Könüldən – Könülə - 238/ 2014

83651
Könüldən – Könülə - 238/ 2014

Bu günkü proqramımızda Xəzər türklərinin mədəniyyəti, dövlət və xalq gələnəkləri barədə söhbət açmaq istəyirik. Tarixi qaynaqlar göstərir ki, kökü Orta Asiya Hun türklərinə bağlı olan xəzərlər qonşularıyla müqayisədə olduqca zəngin mədəniyyətə və dədə- babalarından gələn güclü dövlət gələnəklərinə sahib idilər.
Tarix səhnəsinə çıxdıqları ilk dönəmlərdə atlı köçəri bir xalq olan xəzərlərdə at digər türk boylarında olduğu kimi önəmli bir yer tuturdu. Zaman-zaman rus arxeoloqların Xəzər bölgəsində apardıqları qazıntılar zamanı üzə çıxan at skeletləri, ata aid qoşqu, taxım və bər-bəzək əşyaları bunu aydın şəkildə göstərməkdədir. Hərbi yürüşlər və səfərlər zamanı altı təkərli, mobil, yəni araba üzərində qurulmuş çadırlardan istifadə edilməsi də at gücünə icra olunurdu. Ermənistanın müsəlman valisi ilə evlənməyə gedən Xəzər şahzadǝsi Sitit yanında təkərlər üzərində qurulmuş on çadır götürmüşdü. Bu çadırların içi samur dərisi ilə döşənmiş, qapıları qızıl və gümüş ipliklərlə toxunmuşdu. Bundan başqa qafilədə 20 qızıl-gümüş əşya dolusu çadır da vardı. Xaqanlar səfərə çıxdıqları zaman çox böyük bir çadırda oturur və çadırın təpəsinə qızıl bir başlıq taxılardı.
Xəzərlərin bər-bəzəyə xüsusi meyləri vardı. Bu da hər şeydən öncə geyim-gecim, bər-bəzək əşyalarını ustalıqla hazırlaya biləcək sənətkarların çox olmasıyla şərtlənirdi. Tarixi qaynaqlar xəzərlərin doğrudan da belə yüksək istedada malik olduğunu, qiymətli sənət əsərləri ortaya qoyduğunu göstərir. Xəzərlərin geyim taxımları, bər-bəzək sənəti fövqəladə gözəldi. Bunu Bizansa gəlin gedən Xəzər xaqanının qızı Çiçəyin salnamələrə düşən hekayətində aydın görə bilirik. Qaynaqlar yazır ki, Çiçək Bizansa gəlin gedəndə bir-birindən gözəl paltarlar aparmış və onun geydiyi ən gözəl don, yerli qadınlar, əsilzadə xanımlar arasında bir moda halını almışdı.
Alban tarixçisi Movses Kalankatlı Xəzər kişilərinin qadınlar kimi uzun saç saxladığını yazır. İngilis tarixçisi Ekhart komandanlarını qalxan üzərində yuxarı qaldırmağın bir xəzər adəti olduğunu yazır. Bu adət türklərlə qan qohumu olan macarlarda da mövcud idi.
Polşa karaylarının mədəniyyətini araşdıran polyak alimi Zayaçkovski Polşa qaraimlərində xəzərlərdən gəlmə bir sıra adət-ənənənin, ay və gün adlarının hələ də yaşadığını qeyd edir. Xəzərlərin mədəniyyəti o dərəcədə inkişaf etmişdi ki, istər tabeçiliyində olan, istərsə də Xəzər xaqanlığı hüdudlarından uzaqda qalan xalqlar bu mədəniyyətin təsirinə düşmüş, ondan faydalanmışdı. Qüzey Qafqazdan Orta Rusiyaya qədər hər yerdə bütün cəhətləriylə özünü özünü göstərən möhtəşəm bir Xəzər mədəniyyəti hakim idi. Rus araşdırıcılar Xəzər mədəniyyətinin davamını qarçaylar, balkarlar, Qafqaz dağlıları, xüsusilə də qaraimlər arasında axtarmağın doğru olduğunu dəfələrlə vurğulayıblar. Bunlarla yanaşı rus, macar, bolqar və digər xalqların da güclü şəkildə Xəzər mədəniyyətinin təsirinə məruz qaldığı tarixi faktdır. Novqorod Rus knyazının özünə «kağan» titulu verməsi heç şübhəsiz Xəzər mədəniyyətindən gəlmədir.
Xəzərlər öz dövlətini qurmadan öncə savaşçı, başqalarının var-dövlətini yağmalayan bir qövm kimi tanınırdı. Davamlı olaraq yaxın və uzaq qonşularının ərazilərinə hücum edər, ələ keçirdikləri qənimətlərlə geri dönərdilər. Dövlət qurub oturaq həyata keçdikdən, şəhərlər, qəsəbələr saldıqdan sonra da ilk vaxtlar öz köçəri həyat tərzindən ayrıla bilmir, oturaqlığa çətinliklə alışırdılar. Yarıköçəri həyat tərzi xəzərlərdə uzun müddət davam etdi. Bunu ərəb tarixçilərinin əsərlərindən, ən dəqiqini isə Xəzər xaqanı İosifin məktubundan açıq-aşkar görə bilirik. Xaqan məktubunda yazırdı: «Qış boyunca şəhərdə yaşayırıq. Elə ki, aprel ayı gəldi, yola çıxırıq. Hər boyun öz atalarından qalma torpaqları var. Sevinc içində oraya gedərik. Hər kəs tarlasında və bağçasında çalışmağa başlar». Ərəb tarixçiləri İbn Havkal, İbn Rusteh də xəzərlərin qışda şəhər və qəsəbələrdə, yazda, yayda isə geniş çölərdə yaşadığını, payız gəlincə məhsullarını yığışdırıb təkrar geri dönmələrini yazır. Təbii ki, bu, ən qədim zamanlardan bu günə qədər sürüb gələn bir türk həyat tərzidir.
Xəzərlərdə hakimiyyət, idarəçilik də qədim türk törələrinə tam uyğun idi.
Yaqut əl-Həməviyə görə Xəzər xaqanı dörd ayda bir saraydan eşiyə çıxardı. Xaqan bəyi hər gün mütəvazi, sakit, dinməz-söyləməz ayaqyalın bir vəziyyətdə, əlində bir dəyənək xaqanın hüzuruna çıxar, içəri girib salam verdikdən sonra əlindəki ağac dəyənəyi oda atıb yandırar və xaqanın sağ tərəfində oturardı. Xaqan bir tərəfə gedərkən əskərlərlə arasında bir milə yaxın məsafə saxlanardı. Onu görən hər kəs səcdə edər, xaqan oradan keçib gedincəyə qədər heç kim başını səcdədən qaldırmazdı. Daha sonra Yaqut əl-Həməvi qeyd edir ki, Xəzərlərdə hökmdarlıq müddəti 40 ildir. Bu müddətdən bircə gün belə keçsə «Xaqan bunadı»-deyərək xalq onu öldürür. Xaqan savaş elan edərsə əskərlər döyüşdən qaçmazdılar. Savaşdan məğlub olaraq dönən bütün əskərlər öldürülürdü. Bəy və digər sərkərdələr məğlub olaraq geri dönərdilərsə, xaqan onların var-dövlətini, qadınını, oğul-uşağını başqalarına verər, özlərini edam etdirərdi.
Xəzər dövləti bir hüquq və ədalət dövlətiydi. Məsudinin yazdığına görə dövlətdə hüquq işlərini aparan 7 hakim vardı. Müsəlman, xristian və yəhudi dininə sitayiş edənlər üsün hər birində 2 olmaqla 6, bir də xəzərlərin əski inanclarında qalan tanrıçılığa inananlar üçün də bir hakim təyin olunurdu. Musəviliyi qəbul edəndən sonra ölkədə ticarət genişlənməyə başladı. Döyüşdən, savaşdan başqa peşəsi olmayanlar da zənginləşmək üçün ticarətə girişdi. Beləcə get-gedə qədim törələr unudulmağa başladı və Xəzər xaqanlığının süqut səbəblərindən biri də bu oldu.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr