Onun adı Aytacdır

TRT\Azerbaycan saytı bu istedadlı Azərbaycan gənci ilə maraqlandı və onu tanıtmaq istədi

1624989
Onun adı Aytacdır

 

  Onun adı Aytac Talışinskidir. 12 yaşındadır. Türkiyənin İzmir şəhərində anadan olub. Azərbaycanlıdır. Beynəlxalq Turk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi “Dünyamızı qoruyaq: türk dünyasının adət-ənənələri” rəsm müsabiqəsində Bilik nominiasiyasının qalibi olub və “Türk adət-ənənələri” xüsusi mükafatına layiq görülüb.

  TRT\Azerbaycan saytı bu istedadlı Azərbaycan gənci ilə maraqlandı və onu tanıtmaq istədi.

  Hal-hazırda Bakıda yaşayan Aytac Talışinski Baki Modern Beynəlxalq Məktəbinin 7-ci sinfində ingilis dilində təhsil alır. Bu fürsətdən yalnız xarici müəllimlərindən müasir elmi öyrənmək üçün deyil, həm də Azərbaycan milli mentaliteti və mənəvi dəyərlərini izah etmək üçün istifadə edir. Əcnəbilərə Azərbaycan mədəniyyətini, rəssamlarını, bəstəkarlarını və mətbəxini tanıtdırmağa çalışır.

  Parlaq alim, şair, mütəfəkkir, hökmdar, sərkərdə və qəhrəmanlarla dolu Azərbaycan-türk tarixi həqiqətlərini sərbəst mövzulu inşalarda hər zaman işıqlandırmaq istəyən Aytac özü bu barədə belə deyir: “Bizim müqəddəs Azərbaycan bayrağımız bir tərəfdən Türk dünyası, bir tərəfdən İslam aləminə mənsub olduğumuzu izah edir. Mən bununla fəxr edirəm və hər iki əcdadlarıma layiq olmağa çalışıram. Əminəm ki, həqiqi intellektual tərəqqinin yeganə yolu bu düsturdur: keçmişi nə qədər dərin və geniş bilsək, o qədər də gələcəyimiz üçün daha dəqiq və uzaqgörən olarıq.”

  Bilik yarışlarında iştirak edən, qalib olan, ixtiralar axtarışında olan Aytac Talışinskinin həm də gözəl əl qabiliyyəti – rəssamlıq istedadı var. Çəkdiyi son şəklin fəsləsəfini müəllif belə acır: “Rəsmimdə sadəcə alimlərin görə bildiyi düşmən üzərində türk adətlərinin sütunlarına söykənərək qələbə qazanmağı təsvir etməyə çalışdım. Əvvəlcə rəsmi milli simvollarımızdan sayılan 8 güşəli ulduz üzərində onları yerləşdirdim. Sonra bu ulduzun hər güşəsində onəmli bir istinad təqdim etmək istədim. Onlar aşağıdakı kimi sıralanıb: ən üstdə bir neçə qədim və müasir məşhur alimlərimiz və onların bəzi ixtisaslara, habelə tibb və robotik mühəndisliyə tövhələri əks olunub. Solda dünyanın ilk monoteistik dini olan Türk Tanrıçılığı, sağda 90 faiz türkün işıqlı İslam dini, daha sonra tariximizin həm daş, həm kağız yaddaşından bəzi məqamları göstərdim. Qarabağın Azıx mağarasındakı ən az 300 min il yaşında alt çənə sümüyündən tutmuş türk damğalarıyla zəngin Göbəkli təpənin təqribi 10.000 il yaşı olan fantastik arxitekturasına qədər, ilk türk ensiklopediyası sayılan “Divani-Lüğəti-Türk”dən digər çeşidli məşhur eposlarımıza qədər rəsm etdim. Bundan başqa çalışdım ki, “Covid-19” karantini dövründə xüsusi önəm kəsb edən spesifik adətlərimizi ştrixə alım, yəni valideynlərimizə və yaşlılarımıza hörmət, diqqət, düzgün gigiyena, təbiətin bütün təzahürünə hörmət, ətraf mühitə, heyvanlara, bitkilərə məhəbbət və s.

  Düşünürəm ki, türk elləri müasir dronların ”icma zəkası” şəklində iş birliyi içində olsalar, bütün sahələrdə uğur eldə edə bilərlər, həm yerli ölçüdə, həm qlobal. Əminəm ki, öz ənənələrimizə sadiq qalsaq və dəyərli kitablar sevdiklərimiz olsa, koronavirusu asanlıqla çatladıb sındıra bilərik və tac sadəcə bizə məxsus olacaqdır!

  Ümumilikdə isə doğma Qarabağa - Azərbaycan və türk dünyasının incilərindən olan Şuşamıza yenidən qovuşmağımız özü də bir növ həmrəylimizin nələrə qadir olduğunu sərgilədi.

  Bunlarla birgə, rəsimdə çalışdım vurğulayım ki, Azərbaycan hökuməti bu məsələlərdə ən kiçik məqamlara qədər belə diqqət yetirir, Qobustandaki heroqliflər və Orxon abidələrindəki runik mətnləri 5 manatlıq əsginazlarımızda təsvirindən tutmuş paytaxt Bakımızın mərkəzində Dədə Qorqud parkı və heykəli ucaldılmasına qədər”.

  Aytac Talışinskinin həyatında sevindirici hadisələrdən biri də o olub ki, yaxınlarda Türkiyənin tanınmış tarixçisi İlber Ortaylı ona kitabını hədiyyə edərək bu sözləri yazıb: “Sevimli Aytaca türk dünyasında faydalı alim olmaq diləyi ilə.” 

  Aytac bu diləyin real həyata keçməsi üçün əzmlə çalışaraq arzusuna və bu istəklə də Azərbaycan xəzinəsinə bir töhfə verəcəyinə inanır.



Әlaqәli Xәbәrlәr