Dünyada iz buraxan Türk böyükləri 32 / 2014
Bu gün Krım türklərindən olan məşhur romanlar müəllifi, yazıçı Çingiz Dağcını xatırlayacağıq.
Ümumtürk ədəbiyyatının tanınmış simalarından biri olan Çingiz Dağcı 9 mart 1919-cu ildə Krımın Gurzuf qəsəbəsində dünyaya gəlib. Amma az sonra ailəsi Qızıldaş, indiki Krasnokamenka kəndinə köçüb. Çingizin uşaqlığı bu yerdə keçdiyi üçün özünü həmişə Qızıldaşlı kimi təqdim edib. Atası Əmir Hüseyn əvvəllər əkinçiliklə məşğul olub, Sovet Sosialist İnqilabından sonra isə raykomda çalışıb. Anası Fatma xanım isə soy etibarilə Əmir Salilər sülaləsindən idi.
Çingizin ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. Əmisi Seyid Ömər evdə daim Ömər Seyfəddinin hekayələrini oxuyar, təhlil edər, bu da Çingiz Dağcının ədəbi zövqünü oxşayardı. Amma onları, Krım Türklərini qarşıda çətin günlər gözləyirdi.
1920-ci ildən Sovet rejimi ruslaşdırma və Krımı yerli Türklərdən təmizləmə siyasəti yürütdü. Krımlı Türk ailələr doğma vətəni tərk etmək məcburiyyətində qaldılar. Ziyalılar tutuldu. 1931-ci ildə onların arasında Əmir Hüseyn də var idi və Çingiz atasının ruslar tərəfindən necə həbs olunmasının şahidi oldu. Bir il sonra atası buraxıldı və Çingizgil ailəcə Akməscidə köçdülər. Təhsil həyatına Çingiz burada başladı. Dərsliklərdən başqa o, Kazan Türk şairi Tukayın, Bəkir Çobanzadənin və Puşkinin kitablarını oxuyurdu. Bir müddət sonra Çingiz özü yazmağa başladı. İlk əsərləri “Gənclik” jurnalında, daha sonra Krım-Tatar Yazıçılar Birliyinin orqanı olan "Ədəbiyyat Məcmuəsi"ndə dərc olundu.
1938-ci ildə Çingiz Dağcı orta məktəbi bitirib Krım Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldu və burada oxudu. Bu illərdə Çingiz Gösevedən gələn bir Türkiyəli tələbə ilə tanış olub, onun Krım xanlıqları haqqında elmi iş müdafiə etmək istədiyini görüb. Bu söhbət Çingizə təsir edir, qələmə aldığı əsərlərində tarixi mövzulara yer verməyə başlayıb.
2-ci kursda oxuduğu zaman 2-ci Dünya Müharibəsi başlayıb, o hərbə, getmək məcburiyyətində qalıb. Krımdan qatarla Odessaya gedən Çingiz qısa hərbi təlimdən sonra döyüş bölgəsinə göndərilib. Tank leytenantı olub. Sonra Ukrayna cəbhəsinə gedib. 1941-ci ildə almanlara əsir düşüb. Onun üçün aclıq və qeyri-müəyyənlik dövrü başlayıb. Almanlar rus olmayan xalqlardan Qızıl Orduya qarşı döyüşən legioner birlik yaradıblar. “Türküstan legionu”na Çingizi də qatıblar. Almanların Stalin-qrad, indiki Volqaqrad döyüşlərində məğlubiyyəti zamanı yaralanıb, Polşaya göndərilib. Həstəxanada müalicə aldığı zaman tibb bacısı, gələcək həyat yoldaşı ilə tanış olub.
Çingiz Dağcı 1945-ci ildə evləndiyi həyat yoldaşıyla birlikdə Berlinə gedib. Bundan təxminən bir il sonra xanımı Regina və qızı Arzu ilə İngiltərəyə mühacirət edib. 1947-ci ilin əvvəlində O, Londona gedib, burda yaşayıb və vətəninə ömrünün sonuna qədər gedə bilməyib. Yazıçı Londonda ciddi yaradıcılıqla məşğul olub. “Qorxunc illər”, “Yurdunu itirən adam”, “Onlar da insandı”, “O torpaqlar bizimdi”, “Dönüş”, “Gənc Teymur”, “Ölüm və qorxu günləri”, “Badam ağacı budağına asılan körpələr”, “Üşüyən küçə”, “Anama məktublar” və onlarla belə kitablar yazaraq Krım və Orta Asiya Türklərinin yaşadığı faciələri əbədiləşdirib. Yazıçının xidmətləri mükafatlara layiq görülüb.
Çingiz Dağcı Türkiyəyə heç gəlmədiyi halda bütün əsərlərini Türkiyə Türkcəsində yazıb, kitablarının ilk redaktoru şair Ziya Osman Saba olub. Müəyyən zaman jurnalist kimi fəaliyyət göstərən, ara-sıra şeirlər yazan Çingiz Dağcı Krım türklərinin folkloruna aid materialları da bir yerə toplayaraq xalqına xidmət edib.
Böyük Krım yazıçısı Çingiz Dağçı 22 Sentyabr 2011-ci ildə Londonda evində vəfat edib, amma istəyinə görə 69 il üzünü görmədiyi Qızıldaş kəndində torpağa tapşırılıb. Onun vəsiyyətini həyata keçirməkdə Türkiyə dövlətinin böyük köməyi olub. Beləcə, yazıçı əbədi yuxuya doğulduğu torpaqda qovuşub.
Әlaqәli Xәbәrlәr
Çanaqqala Zəfəri dünya tarixinə yazılan ən böyük zəfərlərdən biridir
Çanaqqala Zəfəri Türkiye tarixinə qızıl hərflərlə yazılan zəfərdir.