Ankarada Xocalı sərgisi və paneli

Xocalı_29_Ankara_01

 

  Fevralın 24-də Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə sərgi və panel təşkil olunub.  

  Sərgidə Xocalı soyqırımını əks etdirəm fotoşəkillər nümayiş olunub.

  Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı faciəsi qurbanlarının, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Xocalı faciəsi barədə ümumi məlumat verildikdən sonra faciənin dəhşətlərini əks etdirən film nümayiş olunub.

  Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev və Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı çıxış ediblər.

  A.Saparkuli Xocalı soyqırımı ilə Qazaxıstanda sovet dövründə baş vermiş faciələri müqayisə edərək türkdilli xalqların və ölkələrin bəlalarının bənzər mənbələrdən qaynaqlandığını və buna görə də Azərbaycanın kədərini dərindən anladıqlarını diqqətə çatdırıb.

  Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın sədrliyi ilə keçirilən mərasimin panel hissəsində isə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türk Şurasının baş katibi Bağdad Amreyev çıxış ediblər. Onlar bildiriblər ki, təcavüzkar Ermənistan Azərbaycana qarşı təkcə Xocalı soyqırımını törətməyib, eyni zamanda, otuz il işğal altında saxladığı torpaqlarda bütün tikililəri dağıdıb, meşələri yandırıb, məhv edib, yeraltı və yerüstü sərvətləri talayıb, su mənbələrinə və təbiətə qarşı sistemli terror törədib. Bütün bunlara görə Xocalı qətliamına dünya birlikləri tərəfindən siyasi qiymət verilməli, cinayətkar cəzasız qalmamalıdır.

  Səfir Xəzər İbrahim isə çıxışında 44 günlük İkinci Qarabağ Müharibəsinə xüsusi toxunaraq deyib: “Bu Vətən müharibəsində Azərbaycan savaşdan üzüağ çıxdı. Zəfər qazanan qalib xalq olaraq başımızı dik tutur və Xocalıya ədalət tələb edirik.

  Tarixdə yaşadığımız bütün acılardan dərs alaraq gələcəyə nikbin baxmağın vacibliyindən danışan Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da Azərbaycanın 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu öz rəşadəti ilə bütün dünyaya göstərdiyini vurğulayıb: “Türk xalqları bir-birinə dəstək verərək daha mübariz olmalıdır. Bir olsaq təhdid və risklərə qarşı daha təsirli tədbirlər görərik. Bizi güclü edən birliyimiz və dəyərlərimizdir”.


Etiketlәr: