Səni gözlər türk elləri, dədəm, yolun açıq olsun!

Gənc şair Zaur İlhamoğlu TRT/Azerbaycan saytı ilə əlaqə saxlayaraq Türkiyədə Azərbaycan dilində dövlət saytı və TRT “Türkiyənin səsi” radiosunun Azərbaycanca da yayımlanmasından qürur duyduğunu dilə gətirdi, bir neçə şeirini ərməğan etdi

1390836
Səni gözlər türk elləri, dədəm, yolun açıq olsun!

 

  Müxtəlif mövzuları qələmə alan gənc şairin şeirləri Azərbaycanın müxtəlif qəzet, jurnal və almanaxlarında, eləcə də Türkiyənin “Kumru”, “Dərgihan”, Təbrizin “Ədəbi körpü” şeir-sənət dərgilərində və “Sancaq” qəzetində dərc olunub. 2019-cu ilə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən vətənpərvərlik mövzusunda yazdığı şeirlərinə görə “İlin vətənpərvər şairi” media mükafatına layiq görülüb. “Bu həyat dediyin...” şeirlər kitabının müəllifidir.

  Gənc şair Zaur İlhamoğlu (Cəfərov) TRT/Azerbaycan saytı ilə əlaqə saxlayaraq Türkiyədə Azərbaycan dilində dövlət saytı və TRT “Türkiyənin səsi” radiosunun Azərbaycanca da yayımlanmasından qürur duyduğunu dilə gətirdi, bir neçə şeirini ərməğan etdi ki, onlardan “Yaşamaq” və “Salam, Dədə” şeirlərini oxuculara təqdim edirik.    

Zaur İlhamoğlu: “Yaşamaq. Bu əbədi mövzu məni də həmişə düşündürüb. İnsanın anadan olandan ölənə qədər keçdiyi ömür yoluna “yaşamaq” deyirik. Yaşamağın anlamı insana görə dəyişir. Dünyanın bütün şair və yazıçıları bu mövzunu öz düşüncə bucağından sətirlərə töküb. Bəs “Mənim üçün yaşamaq nədir? Yaşamağın mənası varmı? Necə yaşamalısan?” kimi beynimdə dolanan suallara tapdığım cavabları “Yaşamaq” şeirimdə əks etdirməyə çalışdım”.     

          YAŞAMAQ

Bir dəfə gəlirik bu dünyaya biz.

Ömrün başlanğıcı gəldiyimiz gün.

Kiminə uzundur, kiminə qısa.

Bu həyat verilir yaşamaq üçün.

Hər kəsin öz yolu, öz dünyası var.

Həyatı özünə düşünənlər var.

Yaşayıb kimisə yaşatmaq üçün

Ürəyi köksündə döyünən də var.

Yalnız özü üçün yaşamaq, məncə,

Sadəcə boş ömrün boş zamanındır.

Başqa dəyərləri dəyərləndirən,

Yaşadan yaşayır həyatda ancaq.

Eybi yox, ömür sür bənövşə kimi.

Ətrin ruh oxşasın, yaşasan da az.

Yoxsa ki ətirsiz, gərəksiz kimi

Qanqal ömrü sürmək ömür sayılmaz.

Bir gün "Nə etmisən?" deyə vicdanın

Sənə sual verib hesab çəkəcək.

Bax, onda sürdüyün mənasız ömür

Vicdan qarşısında əzab çəkəcək.

Xoşbəxt o kəsdir ki, ömür yükünü

Sonadək qürurla daşıya bilir.

Xoşbəxt o kəsdir ki, öləndən sonra

Çoxunun qəlbində yaşaya bilir.

Bədbəxtlik o deyil, hansısa yaşda

Əcəl tamam ola, ömür qalmaya.

Bədbəxtlik odur ki, qəbrinin üstə

Səni yad edəsi adam olmaya.

  “Salam, Dədə” Turançılıq-Türkçülük mövzusunda yazdığım şeirlərdən biridir. Mənim üçün hər şeydən öncə millətim, vətənim, xalqım, yurdumdur. Kökümə, soyuma çox bağlıyam. Bu gün bütün türklərin vəziyyəti mənə bir türk övladı kimi təsir edir. Axı biz məzlum, məğlub, əsirlikdə böyüyən millət deyilik. Qərbdən Şərqə böyük bir dünyaya hökmranlıq etmiş imperatoruluqlarımız olub. Ag Hun imperiyasından tutmuş Göytürklər, Teymurlar, Böyük Moğollar, Osmanlılar, Səfəvilər kimi qüdrətli dövlətlərin parçalanması gedir. Bir olmaq, birləşmək, yenidən dünyada öz sözümüzü demək üçün bütün türklərin ağsaqqalı, yol göstərəni Dədə Qorquda üz tutdum, sanki onunla söhbət etdim. Ümid edirəm ki, elə bir gün gələcək, biz Böyük Turan Birliyini quracaq, yenidən dünyanın ən güclü milləti olacağıq.

                                   SALAM, DƏDƏ!

Harda idin?

Görünmürdün nə zamandır?

Sən gedəli nələr olmuş, bilirsənmi?

Türk elləri yasa batmış, pərişandır.

Sən gedəli atəş düşdü:

Canımızı od götürdü, yandıq, yandıq,

Sən gedəli hissə-hissə parçalandıq.

Boz Qurdu da hürkütmüşük, gəlmir daha.

Gözyaşıyla oyanır türk hər sabaha.

Bir vaxt türkün aman verib buraxdığı

İndi qanlı tarix yazır bu gününə.

Bir vaxt türkün qorxusundan

"Çin səddi"ni yaradanlar

İndi sənin fərman verir ölümünə.

Bağlarında ağac-ağac meyvələri yadlar dərir.

İndi Qaraca Çobanlar

Dərbəndimdə qoyununa baxmaq üçün

Yadelliyə rüsüm verir.

Bamsı Beyrək qılıncının altından keçən

Yalıncıqlar sultan olmuş.

Görürsənmi nə qəribə dövran olmuş?

Dinlədikcə ağlayırsan,

Ağla, dədə!

Ağla! Türkmən dağlarında yetim qalmış

Körpələrə ağla, dədə!

Kərküklərdə viran olmuş

Ailələrə, zümrələrə ağla, dədə!

Bir olmayan altı dövlət,

Türk elinə ağla, dədə!

Yad bayrağı dalğalanan

Zirvələrə ağla, dədə!

Yadellinin dağlarımda çapdırdığı

Altunlara baxıb ağla.

Qaradonlu kafirlərin alıb əsir apardığı

Neçə Burla Xatunlara baxıb ağla.

Sənin yadigar qoyduğun,

İndi çilik-çilik olmuş

qopuzları görüb ağla.

Qıpçaq Məlik zindanında əsir qalan

Uruzları görüb ağla.

Pərən düşən tayfaları:

Qıpçaqları, uyğurları, oğuzları görüb ağla.

Qopuzunu əlinə al,

Boylar denən!

Dolaş Turan ellərini

Oba-oba, mahal-mahal,

boylar denən!

"Xudafərin körpüsü"nün üstündə dur,

Bir boy boyla!

Qoy yayılsın o gur səsin

Savalanın zirvəsinə.

Qoy oyansın anam Təbriz gur səsinə.

Təkə-Türkmən ellərində boylar denən,

Bir də gəlsin ötən çağlar.

Uzaq Sibir çöllərində boylar denən,

Geri qayıtsın qıpçaqlar.

Bəlkə “Dədəm gəldi” deyib,

Türk elləri oyanacaq.

Səni görüb türk qəlbində

Yurd sevgisi yaranacaq.

Get, ey dədəm, get, dayanma,

Qoy Günəşin şüaları   

yollarına işıq olsun.

Səni gözlər türk elləri.

Dədəm, yolun açıq olsun!

  Qeyd edək ki, Cəfərov Zaur İlham oğlu 1984-cü il avqustunda Azərbaycanın Şəki şəhərində anadan olub. 2001-ci ildə orta məktəbi Şəki şəhər Fizika-Riyaziyyat və Hümanitar təmayüllü litseydə başa vurub. 2001-2005-ci illərdə  Azərbaycan Müəllimlər İnstitununun Şəki filalında ali təhsil alıb. İxtisasca filoloqdur. Bədii yaradıcılığa erkən yaşlarından başlayıb. Ailəlidir bir qızı, bir oğlu var.



Әlaqәli Xәbәrlәr