müxtǝlif görüşlǝr ona 16-cı ǝsrdǝ müasiri olan şǝxslǝrdǝn çox azının ǝldǝ etdiyi bir imkana qovuşmasına gǝtirib çıxarmışdı.

İnebahtı müharibǝsinin taleyini istiqamǝtlǝndirǝn digǝr bir şǝxs isǝ Osmanlı dövlǝt xadimi, şair vǝ tarixşünas olan Hindli Mahmud idi. Onun hekayǝsi “Hindli Mahmudun Jurnalı" adı ilǝ nazim bir ǝsǝr ilǝ nǝticǝlǝnǝn ǝsirlik vǝ evǝ qayıdış hekayǝsi idi. Afyonkarahisarda 1513-1514-cü illǝrdǝ tǝvazökar bir ailǝdǝ dünyaya gǝlǝn Hindli Mahmud Osmanlı dövlǝtindǝ idarǝ işlǝrindǝ sürǝtli şǝkildǝ yüksǝlǝrǝk ǝvvǝl mǝhkǝmǝ vǝzifǝlisi, daha sonra xǝzinǝ işçisi vǝ sǝfir olaraq vǝzifǝ öhdǝlǝnib. “Hindli" tǝxǝllüsü ona o dövrdǝ vǝliǝhd olan daha sonra isǝ sultan olacaq şǝhzadǝ Sǝlim tǝrǝfindǝn verilib.

Mahmud üçün bǝdtalehli olmağın qapıları İnebahtı savaşı üçün Osmanlı dǝniz qüvvǝlǝrinǝ qatıldığı zaman açıldı. Osmanlılar müharibǝdǝ mǝğlub olduqda Don Juan tǝrǝfindǝn ǝsir götürüldü. Hǝftǝlǝr davam edǝn zǝhmǝtli bir sǝfǝrdǝn sonra digǝr ǝsirlǝrlǝ birlikdǝ ǝvvǝl Messinaya sonra Napoliyǝ, axırda Romaya aparıldı. Hindli Mahmud Romada olduğu zaman bir digǝr adı Hadrian Mavzoleyi olan Castel Sant' Angelada hǝbs edildikdǝ hǝyatında yeni bir dövr başladı. Elǝ hǝmin yerdǝ Mahmudun yolu Osmanlı sultanı vǝ qǝrbdǝ Zizim şahzadǝ kimi tanınmış Bǝyazidin qardaşı Cǝm Sultan ilǝ kǝsişdi. Taxtda qardaşının oturması nǝticǝsindǝ ömrünün son 13 ilini Rodos cǝngavǝrlǝrinin, Papa İnnocent VIII vǝ müxtǝlif feodal bǝylǝrin ǝlindǝ ǝsir olaraq keçirdi vǝ 1495-ci ildǝ vaxtsız şǝkildǝ Napolidǝ hǝyatını itirdi. Cǝm Romada olanda Avropadakı güclü maraq, çılğın xǝyal gücü vǝ siyasi iğtişaşların mǝnşǝyi olaraq hǝr zaman eyni hǝbsxanada zamanını keçirdi.

Әsirlik günlǝrindǝ Hindli Mahmud bir gün evǝ qayıdacağını ümidini heç itirmǝdi. Gözlǝri yaşlı ailǝsini, hǝyat yoldaşını vǝ uşaqlarını düşündü. Bǝdtaleh qarşısında Allahdan sǝbr dilǝdi. Yanında olanlara güclü olmalarını mǝslǝhǝt etdi. Belǝliklǝ güclü qala bildilǝr. Birlikdǝ dua etdilǝr. Onları hǝbs edǝnlǝrǝ cümǝ namazını qılmaq üçün vǝ İslam peyğǝmbǝrinin doğum gününü qǝyd etmǝlǝri üçün icazǝ verdiklǝrinǝ görǝ minnatdar oldular. Hǝtta hǝbsxanada sǝsli azan da oxudular. Castel Sant'Angelo Osmanlı ǝsirlǝri üçün bir ibadǝtxanaya çevrilmişdi.

Bǝdii dillǝ yazılmış vǝ zǝmanǝmizǝ sadǝcǝ müǝyyǝn hissǝlǝri gǝlib çatan gündǝliyindǝ Hindli Mahmud ǝdǝbi qabiliyyǝtindǝn Romadakı ǝsirlik günlǝrindǝ bir dayanacaq kimi istifadǝ etdi. Don Johnın onlara qarşı nǝzakǝtli vǝ alicǝnab mövqeyini tǝqdir etdi. Vatikanın papalıq siyasǝtlǝrini tǝnqid etdi. Hǝbsxanadan 1572-ci ildǝ Romada baş verǝn üsyanları, 5-ci Papa Piusun ölümünü vǝ 8-ci Gregorynin Piusun yerini tutmasını izlǝdi. Avropa insanları vǝ mǝdǝniyyǝtlǝri haqqında rǝngli müşahidǝlǝri oldu. Bir gün Romanı fǝth etdiyini xǝyal etdi, bu qǝdim şǝhǝri Türklǝrin nehai hǝdǝfini vǝ hakimiyyǝtǝ gǝlmǝsini tǝsvir etmǝk üçün istifadǝ etdiklǝri qǝdim bir deyim olan"Qırmızı alma" deyǝ adlandırmışdı.

1575-ci ildǝ ǝsir mübadilǝsi zamanı sǝrbǝst buraxıldığı zaman Hindli Mahmud 64 yaşındaydı. Ömrünün qalanını İstanbulda mǝşhur kitabı “Kisas-ı Әnbiya"nı (Peygǝmbǝrlǝrin Hekayǝlǝri) yazaraq keçirdi. Bu ǝsǝri ona azadlığını qazandıran Sultan 3-cu Murada ithaf edib.

Hǝm Servantes hǝm dǝ Mahmud üçün evǝ qayıtma bir yenidǝn doğuş vǝ böyük bir şövq vǝ minnǝtdarlıq mǝnbǝyi olmuşdur. Çox fǝrqli insanlar olmalarına vǝ fǝrqli tǝcrübǝlǝr yaşamalarına baxmayaraq ǝsarǝt illǝrinǝ ǝsaslanmalarını tǝmin edǝn faktlar az ya da çox oxşayırdı: inanc, ümid, dözüm. Hǝmin zamanda ikisi dǝ ǝdǝbi qabiliyyǝtlǝri, xǝyal gücü vǝ mǝdǝniyyǝtlǝr arasındakı güclü biliklǝri ilǝ müstǝsna şǝxsiyyǝtlǝr olublar. Onların adlarını bu günlǝrǝ gǝtirib çıxaran da elǝ onların bu xüsusiyyǝtidir.

Lakin hamısı bu qǝdǝr dǝ deyil. Hekayǝlǝri 16-cı ǝsrin başqa dǝyǝrli bir şǝxsiyyǝti olan qǝrbdǝ afrikalı Leo olaraq da tanınmış Hǝsǝn al-Wazzanın hekayǝlǝri ilǝ dǝ üst-üstǝ düşür. Al-Wazzan 1518-ci ildǝ ǝsir götürülmüş vǝ Papa 10-cu Leonun qulluqçusu olmuş vǝ dünya şöhrǝtli “AfrikanınTǝsviri" adlı ǝsǝrini yazmışdır.

Amin Maaloufun “Afrikalı Leo" adlı kitabı onun hekayǝsini bir ǝdǝbi şahǝsǝrǝ çevirir vǝ bu qeyri-adi şǝxsin dini, dili vǝ mǝdǝniyyǝt maneǝlǝrini necǝ ötdüyünü vǝ evǝ qayıtmağı necǝ bacardığını göz qabağına sǝrir.

Bu hekayǝlǝr insan ruhunun sınaqlar vǝ yamanlıqlar qarşısındakı ǝzmkarlığı haqqında çox şey ifadǝ edir. Әsarǝt vǝ evǝ qayıtmağın ortaq nöqtǝlǝrini göstǝrir. Lakin hǝmin zamanda İslam vǝ Qǝrb ictimaiyyǝtlǝrinin çox fǝrqli sǝviyyǝlǝrdǝ bir-birlǝrilǝ ünsiyyǝtinin mürǝkkǝb vǝ bir-birinǝ qarışmış qurğusuna da diqqǝt çǝkir. Mövcud İslam-Qǝrb izahına gǝtirdiklǝri çalarlar, bu günün sınaq vǝ qǝrǝzli fikirlǝri üçün gözdǝn yayındırılmayacaq qǝdǝr ǝhǝmiyyǝtlidir.



Әlaqәli Xәbәrlәr