Türk Adət və Ənənələri 37 / 2014

Dünya mifologiyasında yaranış miflərinin bir çoxunda başlanğıcda yalnız su olduğu və ilk canlıların sudan yarandığı fikri var.

132209
Türk  Adət və Ənənələri  37 / 2014

Dünya mifologiyasında yaranış miflərinin bir çoxunda başlanğıcda yalnız su olduğu və ilk canlıların sudan yarandığı fikri var. İnsanlar, heyvanlar və bitkilər həyat enerjilərinin böyük bir qisimini su ilə əldə edirlər.
Bir çox mədəniyyətlərdə su dişi olaraq qəbul edilir ki, bununla o, yaranış, həyat vermə və doğum funksiyalarıyla eyniləşdirilir. Su həm də təmizlik və günahları yuma xüsusiyyətlərini daşıyır. İnsan həyatında əhəmiyyəti su ilə bağlı müəyyən inanc və mərasimlərin ortaya çıxmasına səbəb olub.
Türk yaranış mifologiyasında səma da sudan törənib, yəni başlanğıc nöqtə sudur. O hər şeyin başı və anasıdır. Bütün canlılar sudan yaranıb. Demək, su yaranışın təməlidir.
Qədim Türk inanclarında Tanrı Yer və Suya xüsusi qüdrət verib. Buna görə su müqəddəs qəbul edilib. Bütün suların bir ruhu, bir sahibi olduğu fikri var. Ayrı-ayrı Türk tayfalarında bu, “Su babası”, “Su anası”, “Su atası”, “Su pərisi”, “Su sahibi”, “Su qızı” “Su iyesi” və s. adlanır. Orta Asiyadan gələn “su ruhu, su sahibi” inancları Anadoluda da kök salıb, rəvayətlər və mərasimlərin yaranmasına səbəb olub.
İslamı qəbul edəndən sonra da Türklər su ilə bağlı inanclarını saxlayıblar. Xüsusilə suyun çirklənməsinə qarşı hər zaman etirazlarını bildiriblər. Çünki su müqəddəsdir, kirlədilməməli, murdarlanmamalı, ona hörmətsizlik edilməməlidir.
Anadolunun müxtəlif bölgələrində “su sahibi” insanların yaşadıqları məkanları pis ruhlardan, fəlakətdən qoruyan və onlara yardım edən varlıq kimi qəbul olunur. Suya qarşı hörmətsizlik edildiyində “su sahibi”nin tezliklə cəza verəcəyinə inanıblar. “Su sahibi”nin aramızda yaşadığını, bəzən gözə göründüyünü də deyiblər.
Su mifi həm də onun xəstəlik qarşısını alan və müalicə edən xüsusiyyətilə bağlıdır. Anadolunun bir çox yerlərində şəfalı olduğuna inanılan müxtəlif yeraltı və yerüstü sular fiziki və ruhi xəstəlikləri müalicə edir deyə ziyarət edilir. Məsələn, yatmayan uşaq üçün Kızılırmak suyunun faydalı olması inancı məşhurdur. Anadoluda "İçməli su" adı verilən, bu gün müalicəvi-termal suları adlanan quyular, bulaqlar var ki, onlar xalq tərəfindən şəfalı su kimi qəbul edilir, sağalacaqları inamı ilə içilir və çimilir. Bu sular xüsusən revmatizm, dəri, mədə, böyrək xəstəliklərinə yaxşı gəlir.
Su, ümumiyyətlə, həyat və şəfa əlamətidir. Hər cür pislik və şər güclərin təsiri su ilə aradan qaldırılır, insan bəd nəzərdən, cin-şeytandan su ilə arınır. Doğan qadın və uşağının 20 və 40-cı günlərində xüsusi mərasimlə yuyunma adət halını alıb. Bu mərasimlərə 20, və ya "qırx çıxarma”, “qırx uçurma" deyirlər.
Xalq arasında əsəbləri pozulan adamların axar suya baxaraq yaxşı olacağı inancı hakimdir. Türklərdə Səlcuqlardan bəri ruh və ağıl xəstəliklərinin müalicəsi su səsi ilə edilib. “Yuxuda su görənin nəsibi bolluq, ruzi-bərəkət olar” deyiblər. Təmiz su halal mal və qazanca, bulanıq su malın və qazancın haram olduğuna, duru su xeyirə, çirkli su şərə yozulur.
Uzun səfərə çıxan adamın arxasınca su tökürlər. Yəni işin "su kimi axsın, özün rahat gedib-gələsən". Anadoluda bəzi insanlar tez reallaşacağına inanaraq diləklərini kağıza yazıb suya atıblar. Bəziləri isə pis yuxularını suya danışmaqla başlarına gələ biləcək pisliklərdən xilas olmağa çalışırlar.
Xalq arasında aprel yağışlarını çox şəfalı adlandırır, suyunu qablarda saxlayıb istifadə edirlər. Qor halındakı atəş su ilə söndürülsə, o evin də ocağının sönəcəyi, yəni nəslinin kəsiləcəyi fikri var. Suya tüpürmək, suyu çirkləndirmək ən böyük günahlardan sayılır. Gündəlik həyatda su fiziki və mənəvi kirlərdən təmizlənmənin simvoludur. İslamda namazdan qabaq beş dəfə alınan dəstəmazla da suyun təmizləmə və təmizlənmə funksiyasını yerinə yetirdiyini görürük. Su dirildir, insan övladına həyat verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr