İKT-də Qızlar Günü

Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq İKT-də Qızlar Günü bu il aprelin 23-nə təsadüf edir

1403951
İKT-də Qızlar Günü

 

  Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq İKT-də Qızlar Günü bu il aprelin 23-nə təsadüf edir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən əlamətdar gün ənənəvi olaraq Azərbaycanda da qeyd olunur.

  İKT-də Qızlar Gününün keçirilməsi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

  Hazırda Azərbaycanda qadınların İKT sahəsində rolu günü-gündən genişləndirilir, bu istiqamətdə gender bərabərliyi təmin edilir. Məhz bu amil gənc qızları innovasiyalara yaxından maraq göstərməyə, texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa sövq edir.

  Hər il əksər ölkələrdə İKT-də Qızlar Günü ilə əlaqədar xüsusi tədbirlər keçirilirdi. 2011-ci ildən dünyanın 170-dən çox ölkəsində bu günə həsr edilmiş 11 mindən artıq müxtəlif formatlı tədbirdə 400 minədək qız və gənc qadın iştirak edib.

  Dünyanın bir çox ölkələrini əhatə edən "Covid-19" pandemiyası səbəbindən bu dəfə İKT üzrə təhsil alan, çalışan, bu sektora öz töhfələrini verən qadınların iştirakı ilə ənənəvi tədbirlər təşkil edilmədi. Lakin İKT-də olan qadınlar sosial təcridlə bağlı real həyatdakı mövcud məhdudiyyətlərə baxmayaraq, bu günü internet resurslarından yararlanmaqla virtual formatda qeyd edir və öz həmrəyliklərini nümayiş etdirirlər.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr