“Anadolu bəbiri” Çində

“Anadolu bəbiri” filmi Ankara zooparkının müdirinin nəsli kəsilməkdə olduğu üçün qoruma altında saxlanılan Anadolu bəbirinin ölümünü gizlədərək zooparkın bağlanmasının qarşısını almaq üçün göstərdiyi səydən bəhs edir

1867899
“Anadolu bəbiri” Çində

 

  Türkiyəli rejissor Əmrə Kayışın 2021-ci ildə çəkdiyi “Anadolu bəbiri” (Anadolu Leoparı) filmi Çində keçirilən XII Pekin Beynəlxalq Film Festivalının (BJIFF) müsabiqə bölməsi üçün seçilib.

  13 avqustda başlayan festivalda 14 ölkədən 16 film "Tientan" (Göy məbədi) mükafatı uğrunda mübarizə aparacaq.

  Yarışma hissəsində "Anadolu bəbiri" üç fərqli kinoteatrda nümayiş olunur. Müsabiqə kataloqunun yuxarı hissəsində təqdim olunan və Çinin “Xinhua” informasiya agentliyinin festivalla bağlı xəbərlərinə daxil edilən film mükafatlara güclü namizədlər sırasındadır.

  Çin kinoaktyoru Li Şuecienin sədrlik etdiyi 7 nəfərlik münsiflər heyəti festivala təqdim olunan filmləri "Ən yaxşı film", "Ən yaxşı rejissor", "İncəsənətə töhfə", "Ən yaxşı aktyor", "Ən yaxşı aktrisa", "Ən yaxşı ikinci plan aktyoru", “Ən yaxşı ikinci plan aktrisası”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi” və “Ən yaxşı musiqi” kateqoriyaları üzrə seçəcək.

  Mükafatlar avqustun 20-də keçiriləcək mərasimdə öz sahiblərinə veriləcək.

  Baş rollarda Uğur Polat və İpek Türktanın çəkildiyi “Anadolu bəbiri” filmi Ankara zooparkının müdirinin nəsli kəsilməkdə olduğu üçün qoruma altında saxlanılan Anadolu bəbirinin ölümünü gizlədərək zooparkın bağlanmasının qarşısını almaq üçün göstərdiyi səydən bəhs edir.

  Qeyd edək ki, “Anadolu bəbiri” 2021-ci il Toronto Beynəlxalq Film Festivalında Beynəlxalq Kino Tənqidçiləri Assosiasiyası (FİPRESCİ), 2021-ci ildə Antaliya Film Festivalında isə “Ən yaxşı ilk film” mükafatlarını qazanıb.

 



Әlaqәli Xәbәrlәr