Xəstəlik adlarında irqçilik
Məsələn, “Meymun çiçəyi”ndən (M-Pox) "İspan qripi" və “Covid-19”a qədər real nümunələrə nəzər salaq
Bir ad bütün əhaliyə necə şamil edilə bilər? Gəlin, ictimai səhiyyədə adların arxasındakı gizli gücə, onların ictimai davranışa, ayrı-seçkiliyə və damğalanmaya necə gətirib-çıxardığına baxaq. Qlobal səhiyyədə adlandırma düşündüyümüzdən daha çox əhəmiyyət daşıyır. Məsələn, “Meymun çiçəyi”ndən (M-Pox) "İspan qripi" və “Covid-19”a qədər real nümunələrə nəzər salaq.
2024-cü ilin sentyabrında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “M-Pox” virusunun yeni variantı ilə əlaqədar “Qlobal ictimai səhiyyə fövqəladə vəziyyəti” elan etdi. Çünki Konqo Demokratik Respublikası və qonşu Afrika ölkələrində virus sürətlə yayılır və qlobal narahatlıq yaradırdı. İndi soruşa bilərsiniz: "Bu da əvvəllər başqa cür adlanmırdımı?" Haqlısınız. Xəstəlik əvvəllər “Meymun çiçəyi” kimi tanınırdı.
Xüsusilə Afrikadakı ictimai səhiyyə mütəxəssislərinin təzyiqi nəticəsində ÜST 2022-ci ilin noyabrında virusu rəsmi olaraq "M-Pox" adlandırdı. Bu addım təkcə elmi dəqiqlik məsələsi deyildi: xəstəlik adları ilə tez-tez əlaqələndirilən damğalanma, irqçilik və ayrı-seçkiliyin qarşısını almaq üçün məqsədyönlü bir hərəkət idi.
Niyə adlar vacibdir? Adlar dərin məna daşıya, bəzən təhlükəli stereotipləri gücləndirə bilir. “M-Pox”un yayılması ilk dəfə xəbər veriləndə onlayn forumlar xəstəliyi Afrika xalqları ilə əlaqələndirən irqçi şərhlərlə dolu idi. “The Lancet” tibb jurnalı bu damğalanmanın nə qədər zərərli ola biləcəyini göstərdi. Bu, insanları lazımi tibbi yardım, peyvənd və ya müalicə almaqdan çəkindirir, hər kəs üçün riski artırırdı.
Xəstəlikləri coğrafi yerlərin və ya insan qruplarının ismi ilə adlandırmağın uzun bir tarixi var və bu, çox vaxt zərərli nəticələrə səbəb olub. Məşhur bir nümunə "İspan qripi"dir. Bu, 1918-1920-ci illərin H1N1 pandemiyasıdır. Adına baxmayaraq, əslində "İspan qripi" heç İspaniyada başlamamışdı. Onun ABŞ-ın Kansas ştatında başladığı düşünülür. İspaniya sadəcə Birinci Dünya Müharibəsi zamanı neytral olduğu üçün bu barədə daha açıq məlumat verir, digər ölkələr isə xəbərləri yatırdırdı. Nəticədə pandemiya daha çox İspaniya ilə əlaqələndirildi.
Xəstəlikləri insanları və ya yerlərlə adlandırmaq tarixi qərəzləri də gücləndirə bilir. Məsələn, Daun sindromu bir zamanlar "monqol xəstəliyi” adlanırdı. Dəyişdirilməsi illər tələb edən son dərəcə təhqiramiz bir ad idi. Yalnız həkim və hüquq müdafiə qrupları neytral, dəqiq dil uğrunda mübarizə apardıqdan sonra biz “Daun sindromu” adını qəbul etdik.
Son nümunə isə 2020-ci ildə “Covid-19”la bağlıdır. O zamankı ABŞ prezidenti Donald Tramp dəfələrlə yeni növ koronavirusa "Çin virusu" və hətta "Kung Flu" deyə müraciət edirdi. Onun söz seçimi böyük reaksiyaya səbəb oldu. Tənqidçilər Trampı irqçilik və ksenofobiyanı qızışdırmaqda ittiham etdilər. Pandemiya zamanı ABŞ-da asiyalılara qarşı nifrət cinayətləri kəskin şəkildə artdı. 2020-ci ilin martından 2021-ci ilin iyununa qədər Nifrəti Birdirmə Mərkəzi olan “Stop AAPİ Hate” Asiya mənşəli amerikalılara qarşı ayrı-seçkilik və zorakılığa dair 9000-dən çox hadisə qeydə alıb.
Göründüyü kimi, istifadə etdiyimiz dilin real nəticələri var. “The Lancet” 2022-ci ildə dərc olunmuş məqaləsində viruslara və digər xəstəliklərə ad verməkdə məsuliyyətli davranmalı olduğumuzu vurğuladı. “M-Pox” virusunun adının dəyişdirilməsi düzgün istiqamətdə atılmış bir addımdır. Ümumiyyətlə, səhiyyə müzakirələrinin ədalətli, dəqiq və qərəzsiz olmasını təmin etmək hamımızdan asılıdır. Hələlik bu qədər. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Sağlam və məlumatlı qalın!
Әlaqәli Xәbәrlәr
Almaniyada it vergisi rekord vurdu
Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən verilən məlumata görə ...
Kosmosda әkinçilik
İnsanların Ayda və hətta Marsda kәnd tәsәrrüfatı mәhsulları yetişdirə bildiyi dünya təsəvvür edin