TÜRKSOY-un müqəddəs yolu və Azərbaycan
Ankarada Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə TÜRKSOY-un binasında ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib
Ankarada Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə TÜRKSOY-un binasında ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib.
Azərbaycan və Türkiyədən millət vəkilləri, diplomatik korpus nümayəndələri, dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə həsr olunmuş foto və kitab sərgisinin açılışı ilə başlayıb. İştirakçılara H.Əliyevin mənalı həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.
Tədbirdə nümayiş etdirilən qısa filmdə Heydər Əliyevin TÜRKSOY-la bağlı fikirləri və təşkilatla keçirtdiyi görüşlər əksini tapıb.
TÜRKSOY-un baş katibi Sultan Rayev açılış çıxışı edərək Azərbaycan dövlət başçısının TÜRKSOY-un yaranmasında rolu və təşkilata göstərdiyi xüsusi diqqətdən danışıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolundan, Azərbaycan dövlətçiliyinin yaranmasındakı xidmətlərindən danışaraq ulu öndərin türkdilli dövlətlərlə əməkdaşlığa verdiyi xüsusi diqqəti vurğulayıb.
H.Əliyev haqqında xatirələrini bölüşən Ankara Universitetinin rektoru Necdət Ünüvar ümummilli liderlə görüşləri zamanı onun Türkiyəyə olan sevgisinə yaxından şahid olduğunu qeyd edib. Rektor Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun universitetin həyətində əkdiyi ağacın dibinə Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş torpaqların səpildiyini bildirib.
Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu tədbirdəki çıxışında H.Əliyevin XX əsrdə Azərbaycan mədəniyyətinin formalaşmasına verdiyi töhfədən danışıb.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım iki qardaş dövlətin münasibətlərinin strateji müttəfiqlik səviyyəsindən qürurla bəhs edib, 44 günlük Vətən Müharibəsində (İkinci Qarabağ Müharibəsi) Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi vurğulayıb, Türkiyənin hər zaman Azərbaycanla bərabər olacağını bildirib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar ulu öndərin liderlik keyfiyyətləri, Vətən sevgisi, xalqa bağlılığından bəhs edərək onun türk dövlətlərinin birliyinin əsasını qoyduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Heydər Əliyevin hələ SSRİ rəhbərliyində olduğu dövrdə türk respublikalarında elm, mədəniyyət və təhsilin inkişafı üçün gördüyü işlərdən danışıb, onun yalnız Azərbaycanda deyil, bütün türk dünyasında xalq məhəbbəti qazandığını qeyd edib.
Çıxışlardan sonra TÜRKSOY-un yaranması və fəaliyyətindən bəhs edən "TÜRKSOY’un kutlu yolu" adlı kitabın təqdimatı keçirilib. Müəllif Sabir Şahtaxtı çıxış edərək kitabın ərsəyə gəlməsi prosesi barədə məlumat verib. Qeyd edib ki, kitab TÜRKSOY-a xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyevin sözləri ilə başlayır.
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu TÜRKSOY-un türk dövlətləri tərəfindən yaradılmış ilk təşkilat olduğunu diqqətə çatdırıb və bu təşkilatın uğurunun türk dövlətlərinin digər təşkilatlarının yaranmasına gətirib çıxardığını bildirib.
Tədbirin sonunda fəxri fərmanlar və Sabir Şahtaxtıya adıçəkilən kitaba görə TÜRKSOY-un təsis etdiyi "Əhməd Cavad-130" medalı təqdim edilib.
Әlaqәli Xәbәrlәr
İtkin düşən tablo 83 il sonra əsl sahiblərinin nəvələrinə qaytarıldı
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) verdiyi məlumata görə ...