Novruz çərşənbələrinin ilki - Su çərşənbəniz mübarək!
Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsi 2021-ci ildə 23 fevrala təsadüf edir
Novruz sözünün mənası “yeni gün”dür. Qədim zamanlardan Novruzun gəlişi - əmək mövsümünün başlanğıcı olaraq insanları sevindirir.
Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsi 2021-ci ildə 23 fevrala təsadüf edir.
Azərbaycan xalqı öz bayram adət-ənənələri, ayin və mərasimlərini nəsildən-nəslə ötürərək günümüzədək yaşadıb.
Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən
- birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”,
- ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”,
- üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”,
- dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.
Çərşənbə “çəhar şənbə” sözlərindəndir və hərfi tərcüməsi “dörd şənbə” deməkdir. (“Çehar” 4 deməkdir.)
Şənbənin altıncı gün olduğunu bilirik. Bu da dünyanın altı gündə yaradıldığı və ən sonda insanın yaradılması haqqında dini bilgilərlə əlaqəli görünür. Dünyanın altı gündə yaradılması “şənbə”ni, dünyanı yaradan dörd ünsürün – suyun, odun, havanın və torpağın da “şənbəlik” həftə sistemində yaradılması “çərşənbə”ni (dörd şənbə) müqəddəsləşdirir. İstər ilkin kosmoqoniya, istər xalq təqvimi, istərsə də dini bilgi kimi bu fikir özünü doğruldur.
Qədim etiqadlara görə, son ayın hər həftəsində bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır.
İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır.
Xalq arasında Su Çərşənbəsi “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.
Əzəli inamlardan bəri su sağlamlığın mənbəyidir. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, evə sərin, şirin su gətirilir, evin ətrafına çilənir, hər kəs əl-üzünü yuyur, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə də bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. “Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar” da deyirlər.
Xalqın inamına görə, Su Çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Su çərşənbəsi ilə əlaqədar çox sayda inanclar, sınamalar, ataalr sözləri, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Su ilə bağlı sınamalar:
İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.
Çərşənbədə evə süpürgə çəkmək olmaz.
Su ilə bağlı inanclar:
Süfrəyə su dağılması aydınlıqdır.
Su içən adamı qəfil vurmazlar.
Su içən adamı danışdırmazlar.
Lal axan sudan keçməzlər.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxan adamın arxasınca su atarlar.
Odu su ilə söndürmək günahdır.
Su ilə bağlı atalar sözləri:
Suyun lal axanı, adamın yerə baxanı.
Su bir yerdə qalanda iylənər.
Su gələn arxa bir də gələr.
Su səhəngi suda sınar.
Su murdarlıq götürməz.
Su ilə bağlı türkəçarələr:
Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar.
Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər.
Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.
Su ilə bağlı alqışlar:
Qamən axan görglü suyun qurumasın!
Qara başım qurban olsun, suyum, sana!
Su ilə bağlı tapmacalar:
Ay gedər, ha il gedər,
Gecə gündüz yol gedər.
Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Su Çərşənbəniz mübarək, əziz Azərbaycan xalqı!
P.S: Şəkildə Azərbaycan Respublikasının Astara şəhərinin Pəlikəş kəndidir.