Axirətə inam Allaha və Peyğəmbərə imanla birlikdə İslam inanc əsaslarının təməlini təşkil edir

Allaha və axirətə inanan hər kəs digər İslam inanclarına da inanmış sayılır.

450378
Axirətə inam Allaha və Peyğəmbərə imanla birlikdə İslam inanc əsaslarının təməlini təşkil edir

Mənə İslamı anlat 9/2016

Axirət öldükdən sonra insanların təkrar dirildilməsi ilə başlayacaq və əbədi olaraq davam edəcək həyatın adıdır. İman əsaslarından biri axirətə inanmaqdır, yəni öldükdən sonra təkrar diriləcəyinə, məhşər adlı yerdə olacağına və bu dünyada etdiklərinin hesabını verəcəyinə inanmaqdır.

Axirətə inam Allaha və Peyğəmbərə imanla birlikdə İslam inanc əsaslarının təməlini təşkil edir. Allaha və axirətə inanan hər kəs digər İslam inanclarına da inanmış sayılır. Duyğularla bilinməyən, varlığı vəhylə çatdırılan axirət həyatına inanmaq böyüklük istəyir. Bu səbəbdən axirətə inanmaq iman əsasları arasında xüsusi yer tutur.

İslam axirət inancını bu şəkildə izah edir: insanlar öldükdən sonra Allahın qüdrətilə imtahan meydanı olan o biri dünyaya göndərilir. Demək, bu dünyada hər şeyi insanın əmrinə verən Uca Allah onu heç də başıboş buraxmayıb, ona vəzifə olaraq Yaradanını tanımaq və Onun razı qalacağı şəkildə yaşamağı tövsiyə edib. Quranda ömür bitincə öləcəyi, əbədi aləm olan axirət həyatında yenidən dirildiləcəyi və orada hesaba çəkiləcəyi də insana bildirilib. Bu şəkildə yol göstərildikdən sonra artıq inanıb-inanmamaq, uyğun əməllər edib-etməmək insanın öz iradəsi daxilindədir, yəni məcburiyyət deyil.

Axirətə iman itaət, inkar və üsyan vəziyyətlərinə görə insanların cənnət və ya cəhənnəmə gedəcəklərini müəyyən edir. İslam inancına görə, kafir, müşrik və münafiqlər cəhənnəmdə əbədi olaraq qalacaqlar. Günahkar möminləri isə Allah bağışlamasa, cəzalarını cəhənnəmdə çəkəcək, sonra imanlarının mükafatını görmək üzrə cənnətə girəcəklər.

Axirət inancı olmadan halal və haram kimi dini hökmlər, doğru və yanlış kimi insan davranışları, gözəl və çirkin kimi dünya nemətlərinin əxlaqın mənası kimi anlamı qalmaz. Bu səbəbdən Quranda axirətlə bağlı xatırlatmalar var. Və ən əsası, Kitabda axirəti inkar etmək Allahı inkar etmək sayılır.

Quran şüurlu müsəlmanların xüsusiyyətlərini izah etdiyi ayələrdə onların axirətə iman etdiklərini vurğulayır. Aşağıdakı ayələr axirət inancını açıqlamaq baxımından diqqət çəkicidir:

"Yaradılmışları yoxdan var edən, ölümdən sonra dirildən Odur. Bu diriltmə Onun üçün çox asandır."

"Bizim sizi boş-boşuna yaratdığımızı, hüzurumuza dönüb hesab verməyəcəyinizimi güman edirsiniz? Bunu bilin ki, gerçək güc sahibi özündən başqa heç bir tanrı olmayan və çox uca taxtın sahibi Allah bu fikirdən son dərəcə uzaqdır."

"Qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kimə bir haqsızlıq edilməz. İnsanın gördüyü iş bir xardal dənəsi ağırlığında olsa belə, onu gətirərik. Haqq-hesab çəkməyə biz kifayətik."

Öldükdən sonra dirilmə ilə bağlı Quran buyurur: "O, ölüdən diri, diridən ölü çıxarır və ölmüş torpağa həyat verir. Siz də öldükdən sonra beləcə dirildiləcəksiniz."

Bebəliklə, axirətə imanın fərd və cəmiyyət həyatı baxımından əhəmiyyətini bu cür də ifadə edə bilərik:

Axirət gününə inanan ümidsizliyə qapılmaz. İmanı onu hər cür pislik, müsibət və xəstəliyə qarşı dözümlü edər. O insana görə bunların hamısı Allahdandır və qarşılığı daha yüksək və əbədi bir həyat olan axirətdə veriləcək. Bu səbəbdən bu çətinliklər onun xoşbəxtliyinə mane olmaz.

Axirətə iman edən ölümün son olmadığına inanır. Ölümü sevdiklərinə və cənnətə qovuşmaq üçün bir vasitə görür. Özünü ölümə yaxınlaşdıran insan xəstəliyi və qocalığı bu inanc sayəsində rahatca qəbul edir. Sevdikləri ölənlərinin ağrılarına dözə bilir.

Axirətə və sorğu-suala inanmaq insanın vəzifə və məsuliyyət şüurunu müəyyən edir. İnsan bu iman sayəsində düzgünlükdən ayrılmaz, qazancını qanuni yollarla qazanar, hiylə etməz, aldatmaz, ömrünü və imkanını faydalı işlərə sərf edər.

Axirətə inanan cəmiyyətdə üstün əxlaqa səbəb olur. İmanı şüurla qəbul edən müsəlmanlardan ibarət ailə və cəmiyyət əmin-amanlıq içərisində yaşayar. Yəni fərdin, ailənin, cəmiyyətin və bütün insanlığın gerçək səadət və dincliyə çata bilməsi ancaq əməllərin hesabının ediləcəyi axirət həyatına inanmağa bağlıdır. Bütün pisliklər axirətə, hesab-Kitaba inanmamaqdır.

İstəklərinə sərhəd qoymayan insan başqalarının haqqına qəsb və zülm edər. Çünki öz mənfəətini təmin etmək üçün hər cür hiylə və pisliyə əl atar. Amma axirətdə hesabvermə inancı və cəzalandırılma narahatlığı onu başqalarına pislik etməkdən saxlayar. Haqqını və sərhədlərini bilən başqalarının da haqqlarını gözləməyi özünə borc bilər.

Axirət inancı insana əbədi cənnəti qazandırmaqla yanaşı, bu dünyanı da cənnətə çevirir.


Etiketlәr: #Allah , # axirət

Әlaqәli Xәbәrlәr