Müalicә vә Turizm Diyarı Türkiyә 42 / 2014

Nevşehir

171649
Müalicә vә Turizm Diyarı Türkiyә 42 / 2014


Nevşehir Anadolu yarımadasının tən ortasında yerləşir. Anadoludakı bir çox şəhər kimi qədim tarixə malik bu bölgə e.ə 3000-ci illərdən bəri Hetlər, Friqyalılar, Farslar, Romalılar və Bizanslılar kimi bir çox dövlətin ərazisi olub. Şəhər 11-ci əsrdə Türklərin hakimiyyətinə keçib. Hər il çoxlu sayıda yerli və xarici turistin gəldiyi təbiət möcüzəsi Kapadokya burada yerləşir. Nevşehir Türkiyənin ən çox turist gələn bölgəsidir.
Kapadokya pəri bacaları, dərələri, mağaraları və yeraltı şəhərləri ilə dünyada nadir görülən yerlərdən biridir. Bölgənin simvolu sayılan taxta papaqlara oxşayan pəri bacaları ilə bura sanki ayrı bir planetdir. 1 metr hündürlüyə malik konik qayaların üstündə papaq kimi oturan qaya parçaları sanki sehirli bir qüvvə tərəfindən yaradılıb. Bu ecazkar təbiət hadisəsi belə yaranıb: Milyon illər əvvəl partlayan vulkanik Erciyes və Hasan dağlarından çıxan lava və vulkanik küllər çuxurlarda yığılaraq “tüf“ adlanan qaya parçası əmələ gətirib. Bu qaya parçaları milyon illər ərzində külək və yağışın aşındırması nəticəsində pəri bacalarına çevrilib.

Dünyada Kapadokya kimi geoloji quruluşa malik başqa yerlər də var lakin, bura fərqliliyi və ecazkarlığı ilə digərlərindən seçilir. Keçmişdə insanlar buraya məskunlaşarkən qayaların içini oyaraq pəri bacalarına və buranın geoloji quruluşuna oxşar kilsələr inşa edərək, onları fresklərlə bəzəyirdilər. İnsanların burada məskunlaşmasının səbəbləri bölgənin əsas yollara uzaqlığı, təhlükəsiz ərazidə yerləşməyi və ibadət üçün uyğun yer olması idi. Xristianlığın ilkin dövrlərində burada gizlənən xristianlar 3-cü əsrdən etibarən bölgədə qayaların içini oyaraq manastırlar, kilsələr, məbədlər, rahib otaqları, anbarlar və şərab düzəltmək üçün yerlər inşa edərək, bu məkanları divar rəsmləri ilə bəzəyirdilər.
Kapadokyanın maraqlı yerlərindən biri də yeraltı şəhərləridir. Nevşehirin müxtəlif bölgələrində yerləşən bu yeraltı şəhərlər qorunma məqsədi ilə qurulub. Yaşamaq üçün hər cür şəraitin olduğu bu yaşayış məskənlərinin çoxu günümüzdə ziyarətə açıqdır.

Ecazkar təbiətə malik Kapadokya Anadoluda bir çox mədəniyyətin beşiyi olub. Bölgənin əfsanəvi mühiti var və bura ziyarətçilərə qeyri adi turizm obyektləri təqdim edir. Keçmişdə insanların yaşamaq və qorunmaq üçün istifadə etdikləri qayaların içində günümüzdə butik otellər yerləşir. Dünyanın ən yaxşı otellərindən sayılan bu qaya otelləri o dövrün mədəniyyəti və tarixi ilə tanış olmaq istəyənlər üçün yaxşı bir seçimdir.
Kapadokyada idman həvəskarları üçün də bir çox geniş imkanlar yaradılıb. Tarixin izlərini əks etdirən dərələrdə yürüyüş etmək, ata minmək və dağ idmanı ilə məşğul olmaq mümkündür. Eləcə də günəşin çıxma vaxtı paraşutla Kapadokyanın üstündən uçaraq bölgənin ecazkar təbiətini seyr etmək şansınız var. Qədim mədəniyyətin izlərini daşıyan Kapadokya bölgəsi 1985-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.
Proqramımız davam edir. Bu gün sizə ecazkar təbiətə malik Kapadokya bölgəsini və bölgənin mərkəzi Nevşehiri tanıdırıq. Nevşehir şəfalı isti su qaynaqlarına malikdir. Şəhərdə ən çox bulaq və isti su qaynağı Kozaklı kəndində yerləşir. Nevşehirin ən şimal nöqtəsində yerləşən Kozaklı malik olduğu turizm obyektləri ilə təkcə bölgənin deyil, eləcə də ölkənin əsas termal tibb mərkəzlərindən biridir. Sodium, kalsium və xlor tərkibli Kozaklı termal suları yel, oynaq, dəri, sümük, əzələ, göbələk, xroniki iltihablı qadın, ürək-damar, nəfəs yolları, psixi və cərrahi əməliyyat sonrası yaranan xəstəliklərin tamamlayıcı müalicəsində istifadə olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr