Türkiyədə Fondlar Həftəsi

11-17 may tarixlərini əhatə edən Fond Həftəsinin builki şüarı “Fond mədəniyyətində şəfqət və mərhəmət”dir

1416431
Türkiyədə Fondlar Həftəsi

 

  Yardım fondları - xeyriyyə cəmiyyətləri mədəniyyətində şəfqət və mərhəmət

  Ənənəvi olaraq may ayının ikinci həftəsi Türkiyədə Fondlar Həftəsi (Vakıflar Haftası) qeyd olunur. Bununla əlaqədar hər il paytaxt Ankaradan tutmuş Türkiyənin digər şəhərlərinəcən canlı bağlantı qurulur, ölkə prezidentinin də iştirak etdiyi möhtəşəm tədbirlər keçirilirdi. Dünyada baş verən qlobal epidemiya şəraitində builki tədbirlər necə təşkil olunur? Bu və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı Türkiyə respublikası Fondlar Baş İdarəsinin (Vakıflar Genel Müdürlüğü) direktor müavini Rifat Türker dedi:

- Türkiyədə bu il də Fond Həftəsi qeyd ediləcək, amma məlum vəziyyətə görə fərqli şəkildə. Bir neçə gün əvvəl Fondlar Baş İdarəsinin direktoru Burhan Ersoy sosial media üzərindən Fond Həftəsi ilə əlaqədar mesaj paylaşdı, tədbirlərin xeyir-duasını verdi və bildirdi: “Məqsəd yüz illər boyu bizə əmanət edilən və bu gün əhəmiyyətini daha yaxşı anladığımız yardımlaşma və qarşılıq gözləmədən yaxşılıqetmə konsepsiyalarının təməlini təşkil edən fond faktoru şüurunu həmişə canlı saxlamaqdır”.

  11-17 may tarixlərini əhatə edən Fond Həftəsinin builki şüarı “Fond mədəniyyətində şəfqət və mərhəmət”dir. Dünyada baş verən qlobal epidemiya ilə əlaqədar əvvəllki illərdən fərqli olaraq bu dəfə bayram həftəsi sosial media və kütləvi informasiya vasitələri üzərindən qeyd ediləcək. Yəni xüsusi proqram və ya tədbir planlaşdırılmır. Belə ki, direktorumuz Burhan Ersoyun mesajı səslənəcək, Türkiyə fondlarının il boyu gördüyü işlər, həyata keçirilən layihələr radio, televizya və sosial media vasitəsilə yayımlanacaq. Türkiyənin digər şəhərlərindəki fond idarələrimiz də ictimai media üzərindən çanlı bağlantılar quracaq. Biz həm də xeyriyyə cəmiyyətlərinin tarixi və fond mədəniyyəti haqqında insanlara maarifləndirici məlumatlar çatdıracağıq. Bu yerdə qeyd edim ki, Türkiyə Fondlar Baş İdarəsi 1935-ci ilin 5 iyulunda qurulub. Ondan sonra ölkədə yaranan bütün fondların idarə olunması bu quruma verilib. Fondlar təhsil, səhiyyə, yoxsul və evsizlərə yardım və xidmət göstərən təşkilatlardır, hər sahədə olduğu kimi, Türkiyənin sosial, iqtisadi və mədəni baxımdan möhkəmlənməsi və müdafiəsində təsirli rola malikdir. Ümumiyyətlə, Türkiyədə vakıf, yəni fond İslam inancından gələn gözəl və xeyirxah bir adətdir.

  Anadolu Səlcuq hökmdarı Sultan Alp Arslan tərəfindən 1071-ci ildə fəth edilib. Amma bu tarixdən əvvəl də bu ərazidə xeyriyyə cəmiyyətləri olub. İlk belə qurum 1048-ci ildə Ərzurumda yaradılıb. Biz Türkiyə ərazisində bütün fondların tarixini loqomuzda əks etdirmişik.

  Səlcuqlar və Osmanlı dövrlərində sultanların, şahzadələrin, xanımlarının da vakıfları – xeyriyyə qurumları olub. O zamanlar təhsil, səhiyyə, yol xidmətləri və digər işlər məhz bu fondların vasitəsilə həyata keçirilirdi. Bu ənənə indi də davam edir.

  Türkiyədə fondlara aid 17 min mədəniyyət abidəsi və tarixi tikili var. Qədimdən bu günə qədər ölkə ərazisində 52 min fond qurulub ki, bunlardan yalnız 3-4 mininin mal varlığı (məscid, mədrəsə binası və s.) qalıb. Qalanları zaman içində itib-gedib. Türkiyə respublikasının bütün fond mal varlığı Fondlar Baş İdarəsi (Vakıflar Genel Müdürlüğü) tərəfindən idarə edilir.

  Fondların fəaliyyəti Türkiyədə “akar” və “hayrat” adlanmaqla iki yerə bölünür. Birinci fəaliyyətdə fonda pul gəlir, ikincidə isə bu pul xeyriyyə işlərinə xərclənir. Yəni maddiyyat olmadan fond qurmaq mümkün deyil.

  Məlum olduğu kimi, hər dövlət və cəmiyyətin özünəməxsus kimliyini formalaşdıran mədəniyyəti, adət-ənənəsi və qaydaları var. Bunları digər ölkə və xalqlara tanıtmaq məqsədilə arxivlər, muzeylər, arxeoloji sahələr və kitabxanalar qurulur. Fondların bir işi də qədim tarixi abidələri bərpa etməkdir. 2003-cü ildən bəri Türkiyədə fondlara aid 17 min tarixi mirasdan 5 mini Fondlar Baş İdarəsi tərəfindən restavrasiya olunub: İstanbuldakı Fatih məscidi, Ankaradakı Hacı Bayram məscidi və sair. Tarixi əsərlər bizə ata-babalarımızdan qalan əmanətdir. Bizim vəzifəmiz bu əmanəti gələcək nəsillərə salamat ötürmək, uşaq və gənclərə hər mənada şərəfli keçmişimizi göstərməkdir.

  Türkiyədə olan ən mühüm arxivlərdən olan Uyğur, Səlcuqlu, Osmanlı və ölkə ərazisində bunlardan əvvəlki mədəniyyətlərə aid fondlara dair dəftər və sənədlər də 1936-cı ildən Fondlar Baş İdarəsinə verilib ki, bunlar cəmiyyətin həyat tərzi, dini inancları, təhsili, səhiyyəsi, sosial xidmətlər və mədəni tədbirlərilə bağlı araşdırma aparanlar üçün ən qiymətli qaynaqlardır.



Әlaqәli Xәbәrlәr