Adəm hansı surətdə (görünüşdə) yaradıldı və ...

“Yaradılış sirri” silsiləsindən növbəti mövzu yaradılışın şah əsəri olan və Quranda “bəşər”, “Adəm övladı” və “insan” kimi kəlmələrlə keçən insan növü barədə araşdırmadır

1443397
Adəm hansı surətdə (görünüşdə) yaradıldı və ...

II hissə

Adəm hansı surətdə (görünüşdə) yaradıldı və ...

  “Xəllaq” sifətinə sahib Allahın qüdrət nişanələrindən sonra “Yaradılış sirri” silsiləsindən növbəti mövzu yaradılışın şah əsəri olan və Quranda “bəşər”, “Adəm övladı” və “insan” kimi kəlmələrlə keçən insan növü barədə araşdırmadır. TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət etdi. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik. İkinci hissə “Adəm hansı surətdə (görünüşdə) yaradıldı və...” adlanır. (Birinci hissə “Quran kəlimələrində Allahın fərqli adları” idi - https://www.trt.net.tr/azerbaycan/maraq-dunyamiz/2020/06/19/quran-k-lm-l-rind-allahin-f-rqli-adlari-1436882)

  İnsanın ağlına suallar gəlir: Adəm hansı surətdə (görünüşdə) yaradıldı? Mələklər ona səcdə edərkən şeytan nə üçün etiraz etdi? Adəmdən də əvvəl başqa varlıqlar (insanlar) olubmu? Ona öyrədilən ismlər nədən ibarət  idi? Şeytanın ona etdiyi vəhsvəsələr nədən ibarət idi? Adəmin tövbəsi necə qəbul oldu? Adəm övladları Yer üzünə necə yayıldı? Kəbəni doğrudanmı ilk dəfə Adəm inşa edib? Və s. Bu barədə məşhur hekayədə deyilir: Adəm torpaqdan, daha sonra zövcəsi  Həvva onun qabırğasından yaradıldı. Bundan sonra onlar qadağan olunmuş  meyvədən (almadan) yeyib  günah işlətdilər, nəticədə Cənnətdən qovuldular  və Yer üzünə düşüb nəsilləri beləcə artıb yayıldı. Bu doğrudanmı  belədir?

Torpaqdan yarandıq

  Adəmin dünya torpağından yaradıldığını Quranın bir çox ayəsi sübuta yetirir ki, onlardan biri də Ali-İmran surəsinin 59-cu ayəsidir. “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu”. Ayədən göründüyü kimi, Adəm torpaqdan yaradılıb. Lakin çoxlarına görə Adəm möminlərə vəd olunan Cənnətdə yaradılmış və günah işlətdiyi üçün oradan çıxarılaraq Yer üzünə enmişdir. Bu fikrin üzərində dayananlar adətən Bəqərə surəsinin 36-cıTaha  surəsinin 123-cü ayələrinə istinad edirlər. Həmin ayələrdə deyilir: “(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, - dedik” (fəəzəlləhuməşşəytanu ənha fə  əxrəcəhuma mimma kana fihi. Və qulnahbitu bəzəkum libəzin əduvvin və ləkum fil ərzi mustəqərrun və mətaun ila hin). (Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin” (qaləhbitu  minha  cəmiən   bəzukum libəzin  əduvvin...).

Eniş

  Bəqərə surəsinin 36-cı ayəsinin orijinal (ərəbcə) mətnində “ihbitu” kəlməsindən istifadə  olunur ki, bəzi dilçi alimlər onu bir yerdən başqa bir yerə keçmək kimi  mənalandırsalar da, məqam sahibinin yüksək məqamdan nisbətən aşağı  məqama düşmə mənasını verdiyini də qeyd etmişlər. Deməli, belə bir mənanı nəzərə alaraq Adəm və Həvva üçün istifadə olunan “ihbitu” kəlməsini məkani-tənəzzül kimi deyil, mənəvi tənəzzül kimi mənalandırmalıyıq. Eyni kəlmə Bəqərə surəsinin 61-ci ayəsində İsrail övladlarına cəza olaraq şəhərə getmə (enmə) əmri verilir (ihbitu misrən). Demək “ihbitu” kəlməsi bir  məkandan başqa bir məkana keçmək mənasını verdiyi kimi məqam və rütbə baxımından daha aşağı dərəcəyə enmə mənasını da verə bilir.

  İslam tarixi ədəbiyyatında qədimliyi və mötəbərliyi ilə yer alan Təbərinin tarix kitabında Adəmin yaradılışı barədə verilən xəbərə nəzər salaq: “Allah-Taala Adəmi yaratmaq istərkən Cəbrail mələyi bir ovuc torpaq gətirmək üçün Yer üzünə göndərir. Lakin Yer ona deyir: “Mən sənin məndən bir şey  əskiltməyindən Allaha sığınıram, bunun üçün sənə hem nə verə bilmərəm”. Beləliklə, Cəbrail mələk Allahın hüzuruna qayıdaraq Yerin bir ovuc torpaq verməkdən imtina etdiyini və bu işdə Ona sığındığını xəbər verir. Cəbrail mələkdən sonra Mikail mələk Yer üzünə enir və o da bir ovuc torpaq ala bilmədən əliboş Allahın hüzuruna qayıdır. Onlardan sonra Yer üzünə ölüm mələyi Əzrail enir. O da Yerdən eyni sözləri eşidincə “Mən də Allahın əmrini yerinə yetirməməkdən Ona sığınıram”, - deyir, Yer üzünün müxtəlif yerlərindən qırmızı, ağ və qara torpaq götürərək Allahın hüzuruna qayıdır. Sonra torpaq xəmir halına gətirilir və qırx gün qaldıqdan sonra Adəm öz surətini  alır...” Həmin  mənbədə mövzunun davamı olaraq deyilir: “Allah-Taala Adəmi Öz surətində yaratdı və onun boyu altmış zira oldu”. (Bir zira dirsəkdən barmaqların ucuna qədər olan məsafə, yəni təxminən 40-50 sm, bu hesabla Adəm peyğəmbərin boyu nə az-nə çox, düz 30 metr olmalı idi)”.

Adəm

  Burada sual doğuran və müzakirəyə səbəb olan başqa bir məsələ də ortaya  çıxır: əgər Adəm doğrudan da, deyildiyi kimi, yaradılmışsa, o, hansı yaşda  yaradılmışdır? Normal insan kimi uşaq olaraq yaradılıb və sonra tədricən  böyüyərək qeyd olunan boy-buxuna gəlib çatmışdır, yoxsa elə yaradılışın ilkin mərhələsində həmin boyda olmuşdur? Və əgər belə olmuşsa, onun yaşı necə və hansı hesabla ölçülmüşdür? Yəni uşaqlıq və yetkinlik yaşına çatmayan Adəm  birdən-birə cavanlıq yaşına qədəm qoymuş və ömrü həmin dövrdən sonra  başlamışdır? Bəs hədis ədəbiyyatına bu kimi məlumatlar haradan və necə  sızıb? Cavabı İslamın və Quran ayələrinin nazilolma tarixini araşdırarkən müəyyən etmək olur. O da bundan ibarətdir: Quran yalnız Adəmin necə yaradıldığından xəbər verir və qeyd olunan məsələlərin üzərində, yəni  boyunun nə qədər olması, görünüşü barədə hər hansı bir məlumat vermir. Lakin həmin məlumatlar xristian və ələlxüsus yəhudi mənbələrdə yer alır. Bunları görən bəzi müsəlman hədis alimləri onlara İslami rəng verərək Peyğəmbərin (s) və İmamların (ə) dilindən nəql etməyə başlayır. Beləcə müsəlman təfəkküründə Adəm barədə bu kimi məlumatlar yer almağa başlayır. Lakin burada üzərində dayanmalı olduğumuz başqa bir məqam var. O da Adəmin bioloji olaraq biz insanlardan fərqli ola bilməməsidir. Belə ki, bunu elmlə sübuta yetirmək istəsək, heç şübhəsiz ki, əliboş qalarıq. Adəmin Allahın surətində yaradılışına gəlincə qeyd etmək lazımdır ki, bu məsələ müsəlman alimləri arasında mübahisəyə səbəb olan məsələlərdəndir. Hədislər üzərində dayananlar onun həqiqi deyil, məcazi mənada deyildiyini qeyd  edirlər.

  Adəmin yaradılışı haqda danışdıqsa, diqqət yetirməli olduğumuz növbəti əsas məsələ Allahın yaradılış nizamı barədədir.

                                                          ardı var...



Әlaqәli Xәbәrlәr