Müalicә vә Turizm Diyarı Türkiyә 41 / 2014

Amasya şəhəri

158826
Müalicә vә Turizm Diyarı Türkiyә 41 / 2014

Hər həftə olduğu kimi TRT “Türkiyənin Səsi” radiosunda
sizə Türkiyənin turizm və tibb turizmi mərkəzlərindən bəhs etməyə davam
edirik. Bu gün tanıdacağımız yer isə Qaradəniz bölgəsində yerləşən Amasya şəhəridir.
Amasya Yeşilırmak çayının 2 tərəfində, dik yamaclar üstündə qurulmuş 8500 illik bir şəhərdir. Amasya Amazon kraliçasının adını daşıyan, Amaseia adı ilə qurulan, yunan coğrafiyaçı Strabonun anadan olduğu, bir çox mədəniyyətin beşiyi olmuş, ecazkar təbiəti və evləri ilə məhşur bir şəhərdir.
11 mədəniyyətin izlərini daşıyan şəhər qədim tarixə malikdir. Həm Roma imperatorluğu həm də Osmanlı dövründə bura əsas şəhərlərdən biri idi. Osmanlı padşahlarının bir çoxu eləcə də bəzi dövlət xadimləri burda doğulub və böyüyüb. Bu səbəbdən şəhər “Şəhzadələr şəhəri” adını alıb.
“Şəhzadələr şəhəri”nin Anadolu tibb tarixində xüsusi yeri var. Osmanlı dövrünün ən məhşur xəstəxanası burada yerləşirdi.
14-cü əsrdə inşa edilən xəstəxana ən parlaq dövrünü 15-ci əsrdə, Fatih Sultan Məhməd dövründə yaşayıb. Onun oğlu II. Beyazıdın burada qubernator vəzifəsinə təyin edilməsi həm şəhərin həm də xəstəxananın gələcəyini dəyişib. Məhşur həkimlərin təcrübə qazandığı və işlədiyi Amasya xəstəxanasının Şerefeddin Sabuncuoğlu adlı dünyaca məhşur bir başhəkimi var idi. O, 14-cü əsrin sonlarında Amasyada doğulub və burada da tibb təhsili alıb. Şerefeddin Sabuncuoğlu, hal-hazırda adını daşıdığı xəstəxanada 14 il başhəkim vəzifəsində işləyib.
O, 1385-ci ildə Amasyada anadan olub. Burhaneddin Əhməddən tibb təhsili aldıqda sonra 17 yaşında xəstəxanada işləməyə başlayıb. Qısa müddətdə həkimliyi və uğurlu cərrahi əməliyyatları ilə bütün Anadoluda məhşurlaşıb. Bir çox tibbi kitabının müəllifi Şerafeddin Sabuncuoğlu 1468-ci ildə vəfat edib. Ən məhşur kitabı “Cerrahiye-i Ilhaniye”, yəni, “imparatorluğun cerrahiyəsi” Fatih Sultan Məhmədin şərəfinə yazılıb. Onu dünyaca məhşur edən bu əsər, cərrahi əməliyyat mövzusunda yazılmış dərs kitabıdır. O, 80 yaşında yazdığı kitabda 60 illik tərcübəsini əks etdirib. Kitabda cərrahi əməliyyatların texnikasını izah edən şəkillərə, miniatüralara, eləcə də beyin və sinir cərrahiyəsi şəkillərinə yer verilib. Kitabda əməliyyatlarda istifadə edilən alətlər haqda da geniş məlumat verilib. Tibb tarixində xüsusi yeri olan bu əsərin 3 nüsxəsi mövcuddur. Onlardan 2-si Fatihdəki Millət Yazma Əsərlər Kitabxanasında, digəri isə Paris Milli Kitabxanasında saxlanılır.
Amasya şəhəri isti su qaynaqları ilə məhşurdur. Şəhərin əsas termal mərkəzləri Terziköy, Gözlek, Ilısu və Hamamözü bölgəsindədir. Onlardan ən məhşuru Hamamözü rayonunda yerləşən termal mərkəzdir. Bölgə turizm cəhətdən çox inkişaf edib.
Roma dövründən bəri istifadə edilən bu termal bölgənin digər adı “Arkut bəy”dir. Yazılı mənbələrdə əsasən, 12-ci əsrdə, Səlcuqlu dövründə Arkut bəy adını daşıdığı bu bölgənin hökmdarı idi və onun dövründə bu qədim mərkəz bərpa edilib.
Min illərdir insanlara şəfa bəxş edən Hamamözü termal mərkəzinin suları duz, bikarbonat və kalsium tərkiblidir. Yerin altından 42 dərəcədə çıxan sular əsasən yel, travma nəticəsində yaranan iflic, əsəb, ürək-damar, hormon, onurğa, dəri və ruhi xəstəliklərin tamamlayıcı müalicəsində faydalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr