18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günüdür

Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur

1622919
18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günüdür
İçərişəhər_Bakı.jpg

 

  Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

  Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar.

  Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə Azərbaycanın bəxti gətirib. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalar, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələri, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlar, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələri bu qəbildəndirlər.

  28 il işğal altında olan, 44 günlük İkinci Qarabağ Müharibəsi (27 sentyabr 2020 — 10 noyabr 2020 (1 ay 2 həftə) nəticəsində sonra azad edilən əhəmiyyətli mədəni-tarixi abidələrimiz – Azıx və Tağlar mağaraları da dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilir.

  Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri aparılıb.

  2002-ci ildə Azərbaycan Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunub.

  Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilib.



Әlaqәli Xәbәrlәr