Türk Adət və Ənənələri 45 /2014

Durna ilə bağlı inanc və deyimlər

189854
Türk  Adət və Ənənələri 45    /2014

Heyvanlarla bağlı çox sayda rəvayətlər var. Durna quşu da mifik yaddaşlarda, əfsanələrdə, inanclarda xüsusi yer tutur.
Durna leylək boyda, uzun ayaqlı, zərif boyunlu, parlaq və gözəl gözlü köçəri bir su quşudur. Başının arxa tərəfində geriyə doğru sallanan zülfü və qanadlarında mavi, qırmızı və yaşıl tükləri var.
Qədim zamanlardan durna Orta Asiyadan Japonyaya qədər olan geniş bir məkanda vəfanın, xoşbəxtliyin, bəxtin, uzunömürlülüyün və sülhün simvolu kimi qəbul edilib. Anadoluda isə durna daha çox "gənc qız” və “gözəlliy"in sinonimidir.
Durnaların heyranedici xüsusiyyətləri var. Onlar heç dayanmadan kilometrlərlə uça bilən və havada ən çox qalan quşlardandır. Köç edərkən latın qrafikası ilə olan "V" şəklində uçurlar. Öndə gedən yol göstərən durna olur. Xəstə, şikəst və yaşlı durnalara yoldaşları dəstək verir. Belə bir inanc var ki, “Durnalar yalnız insanların yer üzündə fəna hərəkətlərindən kədərlənərək yollarını aza bilərlər”.
Durnalar cüt yaşayırlar, yalnız bir həyat yoldaşları olur. Yuvalarını özləri qurur və onu digərlərindən ayırırlar. Dişi durna kürt yatdığı zaman erkək durna yuvanı və gələcək balalarını başqa heyvanlardan qorumaq üçün qarovul çəkir.
Durnalarda möhkəm ailə bağlılığı var: cütlərin biri öldükdə digəri 7 il heç bir durna ilə yaxın ola bilmir. Əgər bir ovçu durnanın birini vursa, həyat yoldaşı olan o biri durna daha yaşamağı deyil, ölümü seçir və özünü suya buraxır. Öz sevgilisinə, ailəsinə belə bağlılığı sevgi və sədaqət haqqında şeirlərdə durnanı insanlara təşbeh edib.
Anadoluda da durna ilə bağlı bir çox deyimlər var. Məsələn, durnaları yolundan azdırmaq, onları havada tutmaq günah sayılır. Həyat yoldaşı öldürülən durna yerə enər, yoldaşından ayrılmaq istəməz, bu səbəbdən durna ovlamaq asandır, amma durna öldürən adamın və ailəsinin başına fəlakət gələcəyi inancı məşhurdur.
Gəlinlərin taleyi xoş olsun deyə onların saçına, ya yaylığına durna teli ilişdirirlər.
Bərəkətin və rifahın da rəmzi sayılan “durna hansı tarlanın üzərindən uçsa, o yer bərəkətli olar” deyiblər. “Yaz gələrkən durna ağzında buğda gətirsə bolluq, sümük gətirsə ölüm, ilan gətirsə, fəlakət olar” inancı var xalq arasında. “Durna alçaqdan uçsa hava soyuq, yüksəkdən uçsa isti olar” deyiblər.
Anadolunun bəzi yerlərində durna havada yol dəyişdiyi və "qurrk-qurrk" deyə ötdüyü zaman niyyət edilir, dilək tutulur. Durna yoluna davam edərsə, insan diləyinin qəbul olacağına inanıb.
İslam dinində iki müqəddəs quş varsa, biri durna, biri göyərçin sayılır. “Hz. Əli səsini durnaya verib” deyirlər. İnanca görə, durnaların səmadakı rəqslərini əks etdirərək bir müddət onlar kimi dairəvi dönən insanlar səslərini Haqqa bu cür hərəkətlərlə çatdırırlar.
Türk şifahi ədəbiyyatında, rəvayət və nəğmələrdə köçəri quş olması, diyar-diyar gəzməsi ilə bağlı durna insana sevgilisindən, məmləkətindən, ana-atasından xəbər gətirən, özü ilə söhbət edilən obraz olub həmişə. Durnalar türkülərdə qürbətə gedənlərin, həsrət çəkənlərin, sevdiyini gözləyənlərin duyğularına tərcüməçi olub sanki. Nəticədə insan və durna arasında romantik bir bağlılıq yaranıb.
Durna Anadoluda məkan və insana qoyulan adlar arasında da var. Adamlar geyim-keçimdə, xalça-palazda, ev-eşiyində, beşik, daş və ağac işləmələrində durna rəsmlərindən bir motiv olaraq istifadə etmişlər. Türk xanımları saldıqları naxışlara “durna ayağı”, “durna qanadı”, “durna qatarı” adlarını vermişlər. Balacaların oyunlarında fiziki xüsusiyyətləri və səsləri ilə uşaqların böyük marağını çəkən quşlar arasında durna da yer alır. "A telli durna", "Durna vurdu" bu oyunlardandır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr