Quran kəlmələrində Allahın fərqli adları

TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət etdi. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik.

1436882
Quran kəlmələrində Allahın fərqli adları

I hissə

Quran kəlmələrində Allahın fərqli adları

  İnsanın yaradılışı, Allahı tanıması, adlandırması, bu yolda şüurunda araşdırma, təkmilləşmə, yaradanlar, yarananlar, insan, mələk, qiyamət və s. hər zaman bəşər övladını düşündürən mövzulardır. Minilliklər boyu çoxlu teorik və elmi izahlar olsa da, insanın sualları bitmir. TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytı “Yaradılışın sirri nədədir?” sualı ilə Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət etdi. Onun maraqlı mənəvi söhbətini hissələrlə oxuculara təqdim edirik. Birinci hissə “Quran kəlimələrində Allahın fərqli adları”dır.

  Allahın  adı  və  yadı  ilə

  “Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun.14)

  Allahın yaradılış sifətləri. Bu barədə ağlımıza ilk gələn yoxdan varetmə olsa da, Quranın bir çox ayələrində tam fərqli yanaşma və tam fərqli mənalarla qarşılaşırıq. Belə ki, Quranın yaradılışla əlaqəli ayələrində keçən Allahın həm yoxdan var etmə, həm vardan var etmə, var olanın bir halından başqa bir hala dönməsi, nəyinsə ziddindən çevirərək var etməsi, iki təzad varlığı yan-yana gətirərək üçüncü varlığı yaratmaq kimi sifətləri var.

  Quranda istifadə olunan ifadələrdən biri də Allahın “xəllaq” ismidir. Xəllaq - həm çox yaradan, həm davamlı olaraq yaradan, həm də hər növ və çeşiddə yaradan mənasını verir. Yəni Allahın yaradıcı sifəti tək bir növ yaradıcılıqla məhdudlaşmır, bəlkə bir neçə növə ayrılır. Quranda yer alan ifadələrdən biri də yoxdan var etmə mənasını verən “bədə-ə” kəlməsidir: “bədiussəmavati vəl ərzi” - “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur.” (Bəqərə.117) Bununla yanaşı, Quran həm də “fətərə” kəlməsindən də istifadə edir: “fatirussəmavati vəl ərz” - “De ki, ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah!” (Zumər.46) Eyni zamanda, nədənsə nəyisə yaratmaq mənasını verən “xələqə” kəlməsindən də istifadə olunur. Qeyd olunan əvvəlki iki kəlmə yalnız Allah üçün istifadə olunsa da, “xələqə” kəlməsi Allahla yanaşı digər varlıq üçün də istifadə olunur. Məsələn, Muminun surəsinin 14-cü ayəsində deyilir: “Fətəbarəkəllahu əhsənil xaliqin” -  “Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” Bu isə o deməkdir ki, Allahdan başqa bir yaradan varlıq vardır: insan.

  İstifadə olunan başqa bir ifadə nəyinsə bir başqa hala gətirilməsi ilə əlaqəlidir ki, bunun üçün Quranda “cəələ” kəlməsindən istifadə olunur.

  Bəs Allah bu kimi sifətləri ilə hansı növ və xüsusiyyətlərə sahib varlıqlar yaratmışdır? Suala cavabı Zariyat surəsinin 49-cu ayəsi verir: “Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq.” Yasin surəsinin 36-ci ayəsi qeyd olunan ayəyə açıqlama verərək buyurur: “Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)” Ayədə keçən “bilmədikləri” ifadəsi bu günümüzdə hələ də kəşf edilməkdə olan bitki və heyvan aləminin elmə məlum olmadığından xəbər verir. Qeyd olunan ayələrdən həm Allahın cüt yaratma, həm də varlıqların özlərinin cüt-cüt yarana bilmə xüsusiyyətinə malik olduqları məlum olur.

  Ümumilikdə yaradılış mövzusunda mələklərin tüstüsüz oddan (rəvayətlərə əsasən nurdan), bütün canlıların sudan yaradılışı Allahın çeşidli yaradıcı xüsusiyyətinə sahib olmasından xəbər verir. Nəhl surəsinin 8-ci ayəsi isə yaradılış prosesinin həm dayanmadan davam etdiyindən xəbər verir “(Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır”, həm də Tövratdın “Allahın yer və göyləri altı günə yaradıb yeddinci gün istirahət etdi” verdiyi xəbərinin yanlış olduğunu bildirir.

  Quranın iki ayəsində daha maraqlı bir ifadədən “min misqalin” (zərrə qədər) kəlməsindən  istifadə olunur. Həmin ayələrdən biri Yunus surəsinin 61-ci ayəsidir: “(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” Digəri isə Səba surəsinin 3-cü ayəsidir: (Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”

  Göründüyü kimi, hər iki ayədə “min misqali zərrətin” kəlməsindən istifadə olunur ki, bu da Quranın nazil olduğu dövrdə ərəb dilində istifadə olunan və ərəb zehniyyətində yer alan ən kiçik varlıq anlamına gəlir. Hətta kəlməyə verilən açıqlamada “zərrənin” günəş şüaları evin içinə düşərkən yerdən qalxan toz dənəcikləri mənasını verdiyi qeyd olunmuşşdur. O dövrdə zərrə deyildikdə günəş şüaları altında görünən toz dənəcikləri nəzərdə tutulsa da, hazırki dövrdə onlardan da xırda olan mikro aləmə aid olan hər bir varlığa şamil olur ki, atomu təşkil edən neytronlar, protonlar və onların da tərkib hissəsini təşkil edən varlıqlardır ki, Quranın “bilmədiyiniz” ifadəsi bir zamanlar bilinməyən və bəlkə də bu günə nisbətdə bilməyən başqa varlıqlar ola bilər.

  Hicr surəsinin 20-ci ayəsində başqa bir maraqlı məqama toxunaraq deyilir: “Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.” Buradan da yer üzündə bizə məlum olmayan varlıqların mövcudluğuna və onların bizə məlum olmayan yallarla ruzilər verildiyinə işarə olunur. Ayəni daha dəqiq başa düşmək üçün orijinal mətndə istifadə olunan ifadələrə nəzər salmaq lazımdır: və cəəlna ləkum fiha məayişə və mən ləstum ləha biraziqinə, burada keçən “mən” ədatı şüurlu canlı varlıqlar üçün istifadə olunur. Bu isə yaradılış aləmində bizimlə yanaşı bizim kimi digər şüurlu və canlı varlıqların olmasına dəlalət edir. Ayədəki “mən” ədatından yola çıxaraq yer və göylər arasında, yəni bizə məlum olan və olmayan qalaktikada canlı varlıqları mövcudluğu qəbul etməyimiz heç də əsassız olmur. Nəhl surəsinin 49-cu ayəsi bir daha buna dəlil ola bilər: “Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!” Ayənin  məfhumunu olduğu kimi başa düşmək üçün yenədə orijinal mətninə nəzar salmalıyıq: “Vəlillahi yəscudu ma fis-səmavati və ma fil ərzi min daabbətin vəl-mələikətu və hum la yəstəkbirun”. Bəzi təfsirçilər həmin varlıqların mələklər olduğuna işarə edirlər. Bir haldaki mələklər açıq-aydın işarə olunur və burada “daabbə” ifadəsindən istifadə olunur ki, bu da hərəkəttə olan hər bir valığa şamil olunur.

  Qeyd olunan ayələrlə yanaşı yer və göylərdə insanlardan başqa hərəkətdə olan digər şüurlu varlıqların mövcudluğundan xəbər verən digə ayələr də var ki, Rəd surəsinin 15 ci və Nəml surəsinin 65-ci ayəsi onlardan biridir.

  Allahın yaradıcı sifət və xüsusiyyətlərindən biri də varlıqların ziddi ilə yarada bilməsidir. Mövzu ilə əlaqəli Əraf surəsinin 57-ci, Nur surəsinin 43-cü, Rum surəsinin 48-ciFatir surəsinin 9-cu ayələrinə işarə etmək olur. Qeyd olunan ayələrdə yüklü buludların küləklərlə hərəkətə gətirilərək yağışların yağmasından söz açılır: “Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk.” (Əraf.57) Ayələrdən yola çıxaraq belə qənaətə gəlmək olur ki, şimşək çaxması nəticəsində meydana gələn  alovdan ziddinin, yəni suyun (yağışın) yaranmasından xəbər verilir.

  Başqa bir yaradıcı sifət zidlərin bir araya gətirilib başqa bir zidd varlığın meydana gəlməsi ilə əlaqəlidir. Yasin surəsinin son ayələrində nankorun insan ölüb sümükləri çürüdükdən sonra necə yarana biləcəyi şübhəsinə növbəti ayələrdə üç əsaslı cavab verilir. “Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər ki?!” – deyə hələ Bizə bir məsəl də çəkdi” (Yasin.78). Verilən ilk cavabda hər şeyi yoxdan var edən bir varlığın vardan da var edə bilməsindən söz açılır: “(Ya Peyğəmbər!) de: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.” İkinci cavabda yaş ağacdan (yəni  tərkibi hidrogen və oksigendən ibarət olan sulu maddədən) tam zidd  varlığın, yəni alovun meydana gəlməsindən xəbər verilir: “O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi” (Yasin.80). Yəni yandırıcı söndürən xüsusiyyətlərə malik olan hidrogen və oksigen malekullarının birləşərək tam fərqli xüsusiyyətli tərkibin meydana gəldiyini görürük. Bunlar yalnız “xəllaq” sifətinə sahib olan bir varlığın qüdrət nişanələrindəndir. Belə bir müqəddimədən sonra  yaradılışın şah əsəri olan və Quranda “bəşər”, “Adəm övladı” və “İnsan” kimi  kəlmələrlə keçən insan növünün yaradılışı barədə araşdırmaya başlayırıq.

                                                         ardı var...



Әlaqәli Xәbәrlәr