Londonda “İpək yolları” (“Silk Roads”) sərgisi

Britaniya Muzeyindəki “İpək yolları” sərgisi 2024-cü il sentyabrın 26-dan 2025-ci il fevralın 23-dək davam edəcək

2191812
Londonda “İpək yolları” (“Silk Roads”) sərgisi

 

  Londondakı Britaniya Muzeyində İpək Yoluna həsr olunmuş yeni sərgi açılıb. Muzeyin rəsmi saytında yazılana görə, Britaniya Muzeyinin kolleksiyasından olan əşyalarla yanaşı, bir çox regionlara və mədəniyyətlərə aid əşyaların təqdim edilməsi üçün 29 milli və beynəlxalq tərəfdaşla əməkdaşlıq edən “İpək yolları” (“Silk Roads”) sərgisi İpək Yolunun hər yerindən olan əşyaları görmək üçün unikal şans yaradır.

  Bizans zərgərlik məmulatları və ən qədim tanınmış şahmat fiqurları qrupu da daxil olmaqla bir sıra artefaktları nümayiş etdirən sərgi onların tarixində, eramızın təqribən 500-1000-ci illərindəki dövrə diqqət yetirən vizual heyrətamiz bir şoudur.

  “Bu sərgi İpək Yolu ilə bağlı bəzi insanların gözlədiyindən tamamilə fərqli bir baxış təqdim edir... Şərq və Qərb arasında vahid ticarət yolu əvəzinə, biz İpək yollarını cəm şəkildə... bütün Asiya, Afrika və Avropadakı icmaları birləşdirən kəsişən şəbəkələr silsiləsi kimi göstəririk”, - deyə sərginin kuratorlarından biri Syu Brunning “Reuters” agentliyinə bildirib. - Biz göstəririk ki, təkcə ipək və ədviyyatlar deyil, həm də insanlar, əşyalar və ideyalar bəzən nəinki quruda, dəniz və çay vasitəsilə böyük məsafələri qət edib. Belə mübadilələr bütün kontekstlərdə baş verib”.

  Diqqəti çəkən eksponatlar arasında Orta Asiyadan olanlar, məsələn, Səmərqənddəki aristokrat evinin qəbul zalında tapılan böyük freska və Şotlandiya Milli Muzeyindən müvəqqəti istifadəyə verilmiş Qallouey dəfinəsindən gümüş fincan yer alıb. Sərgidə Özbəkistan və Tacikistanın Böyük Britaniyada indiyə qədər nümayiş etdirilməmiş eksponatları xüsusi diqqət çəkir, bu, həm də qitə miqyasında Mərkəzi Asiyanın əhəmiyyətini vurğulayır.

  Britaniya Muzeyindəki “İpək yolları” sərgisi 2024-cü il sentyabrın 26-dan 2025-ci il fevralın 23-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr