Türk Adət və Ənənələri 32 /2014

90743
Türk Adət və Ənənələri  32 /2014

Nəzər primitiv cəmiyyətlərdən ən inkişaf etmiş quruluşlara qədər gedən məşhur bir inancdır, həsəd və qısqanclıqla bəyənməkdən doğan bir baxışdan qaynaqlanar.
Peyğəmbərimiz Həzrət Məhəmməd də nəzəri inkar etməyib. İslamda nəzərdən qorunmanın yolları vardır ki, bunlar Qurandan “Fatihə”, “Ayetül Kürsü” və Peyğəmbərin söylədiyi duaları oxumaqdır.

Anadoluda nəzərin gözlə və sözlə ola biləcəyi inancı məşhurdur. Məsələn, "Nəzər dəvəni qazana, insanı məzara aparar" sözü nəzərin öldürücü gücünü dilə gətirir. Buna görə xalq arasında nəzərlə bağlı inanclar və ondan xilas olma yolları var. Əksəriyyətinin də İslamla bağlılığı yoxdur, qədim Türk inanclarından gəlir.

Anadolu xalqının inancına görə nəzəri dəyən adamların bu işdə fizionomik xüsusiyyətləri rol oynayır. “Sarışın, mavi gözlü, dişləri seyrək, çəpgöz, qırmızısaqqal, burnu dodağına çatan, burun dəlikləri böyük, gözləri çuxur, qaşları bir-birinə bitişik, gözünün ağ qisimində nöqtə olanların nəzəri qüvvətli olur” fikrinə inanırlar.
Göz-nəzər dəyən adamı nəzərin zərərlərindən qorumaq üçün xalq arasında məşhur vasitələr var. Onlar uşaq və gənclərin üzərinə, beşik kənarına, qapının üstünə, evin nəzər dəyə biləcək hər hansı yerinə asılır. Ümumiyyətlə, nəzərlik mavi rəngdə və ya göz şəklindəki muncuq və daşlardan ibarət olur. Qədim Misirdə bunlara "xoruz gözü" və "Osiris gözü" deyilib.
Anadolunun müxtəlif yerlərində istifadə olunan digər nəzərlik əşyaları bunlardır: yeddi dəlikli muncuq, mərcan, əqiq daşı, sarı kəhrəba, duz, kvarst daşı, qızıl, gümüş, fil sümüyü, qurd dişi, tısbağa qabığı, çətirşəkilli şam, iydə, zeytun, qayın, vələs ağacları, at şabalıdı, çörəkotu, qərənfil, Kəbə xurması və qəhvə çəyirdəkləri. Bu saydığımız maddələr nəzər ilə nəzərə məruz qalan adam arasında bir qoruyucu rolu oynayır. Hərdən bunlar tək-tək deyil, bəziləri birləşdirilərək istifadə edilir. Ümumiyyətlə, bu nəzərliklərin ana maddəsi mavi muncuq və bölgədə yetişən, nəzərə yaxşı gəldiyinə inanılan ağac parçalarından ibarətdir. Digər nəzər qoruyucuları əsasən bu ikili ilə birlikdə istifadə edilir.

Nəzərdən xilas olmanın yollarından biri də "qurğuşun, yəni güllə tökdürmək"dir. Bu adətin qaynağı Orta Asiyadır, başkurtlarda "kut kuyuv" adlanır və belə icra edilir. Güllə odda əridilir, sonra xəstənin başı üzərinə qoyulan qab içindəki suya tökülür. Xəstəyə bu sudan bir qurtum içirdilir. Suyun içində güllənin aldığı şəklə görə nəzər dəymənin səbəbi söylənir. Ərimiş güllənin suya tökülməsi və meydana gələn şəkillərin şərh yoluyla bu cür müalicə şəkli Anadolunun da hər yerində geniş yayılıb. Bu işi əsasən qadınlar görür.
Əridilmiş gülləni tökərkən istifadə edilən vəsaitlər təməldə eyni olsa da, bəzi fərqlilikləri var. Bunlar bir parça çörək, bir kasa su, iynə, duz, güzgü, soğan, sarımsaq, şəkər, qayçı və Qurandır. Bu vəsaitlər fərqli bölgələrdə fərqli üsullarla istifadə edilir. Bunları da mənalandırırlar. Məsələn, duz arınmaqdır, şəkər ağız dadıdır, güzgü işıqlığa çıxmaqdır, qayçı və bıçaq dərdlərin, xəstəliyin kəsilməsi üçündür. Suya tökülən güllənin aldığı şəkillər isə güllə tökən adamın şərh məharətindən asılıdır.
Nimçəyə qoyulan çörək və buğda itlərə yedirilir. İt bunları yeyərkən güllə suyu da üzərinə tökülür. Beləcə, nəzərin itə keçdiyinə inanırlar.
Şamanizmdən gələn, xəstələri yaxşılaşdırmaq üçün edilən əməllərdən biri də "köçürmə" və ya "çevirmə" adlanır. Bu mərasim bir heyvanı xəstənin ətrafında fırladıb xəstəni bezdirǝn ruhu bu heyvana nəqletməkdir. Güllə tökülən suyun itin üstünə tökülməsi, çörəyin itə yedirilməsi də "köçürmə" inancının bir növüdür.
Anadolunun hər yerində nəzərə və xəstəliklərə qarşı tətbiq olunan müalicə metodlarından biri də ümumtürk dünyasında geniş istifadə edilən “tüstü vermək”dir. Tüstüvermənin əsasını müəyyən bir maddəni atəşdə yandırmaq və xəstəni tüstüyə tutmaqdır. Mənası təmizlənmə ilə müalicə etmədir ki, miras olaraq od və atəş mədəniyyətindən qalıb. Bu gün tüstü dediyimiz zaman daha çox üzərlikdən istifadə edilir.
Anadolunun bir çox yerində üzərlik bir qabın içində parça-parça və ya duz ilə birlikdə yandırılır, tütsüsü xəstələrə verilir. Tüstü üzərlikdən başqa digər məhsulları qarışdırmaqla da edilir.
Ev, tarla kimi məkanlara, yeni alınan əşyalara və heyvanlara da nəzərliklər taxılır, tədbirlər görülür. Bunların bir qismi insanlar üçün istifadə edilənlərlə eynidir. Ev, bağça, tarla kimi yerləri nəzərdən qorumaq üçün bu məkanlara, xüsusilə evlərin qapısının üstünə qoç buynuzu, at nalı, tısbağa qabığı, maral buynuzu, nəzər muncuğu kimi əşyalar asılır. Bu əməllər Anadolunun hər yerində mövcuddur. Nəzər inancı psixoloji-ictimai həyatın doğurduğu qədim Türk inanclarından biri və ictimaiyyətin əsrlər boyu bəslədiyi adət-ənənədir, amma heç zaman İslam çərçivəsini aşmır.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr