Könüldən – Könülə - 253/ 2014

Oğuz boyları

189998
Könüldən – Könülə - 253/ 2014

Oğuz boyları silsiləsindən növbəti verilişimizi təqdim edirik. Bu günkü proqramımızda 24 oğuz boyu içində həm sayına, həm də sanbalına görə seçilən, türk tarixinə şanlı səhifələr yazan bəydililər barədə məlumat verəcəyik.
Bu boy Rəşidəddinin «Oğuznamə»sində hökmdar yetirən beş boydan biri kimi xatırlanır. Rəşidəddin Xarəzmşahlar xanədanının bu boydan olduğunu söyləsə də, bu fikri qəbul etmək mümkün deyil.
XIV əsrdə bəydiliyə aid təhrir dəftərlərində 23 yer adına təsadüf edilir. Hazırda bu yer adlarından ancaq yarısı qalmışdır.
Bəydililər Şimali Suriyadakı türkmənlərin boz-ox qolunu meydana gətirən qollardan biri idi. XIV əsrin ikinci yarısında yazılmış inşa kitabındakı türkmən boyları və ailələrinə aid siyahıda bəydililərin adı çəkilir. Xəlil Zahiri də onları xatırladır.
Bəydililər Səfəvi dövlətinin yaranmasında da iştirak etmişlər. Bununla əlaqədar olaraq onlardan mühüm bir qol İrana getmişdir. Bundan başqa, XIV əsrdə Boz ulus və Yeni-el arasında Şimali Suriyadakı ana qoldan ayrılmış bəydili qollarına təsadüf olunur. İç-el bölgəsində isə müstəqil bir bəydili qolu vardır. Bəydililərin böyük bir kütlə halında məskunlaşdığı ərazilərdən biri Suriyadır. Hal-hazırda müharibə meydanına çevrilən bu ərazilərdə əziyyət çəkənlərdən biri də Hələb türkmənləri kimi tanınan soydaşlarımızdır.
Qanuni Sultan Süleyman dövrünün ilk illərində Hələb türkmənləri arasında yaşayan ana bəydili qolu bu türkmən icmasının ən böyük təşəkkülüdür. Buna görə də Hələb türkmənlərinə aid dəftərlərdə bu boyun adı birincilər sırasında çəkilir.
Həmin dövrdə bəydili boyu 40 obadan ibarət idi. Boyun adını daşıyan birinci obanın vergi mükəlləfiyyətli 260 nəfər əhalisi vardı. Həmin obanın 20 evlik kiçik bir qolu da Hələb vilayətinin şərq tərəflərində yaşayırdı. Kiçik qaracalu və böyük qaracalu obalarından sonra kürdlər gəlir. Bu obanın mühüm bir qolunun da Boz-ulus arasında yaşadığı görünür. Daha əvvəllər dediyimiz kimi, bəzi inamlara görə türkmənlər oğlan uşaqlarına Ərəb, Tatar, Kürd və Çərkəz adını və ya ləqəbini qoyurdular. Bayram oğlu Vəli Kətxuda və bozlu obalarından sonra bəydili boyunun bozqoyunlu adlı ən mühüm obası zikr olunur. Bu oba 1520-1525-ci illərdə bəy ünvanlı şəxslər tərəfindən başçılıq edilən bir neçə qola ayrılmışdı. Onlardan 25-ə qədər vergi evi olan birinci bozqoyunlu qolu tamamilə bəy ünvanlı şəxslərdən ibarət idi. Bu boyun başında o zaman At Güdən bəy oğlu Qaraman bəy dururdu. Həmin obanın ikinci qolu da Mahmud bəyin idarəsi altında idi. Bozqoyunlu obasının əsil böyük qolu isə hələb türkmənlərinin Yeni-eldəki yaban əri deyilən qolu arasında yaşayır ki, onun haqqında bir az sonra ayrıca danışacağıq. Belə anlaşılır ki, bəydili boyunun bəy ailəsini bozqoyunlu obası təşkil edir. Rəqqanın məskunlaşdırılması zamanı bəydili boyunun başçısı olan Firuz bəy oğlu Şahin bəy də həmin boy bəyi obasından, yəni bozqoyunludan idi.
Bəydili boyunun beşinci obası quzucaqlı, on üçüncü obası balabanlu, on beşinci obası daşbaş, on doqquzuncu obası dilməklu, iyirmi ikinci obası ulaşlu, iyirmi beşinci obası tatalunu qeyd etməyə dəyər. Burada adı çəkilən ulaşlu obası ilə Gavur dağlarındakı ulaşlular arasında heç bir qohumluq münasibəti yoxdur.
26-cı və 27-ci bəydili obaları din və təriqət adamlarından ibarət idi. Bunlardan birincisi Xoca əli Şeyx adlanırdı və dörd şeyx ailəsindən ibarət idi. Dəftərdə bu şeyxlərin «qədimdən ər ocağı olub bir sənədə üç kəlamüllah xətm edib səvabın həzrətixudavəndigara əta etdikləri, duaları məqbul kimsənələr» olduqları qeyd edilmişdir. Şeyxlərdən ibarət olan ikinci oba boz geyikli adlanır. 17 nəfərlik bu oba camaatının «qədimdən vacib ür-riayə kimsənələr» olduqları, evlərinə «qurban, şəyird gələn dərvişlər olduqları» və «həm məzkur bəydili camaatının uluları olduqları» bildirilir. Bu qeydlərdən bu gün belə Qaziantəb və Suriyadakı türkmənlərin yeganə vəlisi sayılan Boz geyikli dədənin hansı boya mənsub olduğunu və bu dədənin oğullarının kimlər olduğunu öyrənirik. Yenə həmin qeydlərə görə, Dədənin XV əsrdə yaşadığı ehtimal edilir.
Bəydili boyunun əhalisi XIV əsr boyunca mütamadi artmışdır. 1577-ci ildə hələb türkmənləri sancağı bəyinə göndərilən bir fərmanda bəydili boyunun dövlətə qarşı üsyan etmiş ərəb əmiri Əbu Riş oğluna kömək etmək üzrə olduğu, eyni tarixli digər bir fərmanda isə bəydilinin sincan, qara şeyxli və çoplu obalarının quldurluq və yağmaçılıq etdiyi bildirilirdi.
Tarixçi Naimə bəydili türkmənlərinin Hələbdən Diyarbəkirə qədər uzanan sahənin ən gözəl yaylaqlarına sahib olduqlarını yazır. Ancaq həmin müəllifin verdiyi məlumata görə, bəydili türkmənləri bu gözəl yaylaqlarda rahat durmayaraq əkinçilərin tarlalarını öz sürülərinə tapdadır və vergiləri ödəməkdən boyun qaçırırdılar. Buna görə də 1039-cu ildə Bağdadın geri alınmasına məmur edilən və zir-əzəm Xosrov paşa Hələbdən hərəkət etməzdən əvvəl qoşun göndərərək bu boyu yola gətirmiş, vergi borclarının əvəzində 10.000 qoyun və 100-dək dəvələrini zəbt etmişdi.
Bəydili boyu haqqında həmən əsrin sonlarına aid mühüm məlumatlar vardır. Lakin bunlardan bəhs etməzdən əvvəl boyun Yeni-eldəki qolunu tanıtmaq lazımdır.
Yeni-eldə yaşayan bəydili oymağı bir az yuxarıda dediyimiz kimi Hələb türkmənləri arasındakı ana qoldan yeni ayrılmış və onunla daim təmas və münasibətdə olan qoldur. Bu boy Qanuni dövründə üç obaya bölünmüşdür. Bunlardan 75 nəfər vergi mükəlləfiyyətli birinci oba Dəvədaş adlı yerdə, ikincisi Boz Üyükdə, üçüncüçü isə Yellücəyə bağlı Alacaxanda yaşayırdı. Bu obalardan ikisi boyun adını, üçüncüsü isə günəş adını daşıyırdı.
III Murad dövründə bu bəydili qolunun qələbəlik bir təşəkkül halını aldığı görünür. Bu dövrdə bəydili obalarının ən böyüyü əmtiləklü olub 61 nəfərlik bəkmüşlü, 26 nəfərlik fəqihlu, 56 nəfərlik sincan, 80 nəfərlik günəş, 93 nəfərlik qazlu qollarından meydana gəlmişdir. Əmtiləkin bir şəxs adı olması ehtimal edilir. Əmtiləklüdən sonra bəydili qolunun bu obalarını qeyd etməyə dəyər: qara həsənlu, qaracalu, Süleyman Kətxuda, topaxlu, gün, otamışlu, qara şeyxlu, çobanbəylu, bozqoyunlu, Uğurlu bəyə tabe digər bozqoyunlu, Şəfaət bəyə tabe bozqoyunlu və quzucaqlı. Yeni eldən bu bydili qolu qışda Hələb bölgəsinə enərək qışlayırdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr