Türkiyədə Elçibəy haqqında ilk dəfə mahnı yazıldı, klip hazırlandı

Həyatını Türk dünyasına həsr etmiş, millətini böyük eşqlə sevən, hər zaman mübarizələr içində olan Əbülfəz Elçibəyin xatirəsini yad etmək üçün Türkiyədə ilk dəfə bir mahnı yazıldı və klipi hazırlandı

1661231
Türkiyədə Elçibəy haqqında ilk dəfə mahnı yazıldı, klip hazırlandı

 

  Türk dünyasının dahi şəxsiyyətlərindən biri, Azadlıq Hərəkatının lideri və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy.

  Həyatını Türk dünyasına həsr etmiş, millətini böyük eşqlə sevən, hər zaman mübarizələr içində olan Əbülfəz Elçibəyin xatirəsini yad etmək üçün 24 iyun anadan olduğu gün münasibətilə Türkiyədə ilk dəfə bir mahnı yazıldı və klipi hazırlandı.

  Layihənin prodüsseri Siyasət Alim və araşdırmaçı-jurnalist Aynur İmranın əməyi ilə ərsəyə gələn mahnının sözləri Mirzə Sakit, musiqisi ozan Kaya Kuzucuya məxsusdur. Sərdar Çiləkarın rejissorluğu ilə hazırlanan və Elçibəy sevənlərə təqdim olunan klip Eskişehir Azərbaycanlılar Dərnəyinin youtube kanalından yayımlanır.

https://www.youtube.com/watch?v=B0P6SPJF6PA&ab_channel=Eski%C5%9FehirAzerbaycanl%C4%B1larDerne%C4%9Fi

  Sözügedən kliplə bağlı Aynur İmran deyib: “Elçibəyin yaxınlaşan ildönümü (24 iyun) həftəsində könül borcu bilərək Türkiyədə ilk dəfə onun haqqında belə bir layihə gerçəkləşdirdik. Bu səpkidə milli layihlələrimizin ardı var. Sırada gələn işimiz sənədli filmdr.”

  Xatırladaq ki, Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev, 24 iyun 1938 – 22 avqust 2000) Azərbaycanlı dövlət, siyasi və ictimai xadim, şəqrşünas alim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidentidir (1992–1993).

  Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk president Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.

  Hələ tələbəlik illərindən (Azərbaycan Dövlət Universiteti Şərşünaslıq fakültəsi) sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndəri idi. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).

  8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.

  Siyasi lider olmaqdan başqa o, həm də Azərbaycanın böyük şərqşünas alimlərindən biri idi.  Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib.

  Alim və siyasi xadimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları - "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.



Әlaqәli Xәbәrlәr