Türk Adət və Ənənələri 31 /2014

83506
Türk Adət və Ənənələri  31 /2014

İbadətin və təmizlənmənin ən çox yaşandığı Ramazan ayı girməzdən əvvəl xalqda bir canlanma başlanır, İslam ölçülərinə uyğun əyləncələr təşkil edilir. Xüsusilə qış aylarına düşən Orucluqda iftar və sahur arasında zamanın uzun olması və vaxtın keçməsi üçün adamlar Təravih namazından sonra sübhə qədər yatmamaq üçün şadyanalıq edirlər.

Osmanlı dövründə Ramazanlarda “İşıq oyunu” mühüm yer tuturdu ki, bu zaman paytaxt İstanbulun müxtəlif yerləri xüsusi şamlarla işıqlandırılır, küçələrə açılan qapıların önünə sahibləri tərəfindən fənərlər qoyulurdu.
Selatin məscidlərdə iki minarə arasına çǝkilǝn iplər üzərinə o zaman şam, indi isə elektrik lampaları ilǝ işlənən bayram yazı və rəsmləri yazılır və Ramazan gecələrinə xüsusi təravət qatır. Osmanlı dövründən bu günümüzədək “Selatin məscidləri” deyə adlanan, birdən çox minarəsi olan bu məscidlər mahyalarla, yəni lampalı-işıqlı lövhələrlə bütün Ramazan boyu hər axşam yanır. Onların üzərinə Ramazan ayının ilk 15 günü hədislər, dualar və "Allah", "Bismillah", "Əlhəmdülillah" "Salam", "Salam, Ramazan ayı", "Səfa gəldin" kimi gözəl sözlər yazılır, son 15 gündə isə onlar başqa yazılarla əvəzlənir. Bu vizual dizaynlı mahyalarda uşaqlara görə "qayıq", "qüllə", "yelləncək" kimi təsvirlər də olur. Qabaqlar hər axşam dəyişik yazılar asılır və xalq maraqla onları gözləyirdi ki, “görən, bu gün mahyalarda nə yazılacaq?”
Bundan başqa, əvvəllər böyük məscid minarələrindən şam uçurtmaları olurdu. İplərinin bir ucu minarələrin şərəfələrinə, yəni artırmalarına, digər ucu məscid həyətindəki hündür bir yerə bağlanırdı. Təravih namazından sonra uçurma başlanırdı. Seyrə gələn adamlar şam qutusuna şirniyyat və peçenye kimi kiçik hədiyyələr qoyub uçurdana hədiyyə yollayırdılar.
Məscidlərin həyəti və ətrafı namazdan sonra da insanların söhbət və alver etdiyi məkanlar idi. Xüsusilə “Selatin Məscidləri”nin həyətlərində açılan sərgilərdə təsbehçilər, kitab satanlar və antik əşya alverçiləri olurdu. Burda həm də cürbəcür simit, bulka və Ramazan-pide çörəkləri satılırdı.

Yay aylarına düşən Ramazanlarda İstanbulda insanlar Fateh, Sultan Əhməd, Ayasofya, Eyüb və Mahmudpaşa məscidlərinin meydanlarındakı açıq hava qəhvəxanalarına gedir, təravih namazına qədər burda nargilə və qəhvə içib söhbət edirdilər. Təravih namazını məsciddə qıldıqdan sonra Ramazan şənlikləri edərək gəzirdilər. Qadınlar da bir-birinin evində toplanıb sahura qədər söhbət edib vaxt keçirirdilər.
Kəndirbazlar, akrobatlar, hoqqabazlar, kukla tamaşaları göstərənlər, məddahlar, oyunçular Ramazan əyləncələrinin baş qəhrəmanlarıydılar. İstanbulun Avrupa tǝrǝfindǝki Fateh qəsəbəsində yerləşən Şahzadəbaşındakı "Dirəklərarası" məşhur əyləncə yerlərindən biri idi. Qaragöz və Hacivətin macəralı söhbətləri, məddahların həyəcanlı hekayələri, müxtəlif ləhcələrlə təqlidləri də böyüklü-kiçikli hər kəsin xoşuna gəlirdi.
Ramazan bayramı şənlikləri təkcə İstanbulda deyil, Anadolunun müxtəlif bölgələrində də təntənə ilə keçirilirdi. Samsunun mahal və kəndlərində Orucluğun 14-ünü 15-inə bağlayan gecə "Selə-səbət" adlı və daha çox uşaqların iştirak etdiyi əyləncələr olurdu. İftardan sonra başlanan şənliklərdə uşaqlar "selə-səbət" adı verdikləri fənərlərilə qapı-qapı evləri gəzərək beytlər söyləyir və qarşılığında ev sahibləri tərəfindən müxtəlif hədiyyələr alaraq sevinirdilər. Ərzurumda ilk dəfə oruc tutan uşaqlara bəxşiş verərək onları oruca həvəsləndirirdilər. Nişanlı qızların evlərinə isə oğlan ailəsi tərəfindən iftar yeməyi və hədiyyələr göndərilirdi.
Mǝrkǝzi Anadoluda iftardan sonra "üzük oyunu”, “dövrə oyunu”, “ulduz sayma”, “yumurta saxlama" kimi oyunları oynayır, böyüklərin söylədiyi hekayə, nağıl və əfsanələri dinləyirdilər.
Danışdığımız bu Ramazan mərasim və əyləncələrinin bir qismi bu gün də yaşayır: bəziləri insanlar, böyük hissəsi isə bələdiyyələr tərəfindən hazırlanır. Birlik, bərabərlik və həmrəylik ayı olan, “on bir ayın sultanı” Ramazanda ənənələri yaşatmaq keçmişlə bu gün arasında bağ qurulmasına səbəb olur. Bugünkü Ramazan əyləncələrində hər axşam təsəvvüf və Türk Sənət Musiqisindən ibarət konsertlər verilir, şeirlər səslənir, ədəbi-bədii fikir söhbətləri edilir. Qurulan çadırlarda xalqa yemək, içmək, hədiyyəlik əşya, paltar və kitablar verilir. Uşaqlar da qurulan bu yerlərdə əylənirlər.
Böyük ticarət mərkəzlərində də Ramazan başlayandan ta son gününə qədər tədbirlər keçirilir: Qaragöz-Hacivət kukla tamaşaları, filmlər göstərilir, sehrbazlar, rəqqaslar, aktyorlar çıxış edir, müsabiqələr və konsertlər olur. Gələnlərə pulsuz şirni, pambıq-şəkər və şərbət kimi ənənəvi dadlar təqdim edilir. Səyyar satıcılar da istər-istəməz hər kəsə, xüsusən uşaq və gənclərə keçmişdən günümüzə gələn Ramazan ənənələrini yaşadırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr