Dünyada iz buraxan Türk böyükləri 30 / 2014

78053
Dünyada iz buraxan Türk böyükləri  30 / 2014

"Doktor" sözü elmin müxtəlif budaqlarında mütəxəssis olan adamlara, “həkim” isə o zamanlar İbn Sina və Fərabi kimi böyük şəxsiyyətlərə deyilirdi. Müasir dövrdə "həkim" sözü daha çox "təbib", yəni tibbdə həkim mənasında işlənir. Bugünkü proqramda hər iki mənada "həkim" olan, həm tibb, həm də bəşəri elmlərin mahir ustadı və bir çox ilklərə imza atan professor-doktor Cavad Heyətdən danışacağıq.
Cavad Heyət 1925-ci ildə Təbrizdə hörmətli bir ailədə dünyaya gəlib. Din, fəlsəfə və astronomiya mütəxəssisi olan atası Əli Heyət İran Məşrutə İnqilabının liderlərindən biri, Ədliyyə Naziri və Yüksək Mühakimə Orqanının rəhbəri idi. Atasının işi ilə bağlı Cavad ibtidai, orta və lise təhsilini fərqli şəhərlərdə alır. 1941-ci ildə Tehran Universitetinin Tibb Fakültəsini qazanır. Orda üç il təhsil aldıqdan sonra İrandan Türkiyəyə göndərilən ilk tələbə qrupu ilə birlikdə İstanbula gəlir.
1946-cı ildə, hələ 21 yaşındaykən Cavad Heyət Tibb Elmləri doktoru olur. İstanbulda ayrıca üç il də ixtisas təhsili alıb daha da təkmilləşmək üçün Parisə gedir, 3 ildən sonra - 1952-ci ildə Tehrana dönür. Gənc cərrah dövrün məhdud imkanlarına baxmayaraq İranda ümumi cərrahi əməliyyatlara başlayır.
Cavad Heyət İranda ilk açıq ürək əməliyyatı edən həkim kimi tibb tarixinə düşür, bu hadisə 1967-ci ildə baş verir. Bundan sonra ürək qapağını dəyişdirmə və Tehranda ilk dəfə böyrək nəqli əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirərək dünya şöhrəti qazanır.
Cərrahi əməliyyatlarla birlikdə elmi araşdırmalarını da davam etdirən Cavad Heyət 12 il "Tibb elmi" adlı jurnal nəşr etdirir. Beynəlxalq Tibb Qurultaylarında dünya tibb elminə yeniliklər gətirən onlarla çıxışları olur. 1963-cü ildə Dünya Cərrahlar Cəmiyyəti və 1983-cü ildə Fransa Cərrahlar Akademiyasına üzv seçilir. 1988-ci ildən etibarən cərrahiyyə professoru olaraq universitetdə çalışır.
Professor Cavad Heyətin İranda təhsil aldığı illər ana dili olan Azərbaycan türkcəsinə rejim tərəfindən qadağa qoyulmuş, bu dildə danışmaq, yazmaq, oxumaq, kitab nəşr etmək və saxlamaq yasaq olmuşdu. Azərbaycan Cümhuriyyəti də o zamanlar SSRİ-nin tərkibində olduğundan sərhədlər hər kəsə bağlı və getmək imkanı yox idi. Buna görə İstanbula gedərkən atası Cavada belə bir tövsiyə edir: "Oğlum, mən səni təkcə təbib olmaq üçün deyil, həm də dilimizi, mədəniyyətimizi və tariximizi öyrənmək üçün İstanbula göndərirəm." Bu sözlər Cavad Heyətin içindəki öyrənmə hissini gücləndirir. Türkiyədə Tibb Universitetinin tələbəsi olmasına baxmayaraq, Fuad Köprülü, Həmdullah Sübhi, Məhərrəm Ergin kimi dövrün böyük şəxsiyyətləri ilə yaxından tanış olur, Türk dili, ədəbiyyatı və tarixinə dair kitablarla özünü bu sahədə də inkişaf etdirir. Amma Cavad Heyət bu məlumatların nə zaman, harada işə yarayacağını bilmirdi.
1979-cu ildə İranda İslam İnqilabı baş verir, Pəhləvi şahlıq rejimi yıxılır, vəziyyət dəyişməyə başlayır. Məşhur cərrah Cavad Heyət qollarını çırmalayaraq İranda ilk dəfə türkoloji jurnal nəşr etmək qərarına gəlir. Bu sahədə məlumat sahibi olan tədqiqatçıları və ziyalıları əməkdaşlığa çağırır. İranda Türklərin – Azərbaycanlıların varlığını sübut etmək üçün nəşr etdirdiyi dərgiyə "Varlıq" adını qoyur. Beləliklə, Cavad Heyət təkcə həkim və cərrah deyil, həm də əqidə yoldaşlarıyla birlikdə xalqının qadağan olunmuş dilinin və mədəniyyətinin qoruyucusu, qurtarıcısı kimi ağır bir məsuliyyəti boynuna götürür.
Zamanla bir məktəb halına gələn “Varlıq” jurnalı İranda türklərin maariflənməsində, Azərbaycan-Türk ədəbiyyatının, mədəniyyətinin yayılmasında, uzun illər qadağa qoyulmuş ana dilinin yenidən canlanmasında çox əhəmiyyətli rol oynayır və dünya Türkologiya elminə böyük töhfə olaraq ədəbiyyat tarixinə keçir.
Cərrahiyyə sahəsində olduğu kimi Cavad Heyət Türkologiya üzrə də bir çox kitablar yazır, mükafat və fəxri adlara layiq görülür. Azərbaycan Cümhuriyyətində istər tibb, istər Türkologiya sahəsində bir çox universitetin fəxri doktoru və professoru, Türkiyədə isə Dil Qurumunun fəxri üzvü olur.
Elmi-ədəbi fəaliyyətləri ilə İran, Türkiyə və Azərbaycan arasında dostluq körpülərinin qurulmasında və mədəni əlaqələrin doğru məcrada inkişafında böyük xidmətləri olan professor Cavad Heyət bu dövlətlərin başçıları tərəfindən də hər zaman hörmətlə qarşılanıb. Bu dahi insan ona deyilən “Azərbyacan-İran Türklərinin mənəvi atası”, “Türk Dünyasının ağsaqqalı”, “Zamanın Dədə Qorqudu”, “Türk Dünyasının müdriki” adlarının həqiqi daşıyıcısıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr