Həbsxanada evləndilər

London xaricindəki yüksək təhlükəsizlik həbsxanasında keçirilən görüş zamanı Culian Assanca iki rəsmi şahid və iki mühafizəçinin iştirakına icazə verilib

1801487
Həbsxanada evləndilər

 

  “WikiLeaks”in qurucusu Culian Assanc (Julian Assange) həbsdə olduğu Londondakı Belmarş həbsxanasında nişanlısı və iki uşağının anası Stella Morislə evlənib.

  London xaricindəki yüksək təhlükəsizlik həbsxanasında keçirilən görüş zamanı Culian Assanca iki rəsmi şahid və iki mühafizəçinin iştirakına icazə verilib.

  Toy şənliyi üçün həbsxananın qarşısında toplaşan və onun azad edilməsini tələb edən tərəfdarları əllərində "Assanca azadlıq", "Cənab və xanım Assancı təbrik edirik" və "Allah sizi qorusun" yazılmış plakatlar qaldırıblar.

  Xatırladaq ki, Culian Assanc tərəfindən təsis edilən “WikiLeaks” 2010-cu ildə Amerika Birləşmiş Ştatlarının İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən bir çox məxfi sənədləri dərc etmişdi. ABŞ-ın casusluqda ittiham etdiyi və ekstradisiyasını istədiyi Assanc 2012-ci ilin iyununda Ekvadorun London səfirliyinə sığınmış, İsveçə ekstradisiyası isə ona qarşı zorlama və cinsi təcavüz ittihamları ilə açılan iddialarla gündəmə gəlmişdi. C.Assanc oradan 2019-cu il aprelin 11-də nəzarətə götürülmüş və "zaminlik müqabilində azad edilmə şərtlərini pozduğu" maddəsi ilə həbs edilərək Londondakı Belmarş həbsxanasına yerləşdirilmişdi.

  Dinləmələrdən sonra ekstradisiya tələbi 4 yanvar 2021-ci ildə rədd edilən ABŞ qərardan sonra apellyasiya şikayəti verib.

  Culian Assancın ABŞ-a ekstradisiya edilib-edilməməsi ilə bağlı yekun qərarın verilməsi üçün onun qovluğunun birbaşa daxili işlər naziri Priti Patelə gedəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr