Dünyada iz buraxan Türk böyükləri 33 / 2014

98589
Dünyada iz buraxan Türk böyükləri  33 / 2014

Cəmiyyətin inkişaf etməsində, ictimai birliyin möhkəmlənməsində və insanların aydınlanmasında bəzi nəşrlərin nə qədər böyük rol oynadığını bilirik. Krım türklərinin “Tərcüman” qəzeti, Azərbaycan Türklərinin “Molla Nəsrəddin”, “Füyuzat” və İran Türklərinin “Varlıq” jurnallarının da Türk dünyasının maariflənməsində və Türk mədəniyyətinin yayılmasında mühüm xidmətləri olub. Çünki bu jurnallar öz sərhədlərini aşaraq Türk məmləkətlərinin bütün guşələrində oxucu kütləsi qazanıb, dil və mədəni birliyin təmin edilməsinə töhfə verib.
Bugünkü proqramımızda belə jurnallardan birinin naşiri olmuş, Tehranda dr. Cavad Heyətin baş redaktorluğu ilə 1979-ci ildən dərc edilən “Varlıq” jurnalının qurucularından biri, tanınmış tədqiqatçı Məhəmməd Əli Fərzanədən danşacağıq.
Folklorşünas və dilçi alim olan Məhəmməd Əli Fərzanə 1923-ci ildə Təbrizdə anadan olub. Təbriz bu tarixə qədər İranın ən böyük ikinci şəhəri sayılırdı və mədəni inkişaf baxımından ilk sırada yer alırdı. Ancaq bu vəziyyət 1925-ci ildə Rza şahın hakimiyyətə gəlməsiylə sona çatdı. Pəhləvi sülaləsinin ilk işi Azərbaycan türkcəsində danışmağı və yazmağı qadağan etməsi oldu.
Məhəmməd Əli Fərzanə ilk təhsilini Təbrizin “Darut-Tərbiyə” məktəbində alır. Sonra “Danişsera” pedaqoji məktəbində oxuyur. Ailəsinin maddi çətinliklərinə görə gündüzləri xalça toxuyur, gecələri dərslə məşğul olurdu. Fars dili llə kifayətlənməyən Fərzanə əldə etdiyi Türkiyə və Azərbaycan Türkcələrində olan kitabları da oxuyaraq ana dilini inkişaf etdirir. Təhsilini bitirincə müəllimliyə başlayan Fərzanə eyni zamanda həm də Təbrizin məşhur “Tərbiyət kitabxanası”nda çalışır. Kitabxanada tozlanmış bir kitab boğçasının içindən Türkiyədə Kilisli Rıfat tərəfindən tərtib edilən "Dədə Qorqud" dastanını tapır. Kitab gənc Fərzanənin diqqət və marağını necə çəkirsə, Türkiyə, Azərbaycan və Avropada nəşr olunan “Dədə Qorqud”ları toplamağa və oxumağa başlayır.
1945-ci ildə İran Azərbaycanında Milli Hökumət qurulur. Azərbaycan Türkcəsi dövlət dili olaraq rəsmiləşir. Məhəmməd Əli Fərzanə də “Dədə Qorqud” haqqındakı işlərini və digər Türkcə yazılarını “Azərbaycan” adlı qəzetdə dərc etdirir. Lakin bir il sonra Milli hökumətin yıxılması və Türkcənin yenidən qadağan olunması nəticəsində Pəhləvilər bir çox milli təfəkkürlü insanlar kimi Fərzanəni də həbsə salırlar. Azad olduqdan sonra o, Tehrana köçüb orda müəllimliyə davam edir.
Türkcənin qadağan olduğu illərdə Məhəmməd Əli əsərlərini "Fərzanə", "Govsi", "Yaşar" və "Rövşən" adlarıyla yazır. Ədib farsca qələmə aldığı "Azərbaycan Türkcəsi dil məlumatı" kitabıyla ölkənin daxili və xaricində şöhrət qazanır. Bu kitab o tarixə qədər İranda Azərbaycan-Türk qramatikası ilə yazılan ən əhəmiyyətli əsər idi.
Məhəmməd Əli Fərzanə dilçiliklə birlikdə Türk folkloru sahəsində də ciddi işlər görüb. Azərbaycan Türkcəsində şifahi xalq ədəbiyyatının bayatı, tapmaca, nağıl, deyim və atalar sözləri kimi nümunələrini ayrı-ayrı bölgələrdən toplayaraq nəşr etdirib.
1979-cu ildə İranda İslam İnqilabı olur. Türkcəyə qadağa qismən aradan qaldırılır. Bu fürsətdən istifadə edən Azərbaycan ziyalıları bir araya gəlib Tehranda “Varlıq” jurnalını buraxırlar. Məhəmməd Əli Fərzanə də sonralar dillər əzbəri olacaq bu jurnalın ilk qurucularından və yazarlarından biri olur.
“Varlıq” dərgisində əsərlərinin böyük bir qismini dərc etdirən Fərzanə İranda Türkcənin ədəbi dil olma istiqamətində ciddi əmək sərf edir. "Dədə Qorqud" dastanını izahlı sözlərlə verir, bir çox əsəri Azərbaycan Türkcəsinə və əksinə fars dilinə çevirir, Azərbaycan Türklərinin əleyhinə yazılan məqalələrə elmi cavablar yazır, qısası, Türk dili və mədəniyyətinin möhkəm təməllər üzərində inkişafına xüsusi pay qatır. O, həm də şahidi olduğu tarixi hadisələri qələmə alaraq öz "Xatirələr" kitabında toplayır.
Ürəyindən əziyyət çəkən Məhəmməd Əli Fərzanə həyatının son illərini İsveçdə keçirir və 2005-ci ildə dünyasını dəyişir. Vəsiyyətinə görə, cənazəsi Təbrizə gətirilir. Ustad böyük bir mərasimlə “Vadi-ni Rəhmət” qəbiristanlığında torpağa verilir. Bu dünyada Nima və Neda adlı iki övladı və 40-dan artıq kitab və onlarla elmi məqaləsi qalır. Özü ədəbi dil tarixinə İran-Azərbaycan Türklüyünün böyük mədəniyyət və fikir adamlarından biri kimi düşür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr