Varşavada 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşada fəaliyyət göstərən Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Varşava şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş konsert proqramı keçirilib

1730519
Varşavada 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert

 

  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşada fəaliyyət göstərən Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Varşava şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş konsert proqramı keçirilib. Tədbirdə Polşa Seyminin Polşa-Azərbaycan parlamentlərarası işçi qrupunun sədr müavini Zbiqnev Qirzinski, Polşanın rəsmi dövlət orqanlarının nümayəndələri, Varşavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan səfirliyinin və Polşadakı Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları və Polşanın ictimai televiziyasının (TVP) ingilis dilli verilişlər bölməsinin rəhbərliyi və çəkiliş heyəti iştirak edib.

  Polşa Azərbaycanlıları Şurasının kordinatoru, Vrotslav Universitetinin müəllimi İlahə Kərimovanın aparıcılığı ilə keçirilən tədbiri çıxış sözü ilə Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli açıb. Diaspor rəhbərinin müraciəti ilə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir anlıq sükutla yad edilib. Daha sonra o, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, ölkəmizin bundan sonra daha möhkəm və güclü olacağı barədə iştirakçılara fikirlərini bildirərək hər bir azərbaycanlını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

  Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bu ölkədə yaşayan soydaşlarımızın iki dost ölkəmiz arasında dəyərli körpü rolunu oynamasından fəxr etdiyini bildirib, Polşa Azərbaycanlıları Şurasına bu tədbirin təşkili üçün minnətdarlıq edib. Səfir 8 noyabr tarixində Azərbaycanda Zəfər Gününün qeyd edildiyini bildirərək, 2020-ci il noyabrın 8-də Qarabağın mirvarisi, ölkəmin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 28 illik işğaldan sonra azad edilməsi ilə müharibənin taleyində həlledici rol oynadığını xüsusilə vurğulayıb. Daha sonra xanım səfir Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişəyə son qoyduğunu, regionda kommunikasiyaların açılmasına təkan verdiyini və münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya prosesinin yeni mərhələyə qədəm qoymuş regionumuzda davamlı sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün unikal imkan yaratdığını qeyd edib.

  Səfir bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücü, əzmi və rəşadəti ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək kimi tarixi missiyanı yerinə yetirib.

  Çıxışdan sonra Fərhad Qarayusiflinin rəhbərlik etdiyi orkestrin ifası ilə konsert proqramının birinci hissəsi başlayıb. Konsertdə bəstəkarlar Edvard Qreq, Yan Sibelius, Leriy Anderson, Volfqanq Amadeus Motsart, Frederik Şopen, Dmitri Şostakoviç, Frank Bricin əsərləri səsləndirilib.

  Birinci hissəsinin sonunda qonaqlar Azərbaycan şirniyyat nümunələrindən və şərablarından ibarət süfrəyə dəvət olunublar.

  Fasilədən sonra çıxış üçün söz Azərbaycan Milli Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Şəhid Ramiz Cəfərovun qızı Nigar Cəfərovaya verilib. O, bu günün Zəfər Günü olması ilə yanaşı mərhum atasının şəhidlik zirvəsinə ucalmasının ildönümü olduğunu bildirib. N.Cəfərova şəhid atasının keçdiyi şərəfli həyat yolu barədə qısa məlumat verib, həm atasının həm də Vətən müharibəsinin bütün şəhidlərinin əliboş deyil, şərəfli adla, Vətəni yaşatmaq üçün bu dünyadan köçdüklərini qeyd edib. Sonda Nigar bildirib ki, o xalq sevinməlidir ki, onun tarixində belə böyük Zəfər var. “Kökünə bağlı olan xalqı, Vətənini sevən milləti məğlub etmək mümkün deyil”.

  Çıxışdan sonra konsertin ikinci hissəsində Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Vüqar Məmmədzadə, Aqşin Əlizadənin əsərləri səsləndirilib.

  Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib.

 

Mənbə: Azərtac informasiya agentliyi



Әlaqәli Xәbәrlәr