Türkiyədə iz salan türklər 28/ 2014

67259
Türkiyədə iz salan türklər 28/ 2014


Bugünkü proqramımızda idman tarixinin ən məşhur adlarından biri, ağırlıqqaldırma üzrə 46 dəfə dünya rekordunu yeniləmiş çempion Naim Süleymanoğlu haqqında danışacağıq.
Naim Süleymanoğlu 23 yanvar 1967-ci ildə Bolqarıstanda bir Türk ailəsində dünyaya gəlib. Yoxsul bir ailənin uşağı idi. Atası avtobus sürücüsü olduğundan çox zaman uzaq səfərlərdəydi.
Naim 10 yaşından ağırlıqqaldırma idmanı ilə tanış olur, Kıcaali Ağırlıqqaldırma Mərkəzinin üzvü olur, bu idman növünü mənimsəyir. 14 yaşındaykən o, artıq beynəlxalq yarışlara qatılır, balaca boyu, güclü əzələləri və uğurları ilə idmançıları və tamaşaçıları təəccübləndirməyi bacarır. 1982-ci ildə Braziliyada Dünya Gənclər Ağırlıqqaldırma Çempionatında iki qızıl medal alaraq çempion olur. 16 yaşındaykən 1983-cü ildə Moskva keçirilən Dünya Çempionatında gümüş medal alır. Amma 1984-cü il Los Angeles Olimpiyadalarına qatıla bilmir, çünki Bolqarıstan da keçmiş SSRİ kimi olimpiyadanı boykot etmişdi. 1985-ci ildə Sedertelye və 1986-cı ildə Sofiya şəhərlərində keçirilən Dünya Çempionatlarına qatılır və Bolqarıstana qızıl medallar qazandırır.
1986-cı ildə Naim Avstraliyada Melbourne-da keçirilən Dünya Ağırlıqqaldırma Çempionatına qatıldıqdan sonra artıq Vətənə geri qayıtmır, o zamanın şərtlərindən sıxılır, Türkiyəyə sığınır, vətəndaşlıq alır, Süleymanov soyadını Süleymanoğlu ilə dəyişir. Kommunist rejiminin süqutundan sonra isə ailəsi də Türkiyəyə gəlir. Amma o zaman Naimin Türkiyə və beynəlxalq yarışlarda iştirak etməsi üçün Bolqarıstanın Ağırlıqqaldırma üzrə Federasiyasının icazəsi lazım idi. Bu icazənin qarşılığı milyon dollar olsa da, Türkiyə bu məbləği verir, o gündən Naim Süleymanoğlu dünya ağırlıqqaldırma yarışlarında Türkiyəni təmsil etməyə başlayır.
Dünya ağırlıqqaldırma idmanı tarixində özünəməxsus yerə sahib olan, "dünyanı qaldıran adam" ləqəbi ilə tanınan Naim Süleymanoğlu bir müddət belində yaranan problem nəticəsində idmandan uzaq qalır, amma qısa zaman sonra - 1991-ci ildə Aralıq dənizi Oyunlarına qatılır. 1992-ci il Avropa Ağırlıqqaldırma Çempiyonatında 1 qızıl, 2 gümüş, Barcelona Olimpiadasında isə 1 qızıl medal qazanır. 1996-cı il Atlanta Olimpiya Oyunlarında isə Naim Süleymanoğlu 3 qızıl medal alaraq üçqat dünya çempionluğunu qazanan yeganə ağırlıqqaldırma ustası adına sahib olur. Bu rekord yalnız 2012-ci ildə yeniləndi.
Naim Süleymanoğu 2000-ci il Sidney Olimpiyadasından sonra idmançı kimi fəaliyyətini dayandırır, az bir müddət Dünya Ağırlıqqaldırma Federasiyasına başçılıq edir, amma vəzifəlilərlə anlaşa bilmədiyi üçün istefa verir. Bu gün 47 yaşında olan, ağırlıqqaldırma idmanı üzrə 3 qat Olimpiya Çempionu, 7 qat Dünya Çempionu, 46 dəfə dünya rekordunu yeniləmiş Naim Süleymanoğlunun güclü və maraqlı xarakteri gənc idmançılara böyük bir örnəkdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr