Türkiyənin antik şəhərində 2250 il əvvələ aid kanalizasiya sistemi tapıldı
BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan bu qədim şəhər Helenistik, Roma və Bizans dövrlərinə aid tikililərin, Anadolunun yerli xalqları olan karian və leleqlərin mühüm yaşayış məntəqəsi olub
Türkiyənin Muğla rayonunun Yatağan qəsəbəsində Stratonikeia antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı 2250 il əvvələ aid kanalizasiya sistemi tapılıb.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan bu qədim şəhər Helenistik, Roma və Bizans dövrlərinə aid tikililərin, Anadolunun yerli xalqları olan karian və leleqlərin mühüm yaşayış məntəqəsi olub.
Arxeoloji qazıntı qrupunun rəhbəri, professor Bilal Söğüt mövzuyla bağlı deyib: “Antik teatrın altından keçən böyük kanalizasiya sistemi ilə bu gün belə su axır. Qədim urbanizm və həyatın izlərinin tapılması həyəcanvericidir. Qazıntılar zamanı aşkara çıxan, küçələrə birləşdirilən mürəkkəb kanalizasiya şəbəkəsi suyun şəhəri narahat etmədən axıdılmasına imkan verir”.
Qeyd edək ki, Muğlanın Kavaklıdere qəsəbəsində isə arxeoloji qazıntıların aparıldığı Hillarima (Hyllarima) antik şəhərində Hellenistik dövrə aid ilk monumental ekoloji bina üzə çıxarılıb.