İlaxır çərşənbə - Torpaq çərşənbəsidir

Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbəni qeyd edirik...

1164216
İlaxır çərşənbə - Torpaq çərşənbəsidir


  Novruzun gəlişi baharın gəlişi deməkdir. Təbiətin oyanması, hər yerin yaşıllaşması, ağacların tumurcuqlaması, təbiətin öz yaşıl libasını geynməsi kimi bədii-poetik ifadələrlə vəsf edirik bu təmtəraqı.

  Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbəni qeyd edirik: Su, Od, Yel və sonuncusu olan ilaxır çərşənbəsi - Torpaq çərşənbəsi. 

  Hər çərşənbə axşamı qeyd olunan çərşənbələrdə hər kəs bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir. Və hər kəs müqəddəs çərşənbələri yüksək əhval-ruhiyyə ilə qarşılayır. 

  Sonuncu çərşənbə olan Torpaq isə xüsusilə fərqlənir.

  Torpaq insan yaradılışının əsas maddi əsası olmaqla bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.

  Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır. 

  İlaxır çərşənbə arzularınızın reallaşmasının başlanğıcı olsun! Bayramınız mübarək!

   Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir.

  Şərqin Yeni ili - Novruz Bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.
 



Әlaqәli Xәbәrlәr