Yel çərşənbəniz mübarək!
Novruz bayramının əsas atributlarından olan çərşənbələrin üçüncüsü – Yel çərşənbəsi 2021-ci ildə 9 martına təsadüf edir
Qədim zamanlardan Novruzun gəlişi - əmək mövsümünün başlanğıcı olaraq insanları sevindirir.
Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən
- birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”,
- ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”,
- üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”,
- dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.
Qədim etiqadlara görə, son ayın hər həftəsində bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır.
İlaxır çərşənbənin üçüncüsü olan Yel çərşənbəsi zamanı yel, yəni külək artıq azacıq oyanmış torpağı, təzəcə pöhrələnmiş gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Ona görə də xalq arasında o həm də “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır.
Yel Çərşənbəsi ilə əlaqədar çox sayda inanclar, sınamalar, ataalr sözləri, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Yellə bağlı inanclar:
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa, diləyin yerinə yetər.
Yellə bağlı atalar sözləri:
Yelə tüpürsən, öz üstünə qayıdar.
Yel qayadan nə aparar?
Yellə gələn sellə gedər.
Yel əsib, qoz tökülüb.
Yellə bağlı tapmacalar:
Hər yan ələk–vələkdir,
İsti tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Yel çərşənbəniz mübarək, əziz Azərbaycan xalqı!