18 May – Beynəlxalq Muzeylər Günüdür

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir

1640852
18 May – Beynəlxalq Muzeylər Günüdür

 

 Muzeylər dünyada mədəni proseslərin fəal iştirakçısına, eyni zamanda, qloballaşmanın mənfi nəticələrinə qarşı dura bilən mədəniyyət ocaqlarıdır.

  Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

  Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda bayram edilir. Ölkədə muzey işinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, Muzey İşi üzrə Elmi-Metodiki Mərkəz, Muzey Ekspozisiyalarının Bədii Tərtibatı Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa Mərkəzi təşkil olunub. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial – xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz məhrum dövlət başçısı Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb.

  2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

  Azərbaycan milli-mədəni irsinin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

  Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

  Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər ölkə muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.



Әlaqәli Xәbәrlәr