Almaniyada uşaqları məktəbə maşınla aparmaq məsləhət görülmür

Almaniya psixoloqlarına görə, məktəblilərin, xüsusən aşağı sinif şagirdlərinin öz yaşıdları ilə birlikdə piyada, velosipedlə və ya ictimai nəqliyyatla məktəbə getmələri ən optimal variantdır.

902457
Almaniyada uşaqları məktəbə maşınla aparmaq məsləhət görülmür

Almaniyalı psixoloqlar uşaqları məktəbə “çatdırmağın” hansı üsulunu daha optimal sayırlar? Məktəbə valideynlərinin maşınında getməyən uşaqlar nə üçün daha yaxşı oxuyurlar?

Hər səhər Almaniyada ibtidai məktəblərin (1-4-cü siniflər), eləcə də daha böyük uşaqların təhsil aldığı məktəblərin çoxunun yaxınlığında dərslərin başlanmasına 10-15 dəqiqə qalmış eyni mənzərə müşahidə olunur: valideynlərin avtomobilləri bərkdən siqnal verərək, başqa maşınlar arasında çətinliklə manevr edərək və az qala bir-birinin üstünə çıxaraq məktəbin qarşısına “toplaşır”. Uşaqlar tələsik maşından çıxır, əsəbi ata və analar başqa sürücü-valideynlərlə söyüşə-söyüşə məktəb çantalarını balalarının kürəyinə keçirib onları dərsə yollayır, sonra da özgə uşaqlarını əzməməyə çalışaraq əsəbi halda “döyüş meydanını” tərk edirlər. Dərslər bitəndə də eyni vəziyyət yaranır.

Uşaqları “məktəbə çatdırmağın” bu üsulunu Almaniyada “valideyn taksisi” adlandırırlar. Hətta məktəb lap yaxınlıqda yerləşsə belə valideynlərin çoxu uşaqlarını maşınla aparmağa üstünlük verir, özü də maşını lap məktəbin qapısına sürməyə çalışırlar.

Nəticədə hərc-mərclik yaranır: məktəblərin qarşısında tıxaclar əmələ gəlir, işə gecikən valideynlər əsəbiləşir, tez-tez qəzalar baş verir. “Valideyn taksisi” heç də ən təhlükəsiz nəqliyyat vasitəsi deyildir. Federal Statistika İdarəsinin məlumatına görə, ötən il Almaniyada 15 yaşına çatmamış təqribən 10 min uşaq məhz valideynlərinin avtomobillərində müxtəlif dərəcəli xəsarət alıb.

“Valideyn taksiçilər” uşaqlarını çox əzizləyirlər, “yazıqdılar, imkan verək ki, bir az çox yatsınlar” deyə düşünürlər. Amma əvvələn, burada söhbət vur-tut 10 dəqiqədən gedir. İkincisi, İsveçin Karlstada Universitetinin mütəxəssisi Cessika Vestmanın vurğuladığı kimi, bu şəkildə məktəbə getmək uşaqların psixikasına, onların formalaşmasına pis təsir göstərir.

Məktəblilərin, xüsusən aşağı sinif şagirdlərinin öz yaşıdları ilə birlikdə piyada, velosipedlə və ya ictimai nəqliyyatla məktəbə getmələri ən optimal variantdır. Bu təhlükəsizdir, söhbət edə-edə yol getmək daha maraqlıdır və onlar daha tez yetkinləşirlər. Psixoloq Klaus Zayfrid televiziya ekranından valideynlərə müraciət edərək deyib: “Uşaqları lap kiçik yaşlarından müstəqilliyə öyrətmək lazımdır, onlar küçələrə bələd olmağı kiçik yaşlarından öyrənməlidirlər”.

Bundan əlavə, məktəbə özü gedən uşaqlar birinci dərs zamanı deyil, yolda gedə-gedə “oyanırlar”. Daha tez oyananlar isə keçilən materialı daha yaxşı mənimsəyirlər!

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr