Din və Cəmiyyət 33 / 2014

98587
Din və Cəmiyyət  33 / 2014

Allah insanları boy, rəng, güc kimi fərqli xüsusiyyətlərlə yaradıb. Bu səbəblə eyni cür 2 insan tapmaq qeyri-mümkündür. İnsanların görünüşü və ağlı fərqli olduğu kimi, ətrafında baş verən hadisələrə reaksiyası da fərqlidir. İnsan bütün mövzularda eyni fikrə malik ola bilməz. Fəlsəfə və din kimi dərin və qarışıq mövzularda fikir ayrılıqları daha çox olur. İnsanın xilqətində dünya və din mövzusunda fikir ayrılığı var. İnsanlar, tarix boyu hər mədəniyyətdə fikir ayrılıqları ilə qarşılaşıb.
İslam dini insanlar arasındakı fikir ayrılığına normal yanaşaraq bunun inanc və düşüncə azadlığının təbii bir nəticəsi olaraq qəbul edib. Bu səbəblə Allah öz qüdrətinə baxmayaraq insanları iman və əməl baxımından eyni düşüncəyə malik ümmət kimi yaratmayıb. O, istəsəydi hamını bir xalq və eyni fikirli şəkildə yaradardı. O hamının eyni cür olmağını istəməyib, tövhid və haqq yolunu göstərib və bununla birlikdə fikir ayrılıqlarına da imkan verib. Fikir ayrılıqları cəmiyyətə maddi və mənəvi cəhətdən mənfi təsir göstərməyi müddətcə hər zaman insanlar üçün xeyirli olub. Bütün fəlsəfi fikirlər, məhzəblər, ictimai və iqtisadi anlayışlar bu fərqlilikdən yaranıb. Ziyalıların hər hansı bir mövzuda fikir bildirməyində, onların yaşadığı cəmiyyətin düşüncə azadlığının təsiri var. Yəni, ziyalıların dini, sosial, iqtisadi və siyası mövzularda fikirləri, cəmiyyətin quruluşu və söz azadlığı ilə əlaqəlidir.

İnsanlar arasındakı fikir ayrılıqlarının səbəbləri fərqlidir. Bunlar fərdin xilqəti, ağlı, sosial və siyasi düşüncəsi, mənəvi aləmi ilə əlaqəlidir. İslam dininin ilk dövrlərinə nəzər yetirsək görərik ki, peyğəmbər vəhy yoluyla aldığı bilikləri insanlara səylə öyrətməyə başlayıb. Sahəbələr çətinlik çəkdiyi yerlərdə ona müraciət ediblər. Bu səbəblə peyğəmbər sağ ikən, onunla sahəbələr arasında din mövzusunda fikir ayrılığı olmayıb. Onun vəfatından sonra sahəbələr din məsələlərini Quran və sünnə ilə həll etməyə çalışırdılar. Bu vəziyyətdə də bəzən onların arasında fikir ayrılığı olurdu. Onlar da insandır. Onlar İslam tarixinin görkəmli şəxsiyyətləri olsalar da, indiki dövrlərə qədər davam edən bir çox fikir ayrılığının təməllərini qoyublar. Bəzən müsəlmanlar arasında fikir ayrılığı səbəbilə qanlı mübahisələr düşüb. Quran belə şeyləri qadağan edib.
Hədislərdə İslam ümmətinin fikir ayrılığına düşməsinə müsbət yanaşan məqamlar var lakin, müsəlmanlar arasında münaqişə qadağan olunub. Quranda müsəlmanlara nümunə olsun deyə əvvəlki xalqların fikir ayrılığı səbəbilə başına gələn müsibətlərdən danışılıb. Bu vəziyyətdə ayətlərdə fikir ayrılığına müsbət yanaşma olduğunu demək olmaz. Bunun əksinə, müsəlmanlara sülh içində yaşamağı məsləhət görən bir çox ayət və hədis var.
Alimlər cəmiyyətdə fikir ayrılıqlarını aradan qaldırmaq üçün bəzi prinsiplər müəyyən edib. İnanc haqda, Quran və sünnəyə zidd olmayan, etiqadla bağlı fikir ayrılıqları olar. Milli ruha zərər verən, tövhid inancını sarsıdan, İslama zidd olan fikirlər isə qadağan edilib. İslam alimləri İslamın şərtləri haqda olmayan və dəqiq sübutu olmayan fikir ayrılıqlarına icazə verib.
Dini mənbələrdə fikir ayrılığı üçün aşağıdakı şərtlər müəyyən edilib.
1. Fikir ayrılığına səbəb olan faktları din xadimi bildirməlidir.
2. Mövzu haqda dəqiq sübut olmamalıdır.
3. Fikir ayrılığı müsəlmanların rifahını və birliyini pozmamalıdır.
4. Fikir ayrılığının mahiyyəti olmalıdır və İslamın əsas prinsiplərinə zidd olmamalıdır.
Yekunda onu deyək ki, Allah insanları ideal şəkildə yaradıb. İnsanın ən əsas xüsusiyyəti şüurudur. Şüuru vasitəsilə insan düşünür və doğru yolu tapır. Fikirlər eyni olduğu kimi fərqli də ola bilər. Hər düşüncənin eyni yerə yönəlməyi mümkün deyil. Bu azadlıq İslama və sünnəyə zidd olmayan fikirlərə verilib. Dində, etiqad məsələlərində Qurana və sünnəyə qarşı zidd fikirlər qəbul edilmir lakin dinə aid digər məsələlərdə fikir ayrılığına azadlıq verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr