Mədəniyyət Beşiyi Türkiyə 28/2014

156799
Mədəniyyət Beşiyi Türkiyə 28/2014

Türkiyənin paytaxtı Ankara, İstanbuldan sonra ölkənin 2-ci böyük şəhəridir. Şəhərin böyük bir hissəsi İç Anadolunun Yuxarı Sakarya bölgəsində yerləşir. Əsasən quru iqlimi hakim olduğu şəhərin cənubu və böyük bir hissəsi quru , şimalı isə ilıq və yağışlı iqlimə malikdir. “Ankara” adının mənşəyi ilə bağlı fərqli fikirlər var. Bəzi alimləri bu adın Het kitabələrindəki “Ankuva” sözündən olduğunu deyir. Friqyalılar, Qalatlar və Romalılar buranı “lövbər” mənasına gələn “Anküra” adlandırıb. Bəzi əfsanələrə əsasən Ankara Friqiya kralı Midasın lövbər tapdığı yerdir. Bu ad tarix boyu dəyişərək “Enqürü, Anqora” daha sonra isə Ankara olub.
Ankara İç Anadolunun digər şəhərləri kimi bir çox mədəniyyətin beşiyi olub. Şəhərdə tapılan qalıqlar da bunu sübut edir. Məsələn, Ahlatlıbel, Koçunbeli, Yalıncak və Gavurqalada Neolit, Tunc və Het dövrünə aid qalıqlar tapılıb. Ankara yaxınlığındakı Qordion şəhəri Friqyanın paytaxtı idi. Bir dövr Bizanslılara aid olan şəhər sonralar türklərin əlinə keçib. Ankara 14-cü əsrdən ortalarından etibarən Osmanlı dövlətinə aiddir. 1923-cü il, 13 oktyabr tarixində Ankara Türkiyənin paytaxtı elan edilib.
Ankara şəhəri qədim yaşayış məskənlərinin üzərində inşa edilidiyi üçün bu dövrə qədər çox tikili qalmayıb. Şəhərin qədim yaşayış bölgəsi Ulusdur. Bura eyni zamanda əsas turizm mərkəzlərindən biridir. Roma dövründən burada Hacı Bayram Məscidinə birləşik Auqustus məbədi qalıb. Friqya tanrıları Men və Kibeleye aid məbədlərin üzərində tikilən bu tikili Auqustus dövründə imperatorun şərəfinə inşa edilib. Məbəd Bizans dövründə kilsəyə çevrilib. Osmanlı dövründə bura bir müddət mədrəsə kimi fəaliyyət göstərib.
Roma dövründən qalan digər bir tikili isə Ankaranı ziyarət edən İmperator Julien şərəfinə tikilmiş 15 metr hündürlüyə malik Julien sütunudur. Əvvəllər İş Bankı və Maliyyə Nazirliyi binalarının arasında yerləşən sütun sonralar Ankara Qubernator binasının qabağındakı meydana köçürülüb. Ulusdan Dışkapıya gedən yolun solunda Roma hamamı qalıqları var. Bu hamam 3-cü əsrin əvvəlində Qaraqala dövründə sağlıq tanrısı Asklepios şərəfinə tikilib.
Ankara yerləşən, Türk memarlığının ən çox diqqət çəkən əsərlərlərin biri Ulusdakı Hacı Bayram Məscididir. Məscid 15-ci əsrin əvvəlində böyük türk mütəfəkkiri və Bayramiyə təriqətinin qurucularından Hacı Bayram Vəli şərəfinə tikilib. Auqustus məbədinin yanında yerləşən məscid çini və qabartmalarla bəzədilib. Məscidə birləşik tikilən Hacı Bayram Vəli türbəsi inanc turizmi cəhətdən əsas yerlərdən biridir.
Ankarada Səlcuqlu memarlığının ən əsas əsərlərindən biri, Ankara qalasının cənubundakı Atbazarı səmtində yerləşən Ahi Şərafəddin məscididir. Məscid türbə divarının şərq tərəfdə yerləşən qədim şir heykəlləri səbəbilə “Aslanxana” məscidi də adlanır. Səlcuqlu dövrünün zərif əsərlərindən biri olan məscid ağac oymalı tavanı, sütunları, çini bəzəkli mehrabı və ağac minbəri ilə diqqət çəkir. Məscidi inşa edən Ali Şərafəddinin məzarının üstü hal-hazırda Etnoqrafiya muzeyində nümayiş olunur. Atbazarında yerləşən, 15-ci əsrdə inşa edilmiş Ahi Əlvan məscidi qoz ağacından minbəri və taxta bəzəkləri ilə türk ağacoyma sənətinin əsas nümunələrindən biridir.
Ankara qalasının qədim məscidlərindən biri də Səlcuqlu sultanı II Qılıçaslanın oğlu, Ankara qubernatorunu Məsud tərəfindən inşa edilən Ələddin məscididir. Məscidin içindəki qoz ağacından oyulmuş minbər dəyərli əsərlərdən biridir.
Ankaranın bir çox qədim qonaq evləri və bazarları Ulusda yerləşir. Bunların çoxu indi ticarət məqsədilə işlədilir. Ankara qalasının altında, Atbazarında yerləşən Çengel qonaq evi 16-cı əsrdə tikilən Klassik Osmanlı memarlığı əsəridir. Bura 2005-ci ildən bəri sənaye muzeyi kimi fəaliyyət göstərir.
Ulusda, Ankara Qalası yolunun üzərində yerləşən Qurşunlu qonaq evi, 15-ci əsrin əvvəlində Fatih Sultan Mehmetin vəziri Mahmud Paşa tərəfindən inşa edilib. Onun tərəfindən inşa edilən digər bir tikili - Mahmud Paşa bazarı hal-hazırda Anadolu Mədəniyyət Muzeyi kimi fəaliyyət göstərir.
Ankaraya gələnlərin ən çox ziyarət etdiyi etdiyi yerlərdən biri Anıtkabirdir. Burda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün qəbri yerləşir. İl boyu bura çoxlu sayda yerli və xarici turist gəlir. Anıtkabir Aslanlı Yol, Meydan və Mavzoleydən ibarətdir. Burada Atatürkün əşyalarının nümayiş olunduğu muzey də yerləşir.
Türk tarixini, folklorunu və sənətini əks etdirən, eləcə də memarlığı ilə diqqət çəkən digər bir yer isə Etnoqrafiya Muzeyidir. Muzeydə milli geyimlər, türk naxışları, toxumalar və təsəvvüf əşyaları nümayiş olunur. Burda türk ağacoyma sənətindən nümunələr də görmək olar.
Bu muzeyin yanında yerləşən Dövlət Rəsm və Heykəl Muzeyində 19-cu əsrdən bəri türk təsm və heykəl sənətinin ən gözəl əsərləri nümayiş olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr