Allah nə üçün bizi yaratdı?

TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət edib. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik.

1457375
Allah nə üçün bizi yaratdı?

V hissə

Allah nə üçün bizi yaratdı?

  TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət edib. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik. Beşinci (sonuncu) hissə “Allah nə üçün bizi yaratdı?” adlanır.

* Birinci hissə “Quran kəlimələrində Allahın fərqli adları” - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/19/quran-k-lm-l-rind-allahin-f-rqli-adlari-1436882

* İkinci hissə “Adəm hansı surətdə (görünüşdə) yaradıldı və...” - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/26/ad-m-hansi-sur-td-gorunusd-yaradildi-v-1443397)

* Üçüncü hissə “İlk insan, Cənnət, mələklər” –

https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/07/03/ilk-insan-c-nn-t-m-l-kl-r-1447909

* Dördüncü hissə “İblis və Adəm” –

https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/07/10/iblis-v-ad-m-1452199

Adəmin yaşı

  Müqəddəs kitablarda (Tövratda) Adəmin 930 il yaşadığından xəbər verilir. Quran bu barədə hər hansı məlumat vermir. Hərçənd hədislərdə bu rəqəm 1000 il göstərilir. Nə üçün Quran bu barədə bir xəbər vermir? Bizim qənaətimizə görə, Quran insan oğlunu sahib olduğu bilgidən xaric, başqa sözlə desək, bilə bilmədiyi və bilməsinin ona lazım olmadığı məlumatların üzərində  dayanmır. Və əgər hardasa bu barədə xəbər verilirsə, bu, sadəcə ibrətamiz  işarələrdir.

  Adəmin harada dəfn olunduğu barədə nəql olunan rəvayətlər də çox fərqli, hətta ziddiyyətlidir. Belə ki, bəzi rəvayətlərdə (bu rəvayət onun Cənnətdən endirildiyini dəstəkləyənlər tərəfindən nəql olunur) onun ilk dəfə endiyi Hindistan yarımadasında, bəzi rəvayətlərdə isə ilk ibadətgahın yerləşdiyi  Məkkə şəhərində, daha dəqiq  desək, Əbu Qubeys dağında dəfn olduğundan xəbər verillir. Ümumiyyətlə, nəinki Adəmin, hətta ondan sonrakı və sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) yaxın zamanlara qədər yaşamış peyğəmbərlərin belə harada dəfn olunduğu barədə hər hansı dəqiq məlumatımız yoxdur. Və əgər hansısa peyğəmbərin dəfn olunduğu yer barədə  məlumat verilir və yer göstərilirsə, bu, adi ehtimaldan başqa bir şey deyil. 

Adəmin Kitabı

  Adəmin ilk peyğəmbər olduğuna dair verilən məlumatlarda ona 21 səhifəlik Kitabın nazil olduğu da xəbər verilir. Kitab ifadəsi barədə yaranan fikir  ayrılıqlarının əsas səbəbi, bir çoxlarının kitab deyildikdə iki cild arasında qərar tutan yazılı səhifələrin nəzərdə tutulduğu qeyd olunur. Qurana görə, “kitab” məlumatlar toplusudur ki, bəzi ayələrdə “suhuf” olaraq keçir. Və əgər Adəm də  ilk peyğəmbər olmuşsa, ona verilən bilgi toplusuna da kitab deyilə bilərdi.

Yaş həddi

  Həzrət Adəmin ilk insan və ilk peyğəmbər olduğunun üzərində dayansaq, onun bu vəzifəyə hansı yaş həddində çatması, uşaqlıq, yeniyetməlik və cavanlıq dövrlərinin də keçməsi barədə bir sıra suallar yarana bilər. Halbu ki, bu barədə məlumat yoxdur. Əldə olan məlumat isə onun peyğəmbərlik dövründən sonradır. Belə ki, əgər onun uşaqlıq dövrü müzakirə edilərsə, anasının kimliyi müzakirə olunacaq, bu da silsiləvarı əlaqələrin yarandığına və heç bir nəticə əldə olunmayacağı ilə nəticələnə bilər.

İlk ibadətgah

  Quran Yer üzündə inşa olunan ilk ibadətgahın Məkkədəki Kəbə evinin olduğunu vurğulayır: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran, 96). Əgər ilk ibadətgah Kəbə evi olmuşsa, onun insanlığın ilk nümayəndəsi olan Adəmə aid olması da mümkündür. Sonrakı dövrdə İbrahim  peyğəmbərlə (ə) oğlu  İsmayıl (ə) həmin binanı təməldən inşa etmişlər.

Allah nə üçün bizi yaratdı?

  Allahın heç nəyə və o cümlədən bizə ehtiyacı olmadığı bir halda O, nə üçün bizi yaratdı? Quranda bu sualın dörd cavabı var:

1. Məqsəd və səbəb

  “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).

2. Allaha dua edilsin deyə

  “(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (Furqan, 77).

3. Həyatın imtahan olduğunu bəyan etmək

  “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (Mulk, 2).

4. Mərhəmətin  qaynağı  olaraq  insanı  yaratdı

  “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır” (Hud, 119).

Məntiqi  cavablandırma

  Allah bütün isimlərinə əzəli və əbədi sahibdir. Və bu ismlərdən biri də “Xaliq” (yaradan) ismidir. Yaradıcı  olana  isə “Nə üçün yaratdın?” sualı verilməz. Əgər günəş Yer üzünə işıq verirsə, “Nə üçün günəş işıq saçır?” sualı verilməz. Eyni qaydada hər hansı bir əsəri yaradan sənətkar barədə də belə bir sual verilməz. Çünki bu, onun zati-xüsusiyyətidir, yənı varlığının ayrılmaz hissəsidir.

  Allaha gəlincə, Onun sifətləti yaradılış aləmində təcəlli etməlidir. Demək, əgər Allah üçün yaradıcı ismindən istifadə olunursa, bu kimi sullar verilməməlidir. Necə ki, dülgərə “Sən nə üçün dülgərlik edirsən?” sualı verilmir.

  Hədisi-Qüdsidə nəql olunan hədislərdən birində buna cavab verilir (Allahın dilindən deyilir): “Mən gizli bir xəzinə idim, bilinməyi istədim”. Hətta bəzən belə bir sual da verilir: “Allah məni yaratmazdan əvvəl nə üçün məndən bunu soruşmadı? Soruşsaydı, bəlkə mən yaradılmaq istəmədiyimi deyəcəkdim…” Sualı vermək asandır, amma bir qədər məntiqi olmaq lazımdır. Çünki bu sualı vermək üçün insan oğlunun, ilk növbədə, var olması lazımdır. Var olmadan, yəni şüur sahibi olmadan necə belə bir sual vermək olar?!

Əllərimlə yaratdım

  Sad surəsinin 75-ci ayəsində insanın yaradılışı barədə belə bir ifadədən istifadə olunur: “(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”

  Bildiyimiz  kimi, hər dilin özünəməxsusluğu var. Hər bir dildə kəlmələrin həqiqi və məcazi mənalarda işləndiyi yerlər var. Məsələn, biri barədə “filankəs əliuzunluq edir”, “filankəs çox əliaçıq  insandır” və ya “əlim üstündədir” kimi ifadələrdən istifadə olunur. Dil ilə azacıq tanış olan istənilən şəxsdən bunların mənasını soruşsan, “bunlar məcazdır” deyə cavab verəcək və birinci ifadədən məqsəd birinin başqalarının malına əl uzatdığını, ikincinin səxavətli olduğunu, üçüncünün isə nəyinsə və ya kimlərinsə nəzarət altında olduğunu vurğulayacaq. Demək, “Allahın əli” ifadəsi məcazi anlam daşıyır. Belə ki, eyni məntiqdən çıxış edərək yəhudilər: “Allahın əli bağlıdır!” (Maidə, 64) deyə ayənin zahiri mənasını əsas götürərək Allahın paxıl olduğunu bildirməkdən  belə çəkinməmişlər. Halbuki, Allah barədə hər hansı bir fiziki xüsusiyyət nisbət verilə bilməz. Çünki fiziki varlığın əsas xüsusiyyəti yaradılmış olmasıdır. Yaradıcı barədə isə bunu söyləmək son dərəcə qeyri-məntiqi yanaşmadır.

  Allahın zatı barədə söylənilən ifadələrdən birində deyilir: “Zehninə hər nə gəlirsə, bil ki, o, Allah deyil”. Bunu Quranın özü də təsdiqləyir: “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). Allah Quranda özünə göz və üz nisbəti verir. Amma bütün bunlar hamılıqla məcazi anlamlardır. Yəni “əl” kəlməsi Allah barədə işləndikdə güc və səxavət, insan barədə işləndikdə isə fiziki üzv mənasında işlənir.

  Yəhudilərin Allaha paxıllıq vermələrinə gəlincə, Allah onlara belə bir cavab verir: “Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər”.

  Fəth surəsinin 10-cu ayəsində “Allahın əli sizin əlinizin üzərindədir” ifadəsi var. Ayə müsəlmanların Peyğəmbərlə beyətetmə ərəfəsində nazil olur. Məlum məsələdir ki, beyət olunarkən iştirakçılar əllərini bir-birlərinin əllərinin üzərinə qoyurlar. Ayədə belə bir ifadədən məqsəd Allahın belə bir beyətə razı olduğunu bildirməkdir. Və yuxarıda qeyd olunan ayədən - “iki əlimlə yaratdım” ifadəsində məqsəd “qüdrətimlə yaratdım” anlamına  gəlir. Quranın digər ayələrində də “yəd” (əl, cəm halda əyd) kəlməsi güc mənasında işlənmişdir. Zariyat surəsinin 47-ci ayəsində buyurulduğu kimi, (vəssəma-ə bənəynahə bi əydin və inna ləmusiun) - “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik”.



Әlaqәli Xәbәrlәr