Qədr (əhya) gecələrinin hikməti

Qədr (əhya) gecələrinin hikməti nədir və ya nələrdir?

1415846
Qədr (əhya) gecələrinin hikməti

 

  "Qədr (əhya) gecələrinin hikməti nədir və ya nələrdir?" 

  Bu sualla Azərbaycan respublikasının tanınmış teoloq və islamşunası İsmayıl Əhmədə müraciət etdik. Onun maraqlı söhbətini oxuculara təqdim edirik.

Allah və insan

  Qədr gecəsi Allah insan övladı ilə danışdı. Ona oxumağı, özünü dərk etməyi əmr etdi. Bir anlığa dərketmə məsələsini bir kənara qoyub yalnız Allahın insanla danışmaq istədiyinin əhəmiyyətinin fərqinə varaq. Yaradılış aləminin sahibi onun bir nümunəsi olan insanın görüşünə gəlib danışmaq istədiyini bildirir.

  Allah insanla danışdı. Amma danışmaya da bilərdi. Və buna insanın şikayət etməyə heç bir haqqı olmazdı. Çünki Allah insanla artıq fitrəti üzərindən danışmış, vicdanına yazmış, vücuduna üfürdüyü ruhla həqiqətin təməl kodlarını işləmişdi. Bunun üçün də insanın Allahı bilməsi və tapması üçün vəhyə ehiyac yoxdur. O, istədikdə Allahı fitrəti ilə də tapa və dərk edə bilər.

  Həzrət İbrahimin (ə) ifasında təqdim olunan hadisəni  buna misal çəkmək olar. O, göy cismlərinə pərəstiş edən tayfalar arasında dolanarkən əvvəl ulduzpərəstlərin, sonra aya və daha sonra günəşə pərəstiş edənlərin arasında olub necə böyük azğınlığa düçar olduqlarını müşahidə etdikdən sonra “Mən batanları sevmərəm!” – deyə fitri Allahpərəstliyini dilə gətirir. Amma bəndələrinə qarşı son dərəcə Rəhim və Rəhman olan Allah onlara olan qayğı və mehribanlığını bir daha danışaraq ortaya qoydu. Və Allahın insandan belə asanlıqla əl çəkməyəcəyinin bir göstəricisi idi. Yetər ki, bəşər övladı özü-özünü əl çəkilən hala salmasın. İstədiyinə qadir olan Allah istədiyi vaxt insanlığı yer üzündən silib, onun yerinə tam başqa tayfa və ya varlıq növünün gətirə biləcəyini “Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər” (Fatir, 16) ayəsi ilə çox gözəl şəkildə bəyan edir.

  Quranın bəzi ayələrində insan növünün cinlərlə birgə (insun və la can - insanlar və cinlər) qeyd olunması da bir daha onun əvəzolunmaz olmadığından xəbər verir. Allah yaratdığı iki şüurlu varlığı bir yerdə qeyd edir və bununla onların hər birinə belə bir xəbərdarlıq edir ki, siz iki tayfanı yaradan Allah sizdən başqalarını da yaratmağa və istədiyi zaman məhv etməyə qadirdir. Bu o deməkdir ki, Allah bizim üçün əvəzolunmaz, biz isə Allah üçün əvəzolunmaz deyilik. “La ilahə illəllah!” - deməyin özü  də alternativsiz Allahın birliyinə şahidlik gətirmək deməkdir.

  Ramazan ayının Qədr gecələrində bəndələrinə qarşı sonsuz rəhmət nümayiş etdirən Allah Öz rəhmətini bir daha ortaya qoyur və bizi bəşərilikdən insanlığa ucalmaq fürsətini təqdim edir. Nə böyük rəhmət sahibi imiş bizim Allahımız, elə deyilmi? Həm yaradır, həm görüşünə enir, həm də ucalması üçün ixtiyarına hər ana min aydan üstün olan bir gecəni qərar verir... Belə bir Allaha bəndəlik etməyəsən nə edəsən? Belə bir Allahın şükrünü necə və hansı ifadələrlə dilə gətirəsən? O, yaratdığının ucalması üçün “enir”...

  Allah bizimlə danışdı, danışdığı üçün də bəşərilikdən insanlığa ucaldıq. Bizimlə danışmağa başladığı üçün bəşərin içindən Adəm oğlu olduq. Əgər Adəm peyğəmbər (ə) barədə nazil olan ayələrə diqqət yetirsək, görərik ki, onu Adəm edən məhz Allahın ona xitba etməsi və ona qayğı göstərməsidir. Adəmin (ə) qədir-qiymətindən ona olunan xitablar xəbər verdiyi kimi, hər bir insanın da qədir-qiymətini mübarək qədr gecələri verməkdədir. Allahın Adəm oğluna nazil olduğu gecələr. Öz qədir-qiymətini bilmək istəyən hər bir insan qədrin qiymətini bilsin və bu gecənin bərəkətindən bəhrələnsin. Vəhyin qədir-qiymətini bilmək üçün onun içində bir “Qədr” surəsinin olması lazım idi ki, onu  da vəhy sahibi nazil etdi.

 

  Qeyd edək ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın Azərbaycan ərazisinin üfüqünə uyğun görünməsinə əsasən, Miladi tarixlə aprel ayının 25-i şənbə günü daxil olub. Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-sına, yəni 12, 14, 16 və 20 may tarixlərinə təsadüf edəcək.



Әlaqәli Xәbәrlәr