İlk insan, Cənnət, mələklər

TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualıyla Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət edib. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik. III hissə “İlk insan, Cənnət, mələklər"dir

1447909
İlk insan, Cənnət, mələklər

III hissə

İlk insan, Cənnət, mələklər

  Adəmin yaradılışından bəhs edrəkən diqqət yetirməli olduğumuz əsas məsələ Allahın yaradılış nizamı barədə təqdim etdiyi bilgilərdir. TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət edib. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik. Üçüncü hissə “İlk insan, Cənnət, mələklər” adlanır.

* Birinci hissə “Quran kəlimələrində Allahın fərqli adları” - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/19/quran-k-lm-l-rind-allahin-f-rqli-adlari-1436882

* İkinci hissə “Adəm hansı surətdə (görünüşdə) yaradıldı və...” - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/26/ad-m-hansi-sur-td-gorunusd-yaradildi-v-1443397)

  Allahın yaradılış nizamı barədə Qurandan üç əsas təməl bilgi əldə edirik. Onlardan biri Allahın yaradılış iradəsinə sahib olub onu “Ol!” əmri ilə hərəkətə gətirməsidir. Yasin surəsinin 82-ci ayəsində deyilir: (innəma əmruhu iza əradə şəyən ən yəqulu ləhu kun fəyəkun) “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar”.

  Quranda Allahın yaradıcı sifətini və yaradılış nizamını bəyan edən ifadələrdən biri “Ol” kəlməsidir. Ayənin orijinal (ərəbcə) mətnində “kun fə yəkun” kəlməsindən istifadə olunur ki, bu da “Ol! - dedi, o da dərhal olar” cümləsidir.  Burada fəyəkun kəlməsini biz “olmağa  başlar” kimi də mənalandıra bilərik.

  Bildiyimiz kimi, təbiət aləmini və onun üzərində qərar tutan dağların, çayların, dənizlərin, nəbatat və heyvanat aləminin hər birinin meydana gəlməsi üçün milyon illər vaxt sərf olunub ki, bunu həm də İlahi hikmət tələb edir. Yəni hər bir varlığın yaranış prosesi dəqiq qanunauyğunluq nəticəsində baş verib. Biz Quranda 7-8 yerdə eyni ifadənin oxşar mənada istifadə olunduğunu  görürük. Lakin bununla yanaşı, Quranda yaradılışla əlaqəli başqa bir kəlmə ilə də qarşılaşırıq ki, bu da “bədəə-yəbdəu” kəlməsidir. Məsələn, Səcəd surəsinin 7-ci  ayəsində buyurulur: (və bədəə xəlqəl insani  min tin) “… insanı (Adəmi) yaratmağa palçıqdan başladı”. Göründüyü kimi, ayədə yaradılışın mərhələli olduğundan, yəni başlanğıc nöqtəsi olduğundan xəbər verilir. Quran eyni məzmunda istifadə olunan başqa bir kəlmənin - “xələqə” sözünün üzərində də dayanır. Məsələn, Yer və göylərin altı günə yaradıldığından söz açılarkən onların mərhələli olduğuna işarə olunur və bu mərhələ “gün” kəlməsi ilə ifadə olunur: (innə rəbbəkumulləzi xələqəssəmavati vəl ərzə fi sittəti əyyamin) “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən...” (Əraf, 54). Yer və göylərin altı gündə yaradıldığını biz Quranın altı ayəsində  görürük ki, bu da möcüzə içində başqa bir möcüzə, yəni Quranın riyazi ecazından xəbər verən bir həqiqətdir. Bu ayələri əsas tutaraq İlahi ssenarinin bütün yaradılış aləminə şamil olduğunu və onun içində insanın da yer aldığını, eləcə də bütün bunların zaman çərçivəsində insana öz təsirini göstərməsini də qəbul etmək məcburiyyətindəyik.

  Yaradılışla əlaqəli olan başqa bir ifadə “bədi” kəlməsidir ki, bu dilimizə yaratma kimi deyil, icad etmə kimi tərcümə olunur. (Bədiussəmavati vəl ərsi  fə iza qəza əmrən fə innəma yəqulu kun fə yəkun) “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” - deyər, o da (fövrən) olar” (Bəqərə, 117). Bir sözlə, yaradılışla bağlı bütün ifadələri bir yerə yığdıqda və onların arasındakı əlaqələri müəyyən etmək istədikdə Quranın yeni ecazları ortaya çıxır ki, hər biri barədə ayrı-ayrılıqda mütaliə və tədqiqat aparmaq lazımdır. 

Başlanğıc

  Quran üç yerdə bütün məxluqatın ilk olaraq sudan yaradıldığından xəbər verir. Həmin ayələrdən birində buyurulur: (və cəəlna minəl  mai  kullə  şəyin  həyyən) “...hər bir canlını sudan yaratdı” (Ənbiya, 30). Burada diqqəti çəkən məqamlardan biri də Quranda su kəlməsinin müxtəlif mənalarda, o cümlədən nütfə (sperma) mənasında da işlənməsidir. Həmin surələrdən biri də (huvəlləzi xələqə  minəl  mai  bəşərən) “İnsanları sudan (nütfədən) yaradan Odur” (Furqan, 54). Lakin bütün bunlarla yanaşı, Quran insanın yaradılış prosesinin başlanğıcında torpaq, palçıq və gil kimi ünsürlərdən də söz açır. Bəs bunlar bir araya necə gələ bilir? Bunları başa düşmək üçün biz Quranda eyni həqiqətdən bəhs edən “nəfsin vahidətin” (vahid nəfs) ifadəsini də nəzərdən  qaçırmamalıyıq.

  “Vahid nəfs nə deməkdir, onun mahiyyəti nədən ibarətdir? - Vahid nəfs canlı  varlıq obrazını təqdim edir. Və bu mərhələ insanın yaradılış prosesində çatdığı  son mərhələdir. Yaradılışla qarşımıza çıxan başqa bir məqam tək bir nəfərin – Adəmin deyil, bütün insanların torpaqdan yaradıldığından xəbər verən ayələrdir. Həmin ayələrdə biz (xələqnakum min turabin) “sizi torpaqdan yaratdıq” (Həcc, 5) ifadəsindən istifadə olunur. Nuh surəsinin 15-ci ayəsində  isə tam fərqli və çoxmənalı ifadədən istifadə olunur: (vəllahu ənbətəkum minəl ərzi nəbatən) “Və Allah sizi yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”. Göründüyü  kimi, yaradılış barədə yeni ifadələr meydana gəlincə tam fərqli yanaşma tərzləri və yeni suallar da yaranır. Quranı araşdıran hər bir kəs onların arasındakı əlaqələri üzə çıxarmalıdır.

  Yaradılış sirri. Ötən saylarımızda Quran  ayələrinə əsaslanaraq tək insanın deyil, bəlkə bütün varlıqların sudan yaradıldığından və insan adlı varlığın yaradılışında torpaq, gil, palçıq və s. kimi ünsürlərin rol oynadığından söz açdıq. Qeyd etdik ki, istər yaradılış aləmi olsun, istərsə də onun içində qərar  tutan insan bir neçə mərhələdə yaradılmışdır. Amma yanlış anlaşılmasın deyə, onu da qeyd etməliyik ki, mərhələli deyildikdə heç də bir  vaxtlar Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsi nəzərdə tutulmur. Belə ki, mərhələli yaradılış təkamül adlandırılan cərəyandan tam fərqli  gerçəklikdir. Çünki mərhələli yaradılışda bir ünsürün başqa bir hala düşməsi və bu mərhələnin bir neçə dəfə təkrarlanması, təkamül deyildikdə isə bir canlının başqa bir canlıya çevrilməsi nəzərdə tutulur ki, bu da İlahi qanunlara ziddir. Yəni yaradılışdan söz açmaq heç də təkamül nəzəriyyəsinə meydan vermir, verə də bilməz!

İlk  insan

  Quran ilk yaradılan insan üçün iki kəlmədən istifadə edir: “bəşər” və “insan” (Sad və Hicr  surələri). Hər  iki surədə insan adlı varlığın torpaqdan və sudan  yaradıldığına işarə olunur və bir yerdə insan, başqa bir yerdə isə bəşər  kəlməsindən istifadə olunur. Quranın təqdim etdiyi yaradılış mərhələsini  darvinizmdən fərqləndirən başlıca cəhət də elə budur. Yəni Qurana görə həm insanı, həm də insanın yaranmasında əsas ünsür olan su və torpağın da yaradıcısı Allahdır!

  Darvinizmdə yaradılışdan söhbət getmir, burada müzakirə olunan mövzu bir  varlığın başqa bir varlığa çevrilməsidir. Və bunu biz elm adlandıra bilmərik. Çünki elm adlandırılan gerçəklik bütün dövr və şəraitdə eyni nəticəni verməlidir. Darvinin iddiasında bunu müşahidə edə bilmirik. Yəni belə bir iddia irəli sürüldükdən sonra kimsə bir canlının (öz zahiri görünüşünü təbiətə uyğun olaraq müəyyən qədər dəyişsə də) başqa bir varlığa çevrilməmişdir. Və İnsanın başqa bir varlıqdan yarandığını nə İslam, nə də təhrifə məruz qalmış digər səmavi dinlər də qəbul  etmir. Darvinizm nəzəriyyəsinin əsassız olduğu qeyd olunan surələrdəki “bəşər” və “insan” ifadələri də bunu sübuta yetirir. Belə ki, insanı yaradan Allah onun su, torpaq, gil və s. halları üçün də “bəşər” və “insan” kəlmələrindən istifadə edir. Darvinizmi yalnız o zaman ciddi nəzəriyyə  hesab etmək olardı ki, bəşər və insan kəlmələri onun son və yekun mərhələsi  üçün istifadə olunaydı. Quranda biz bunun tam əksini görürük.

Cənnətdən Yer üzünə

  Adəmin Cənnətdə yaradıldığı üzərində dayananlar onun yer ünsürlərindən, lakin Cənnətdə yer üzü üçün yarandığı qənaətindədirlər. “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız” (Bəqərə, 35). Onlar öz  fikirlərinin İlahi ssenari olduğunu sübuta yetirməyə çalışır, onun qadağan olmuş meyvədən istifadə olunmasına gəlincə, bunu günah kimi deyil, sadəcə  unutqanlıq üzündən olduğunu və bu unutqanlığa görə də tövbə etdiyi və yalnız bundan sonra Yer üzünə endirildiyini söyləyirlər. Yəni Adəmin timsalında sonra Yer üzündə doğub-törəyəcək insanlara İlahi nemətlərin qədrini bilmək, bilmədikdə ondan məhrumolma ehtimalı təqdim olunur.

  Onu da qeyd edək ki, Adəmin necə və nə zaman Cənnətdə qərar tutması  haqda Quranda hər hansı bir məlumat verilmir. Bizə məlum olan onun  qadağan olan meyvədən yeyib oranı tərk etməsidir. Elə isə Adəmin Yer üzündə  deyil, Cənnətdə yaradıldığı və oradakı həyatı barədə məlumatlar haradan əldə olunub? Nəzəriyyə sahibləri bunu Peyğəmbərdən (s) nəql edilən mötəbər adlandırdıqları hədislərlə sübuta yetirməyə çalışırlar.

Cənnət...  hansı  Cənnət?!

  Adəm Cənnət adlı məkanda yaradılmışsa, o hansı Cənnət olmuşdur? Ümumiyyətlə, Quranda Cənnət təqdimatı necə olunur?

  Qurana görə, Cənnət möminlərin (əməlisaleh insanların) mükafat olaraq əbədi məkanıdır. Buradan belə bir sual yaranır: əgər Adəm doğrudan da Yer üzünün ünsürlərindən yaradılıb sonra Cənnətə aparılmışsa, etdiyi günaha (və ya unutqanlığına) görə necə əbədi məkandan çıxarıla bilərdi?!

  Bildiyimiz kimi, Allah-Taala Öz kitabında verdiyi vədə qarşı çıxmadığından xəbər verir. Adəmin Cənnətdə yaradıldığını hesab edənlərə “o necə Cənnətdir ki, ora şeytan belə yol tapa bilir?” sualına Qurandan heç bir əsası olmayan belə bir cavab verirlər: Şeytan Allahın dərgahından qovulduqdan sonra qazandığı addır. Bundan əvvəl onun adı İblis (və ya Əzazil) olmuş və o neçə min mələklərlə birlikdə namaz qılmışdır. Halbuki Quran  Kəhf surəsində İblisin mələklərdən deyil, cinlərdən olduğunu açıq-aşkar bəyan  edir: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən idi” (Kəhf surəsi, 50-ci ayə). Buradan belə bir sual yaranır: İblis mələklərdən biri olmamışsa və yaradılış baxımından da cinlərdən fərqli olmuşsa, onda nə üçün Allah-Taala ona da mələklərlə birlikdə Adəmə səcdə  etməsini əmr edir? Cavabını belə deyə bilərik ki, qeyd olunan ayə ilə yanaşı, Allahın birbaşa İblisə müraciət etdiyini də biz Quranda  görürük. Əraf surəsinin 12-ci ayəsi buna misal ola bilər: “(Allah İblisə) “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” deyə buyurdu”.

  Nə üçün bir yerdə Allah mələklərlə İblisə birlikdə, bir yerdə isə təklikdə  müraciət edir? Bunu başa düşmək üçün çox sadə misala ehtiyac duyuruq. Bir  sinifdə 30 şagird varsa və onların 25-i əlaçı, 5-i isə tənbəldirsə, Allah 25 nəfərə  xas xüsusiyyətlə müraciət edər. Bunu nəzərdə tutaraq Quranda mələklərin Allah qarşısındakı itaətkarlığını bəyan edən üç ayəyə nəzər yetirdikdə də  onların İlahi əmrə birmənalı olaraq itaət etdiklərini və bir an da olsun Onun əmrindən çıxmadıqlarını görürük.

Cə-ələ və xələqə

  Hazırkı ardıcıllıq baxmından Adəm barədə verilən ilk xəbər Bəqərə surəsinin  30-cu ayəsinə aiddir. Bəzi tərcümələrdə ayədə istifadə olunan “cə-ələ” kəlməsi yanlış olaraq “yaratmaq” mənasında da qələmə verilmişdir. Halbuki burada yaradılış deyil, hansısa vəzifəyə təyinolunma nəzərdə tutulur. Belə ki, “cəələ” ərəb dilində “bir şeyi haradasa qərar vermək” mənasını verir. Lakin bununla razılaşmayanlar Hicr surəsinin 28-ci Sad surəsinin 71-ci  ayələrində “xələqə” kəlməsinin məhz yaratmaq mənasında istifadə olunduğunu  əsas  gətirirlər.

1. (və iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min səlsalin min səmain  məsnun) - “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!”

2. (və iz qalə rəbbukə lilməlaikəti inni xaliqun bəşərən min tinin) - “(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəm) yaradacağam”.

  Bəli, hər iki ayədə “cəələ” kəlməsi yaratmaq mənasında  istifadə edilib. Lakin  diqqət yetirmək lazımdır ki, hər iki yerdə “cəələ” kəlməsi ilə yanaşı, insanın  yaradılışında istifadə olunan “səlsal” və “tin” palçıq kəlmələrindən istifadə  olunur. Eyni surədə (Sad  surəsində) “cəələ” kəlməsi Davud peyğəmbər (ə)  barədə də istifadə olunaraq onun Yer üzündə xəlifə təyin edildiyinə işarə olunur.

Qeybdən xəbər?!

  Bəqərə surəsinin 30-cu ayəsinin ikinci hissəsində diqqəti başqa bir məqam çəkir. O da mələklərin Allaha “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (Yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” sualı ilə müraciət etmələriylə əlaqəlidir? Verilən sualın özü barədə belə bir sual yaranır: Mələklər bəşər övladının qan tökəcəyini haradan bilə bilərdilər? Cavabında iki fikir irəli sürülür: 1) Mələklər bunu lövhi-məhfuzdan oxumuşlar. 2) İnsanlardan əvvəl Yer üzündə cin tayfaları olmuş, onlar bir-birlərinin qanını tökmüş və mələklər də bunu görüb Allaha belə bir (etiraz xarakerli) sual  vermişlər.

  Belə bir yanaşma qeyri-ciddi nəzərə çarpır. Əvvəla ona görə ki, təsəvvürümüzdə lövhi-məhfuz kimi yer alan bir gerçəklik materiya halında olan və üzərində olub-keçənlər yazılan iri lövhə deyil, bəlkə İlahi elmdir.

  Cinlərə gəlincə, belə bir yanaşma da qənaətbəxş deyil. Çünki bir qövm və  tayfanın etdiyi günah və itaətsizliklər, bunun nəticəsində də məhvə məhkum  olmaları başqa bir qövmün eyni aqibətə məhkumolma anlamına gəlmir. Hər iki  mənanı nəzərdən keçirib verilən cavabın əsassız olduğu ortaya çıxır. Elə isə  mələklər qeybdən necə xəbər verə bilərdilər?! Nəml surəsinin 65-ci ayəsinə görə, qeybi birmənalı olaraq bilən Allahın Özüdür: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” Demək, mələklər qeybi bilməmiş, bilmədikləri üçün də belə bir sualı vermişlər. Elə isə mələklər belə bir bilgiyə necə sahib  olmuşdular? Suala cavab vermək üçün ayənin tərcüməsinə yenidən nəzər salmalıyıq: “Yer üzündə fitnə-fəsad törətməkdə və qan tökməkdə olan bu varlıqlarımı xəlifə olaraq təyin edirsən?” Yəni insanlar artıq var, yaşayır, bir-birlərinin qanını tökür və mələklər də bunu görüb belə bir etiraz xarakterli sual ünvanlayır, Allahdan da növbəti ayədə onları razı salacaq cavabı alırlar. Bu isə o deməkdir ki, Adəm ilk insan deyil, həmin insanlar arasından seçilərək peyğəmbərliyə təyin olunan ilk peyğəmbərdir. Əlbəttə, bu, bir baxışdır, daha doğrusunu, Allah bilir.



Әlaqәli Xәbәrlәr